RU

Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda logistika mərkəzlərinin inkişafını stimullaşdıracaq

Bakı, 3 aprel, AZƏRTAC

Zəngəzur dəhlizi Azərbaycanın Avropa ilə Asiya arasındakı körpü rolunu daha da etibarlı edəcək və dayaqlarını gücləndirmiş olacaq.

Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov AZƏRTAC-a açıqlamasında bildirib ki, dəhliz Avrasiya məkanında nəqliyyat və logistika marşrutlarının şaxələndirilməsi baxımından mühüm strateji əhəmiyyətə malikdir.

“Nəzərə alsaq ki, ölkəmizin yeni iqtisadi reallıqları xüsusilə də, bu marşrutun daha dayanıqlı təminatına zəmin yaradır, onda bu dəhlizin həm də meqaiqtisadi əhəmiyyətini qeyd etmək olar. Belə ki, bu dəhliz, Orta Dəhliz kimi tanınan Avropa–Qafqaz–Asiya nəqliyyat sisteminin daha effektiv fəaliyyət göstərməsinə imkan yarada bilər. Beləliklə, Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında yük daşımalarının daha qısa və səmərəli marşrutlar üzrə həyata keçirilməsi mümkün olacaq. Zəngəzur dəhlizinin istismara verilməsi, həmçinin ölkəmizin zəruri infrastruktur təminatı ilə xarakterizə oluna bilər. Ölkənin iqtisadi rayonları, eləcə də, Naxçıvan iqtisadi rayonunun regional iqtisadi mahiyətinin daha da yüksək təşəkkülünə zəmin yaradacaq.

Bundan başqa, dəhlizin istifadəyə verilməsi regionda logistika mərkəzlərinin, sənaye zonalarının və ticarət platformalarının inkişafını stimullaşdırmış olacaq. Bu proses həm də regional iqtisadiyyatların beynəlxalq ticarət sisteminə inteqrasiyasını sürətləndirə bilər. Eyni zamanda, Avrasiya nəqliyyat şəbəkəsində alternativ marşrutların artması qlobal ticarətin təhlükəsizliyini və dayanıqlığını gücləndirən mühüm amil kimi çıxış edir”, - deyə Cavadxan Qasımov vurğulayıb.

Избранный
19
1
azertag.az

2Источники