RU

Qarabağ problemini üstələyən “kupça” problemi – 30 ilin fərmanları niyə nəticə vermir?

Azərbaycanda “kupça” – yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarış problemi müstəqillik dövrünün ən yaşlı problemi şəklini alıb. Paradoks ondadır ki, Qarabağ münaqişəsi 30 ildən sonra hərbi və siyasi həllini tapdı. Torpaqlarımızı düşməndən aldıq. Amma minlərlə vətəndaşın evinin və torpağının hüquqi statusu ilə bağlı problem hələ də qalmaqdadır. Bu isə o deməkdir ki, “kupça” məsələsi artıq təkcə bürokratik prosedur deyil, ölkənin iqtisadi və hüquqi təhlükəsizliyi ilə bağlı strateji problemə çevrilib. Ən diqqətçəkən məqam isə budur ki, son 25-30 il ərzində bu sahədə prezident fərmanları və dövlət proqramları ard-arda qəbul edilib. Buna baxmayaraq, problem tam həll olunmayıb.

Musavat.com xatırladır ki, müstəqilliyin ilk illərində torpaq münasibətləri faktiki olaraq xaotik vəziyyətdə idi. 

1990-cı illərin sonlarında torpaq islahatları ilə bağlı mühüm qərarlar qəbul edildi. Bu dövrdə məqsəd kənd təsərrüfatı torpaqlarını özəlləşdirmək və vətəndaşlara pay torpaqları vermək idi. Lakin həmin prosesdə torpaqların dəqiq kadastr uçotu, planlaşdırma və hüquqi qeydiyyat sistemi tam qurulmadı. Nəticədə minlərlə torpaq sahəsi faktiki istifadə olunsa da, hüquqi qeydiyyata düşmədi. Beləliklə, “kupça” problemi elə həmin dövrdən formalaşmağa başladı. 2015-ci ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış sistemi tətbiq edildi. Bu sənədin məqsədi qeydiyyat prosesini sürətləndirmək və korrupsiya risklərini azaltmaq idi. Fərmana əsasən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların elektron forması tətbiq olunmalı, reyestr məlumatlarının elektron hökumət sisteminə inteqrasiyası təmin edilməli, vətəndaşlar çıxarış üzrə dəyişiklikləri onlayn izləyə bilməli idi. Bu addım müasir və effektiv mexanizm kimi təqdim olunsa da, praktika göstərdi ki, problem təkcə elektron xidmətlə həll olunmur. 2021-ci ildə “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” yeni fərman imzalandı. Bu sənəd torpaq kateqoriyalarının dəyişdirilməsi və torpaq idarəçiliyində vahid sistemin yaradılmasını nəzərdə tuturdu. Fərmanın əsas məqsədi torpaq kateqoriyalarının dəqiq müəyyən edilməsi, torpaqdan istifadənin qanuniləşdirilməsi, dövlət reyestrinin vahid sistemə inteqrasiyası idi. Ancaq bu sənəd də problemin kökündə duran məsələni – 100 minlərlə qeyri-qanuni tikilinin hüquqi statusunu tam həll edə bilmədi.

Hazırda torpaq təyinatının dəyişdirilməsi və çıxarış almaq üçün müraciətlər elektron qaydada qəbul edilir. Proses elektron portala daxil olmaq, “digital login” vasitəsilə müraciət etmək, ASAN imza ilə təsdiqləmək, nəticəni şəxsi kabinetdən izləmək kimi mərhələlərdən ibarətdir. Kağız üzərində bu mexanizm müasir və rahat görünür. Amma reallıq fərqlidir.

Ekspertlərin hesablamalarına görə, ölkədə yüz minlərlə ev və torpaq sahəsi faktiki olaraq istifadə olunsa da, onların böyük hissəsi dövlət reyestrində qeydiyyata alınmayıb. Bu isə bir neçə ciddi nəticə yaradır - vətəndaş əmlakını sata bilmir, bankdan kredit götürə bilmir, əmlak girov kimi qəbul edilmir, Azərbaycan iqtisadiyyatı milyardlarla manatlıq potensial kapitaldan məhrum olur. Belə əmlak iqtisadi terminlə “ölü kapital” sayılır. Azərbaycan 30 ildən sonra Qarabağ problemini hərbi və siyasi yolla həll edə bildi. Amma ölkə daxilində milyonlarla insanın mülkiyyət hüququ ilə bağlı problem hələ də qalır. Bu fakt özü bir sual yaradır. Necə olur ki, dövlət geosiyasi münaqişəni həll edir, amma vətəndaşın evinin sənədini rəsmiləşdirmək illərlə uzanır?

Qonşu Gürcüstanda torpaq amnistiyası və vahid elektron reyestr tətbiq ediləndən sonra oxşar problem 3-5 il ərzində həll edildi. Bu təcrübə göstərir ki, sistemli islahat olduqda mülkiyyət problemləri qısa müddətdə aradan qaldırıla bilər. “Kupça” məsələsi təkcə hüquqi sənəd problemi deyil. Bu məsələ mülkiyyət hüququnun qorunması, iqtisadi inkişaf, bank sektorunun genişlənməsi, vətəndaşların hüquqi təhlükəsizliyi ilə birbaşa bağlıdır. Əgər minlərlə vətəndaş öz evinə görə hüquqi təminat əldə edə bilmirsə, bu, sadəcə bürokratik problem deyil. Son 30 ildə torpaq və daşınmaz əmlak sahəsində onlarla fərman, sərəncam və dövlət proqramı qəbul edilib. Amma bütün bunlara baxmayaraq, “kupça” problemi hələ də qalır.

E.Məmmədəliyev
Musavat.com

Избранный
41
1
musavat.com

2Источники