RU

Bakının mərkəzində qorxunc görüntü: hədəf Qız qalası ola bilər FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Nizami Kino Mərkəzinin binasına bir qrup şəxs tərəfindən edilən müdaxilə təəssüf doğurur. Faktla bağlı araşdırma aparan hüquq-mühafizə orqanları hadisəni törədən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B.-ni müəyyən edərək, valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik tədbirlər həyata keçirib.

Ümumiyyətlə, burada söhbət sadəcə divara çəkilmiş təsvirlərdən getmir. Söhbət paytaxtın mərkəzində yerləşən, mədəni əhəmiyyətli bir obyektə qarşı vandalizm aktından gedir. Başqa sözlə, bu, estetik pozuntu ilə yanaşı, ictimai dəyərlərə münasibətin göstəricisidir.

Təəssüf ki, bu hadisə təsadüfi deyil və daha geniş problemin tərkib hissəsidir. Uzun müddətdir ki, Nizami Kino Mərkəzinin arxa tərəfi məhz bu yaş qrupuna aid şəxslərin toplaşma məkanına çevrilib. Xüsusilə günün ikinci yarısında ərazidə qeyri-etik davranışlar sərgiləyən, içki içib siqaret çəkən, yüksək səslə musiqiyə qulaq asan, bir sözlə, ictimai qaydalara riayət etməyən yeniyetmə və gənclərə rast gəlmək mümkündür. Hətta vəziyyət elə bir hal almışdı ki, ərazidəki parkda oturmaq belə olmurdu.

Yeniyetmə və gənclərin davranışları bir yana, digər ciddi problem qraffiti məsələsidir. Qrafiti çox vaxt “incəsənət” adı altında təqdim olunsa da, əksər hallarda bu yanaşma mübahisəlidir. Çünki şəhər mühitində nəzarətsiz şəkildə divarlara çəkilən yazılar və təsvirlər estetik görüntünü pozur, ictimai məkanlara ziyan vurur və bəzən vandalizm təsiri bağışlayır. Xüsusilə tarixi binaların, mədəni obyektlərin və ya yaşayış evlərinin divarlarının icazəsiz boyanması nə yaradıcılıq, nə də ifadə azadlığı ilə əsaslandırıla bilər. Əsl incəsənət mühitə dəyər qatmalı olduğu halda, plansız və məsuliyyətsiz qraffiti vizual çirklənmə və nizamsızlıq yaradır.

Oxşar vəziyyət paytaxtın digər ərazilərində də müşahidə olunur. Məsələn, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən və “Pitomnik bağı” kimi tanınan məkanda da analoji hallar yaşanır. Parkın müəyyən hissələrində divarlar boyunca çəkilmiş qraffiti nümunələri, eləcə də yaşayış binalarının üzərindəki icazəsiz yazılar problemin sistemli xarakter daşıdığını göstərir.

Bu problemin təkrarlanmaması üçün xüsusən valideynlər, müəllimlər maarifləndirmə işləri aparmalıdır. Əks halda, bu gün Nizami Kino Mərkəzinin binasında müşahidə etdiyimiz ağrılı mənzərə sabah Qız qalası, Şirvanşahlar sarayı, Hökumət evi və s. tarixi binalarda təkrarlana bilər.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
46
14
globalinfo.az

10Источники