RU

Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
 
1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi (bundan sonra – Daimi Nümayəndəlik) beynəlxalq təşkilatda və ya onun bölməsində (bundan sonra – beynəlxalq təşkilat) Azərbaycan Respublikasını təmsil edən diplomatik xidmət orqanıdır. Daimi Nümayəndəlik Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra – Nazirlik) rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının vahid sisteminə daxildir.

1.2. Daimi Nümayəndəlik Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsis edilir.

1.3. Daimi Nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və Daimi Nümayəndəliyin yerləşdiyi dövlətin (bundan sonra – yerləşmə dövləti), həmçinin beynəlxalq təşkilatın tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, sərəncam və əmrlərini rəhbər tutur və yerləşmə dövlətinin qanunvericiliyini nəzərə alır.

1.4. Daimi Nümayəndəlik beynəlxalq təşkilatda Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) beynəlxalq təşkilatda fəaliyyət göstərən və beynəlxalq təşkilatın orqanlarına, bölmələrinə və nümayəndəliklərinə (bundan sonra – beynəlxalq təşkilatların orqanları) ezam olunmuş nümayəndələrinin işini əlaqələndirir və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Həmin nümayəndələr öz fəaliyyətini Daimi Nümayəndəlik ilə razılaşdırmalı və bu barədə Daimi Nümayəndəliyə məlumat verməlidirlər.

1.5. Azərbaycan Respublikasının, yerləşmə dövlətinin və beynəlxalq təşkilatın tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq, Daimi Nümayəndəliyin binasında və Azərbaycan Respublikası Daimi nümayəndəsinin (bundan sonra – Daimi nümayəndə) iqamətgahında Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılır və Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsviri vurulur. Xidməti vəzifələrini yerinə yetirərkən Daimi nümayəndənin nəqliyyat vasitəsinin üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağı yerləşdirilir. Daimi Nümayəndəliyin binasında və ya ərazisində Azərbaycan dilində və yerləşmə dövlətinin dövlət dilində (dillərində), habelə beynəlxalq təşkilatın rəsmi dilində (dillərindən birində) Daimi Nümayəndəliyin adı yazılan lövhə vurulur. Daimi Nümayəndəlik tərəfindən Azərbaycan Respublikasının dövlət rəmzlərindən beynəlxalq təşkilatın və yerləşmə dövlətinin diplomatik protokol qaydaları, eləcə də yerləşmə dövlətinin qanunvericiliyi nəzərə alınmaqla istifadə olunur.

1.6. Daimi Nümayəndəlik, həmçinin Daimi Nümayəndəlikdə xidmət keçən diplomatik xidmət orqanı əməkdaşları (bundan sonra – əməkdaşlar) və onlarla birlikdə yaşayan ailə üzvləri Azərbaycan Respublikasının, yerləşmə dövlətinin və beynəlxalq təşkilatın tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və yerləşmə dövlətinin qanunvericiliyinə uyğun olaraq, yerləşmə dövlətində imtiyazlardan və immunitetlərdən istifadə edirlər. Daimi Nümayəndəliyin əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri yerləşmə dövlətinin qanunvericiliyinə, həmçinin adət-ənənələrinə hörmətlə yanaşmalı, yerləşmə dövlətinin daxili işlərinə qarışmamalıdırlar.

1.7. Daimi Nümayəndəliyin, nümunəsi Nazirlik tərəfindən təsdiq olunmuş və üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və Daimi Nümayəndəliyin adı həkk olunmuş möhürü, həmçinin kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları, blankları və bank hesabları vardır.

1.8. Daimi Nümayəndəliyin Azərbaycan Respublikasının mülkiyyəti olan torpaq sahələri, binaları, qurğuları və digər əmlakı Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada Daimi Nümayəndəliyə təhkim edilir. Daimi Nümayəndəlik ona təhkim olunmuş əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnu Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir.

2. Daimi Nümayəndəliyin fəaliyyət istiqamətləri

2.1. Daimi Nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil etmək;

2.1.2. beynəlxalq təşkilatda Azərbaycan Respublikasının xarici siyasətini vahid xətt üzrə həyata keçirmək;

2.1.3. beynəlxalq təşkilatda Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, milli təhlükəsizliyini və milli maraqlarını xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorumaq və təmin etmək;

2.1.4. Azərbaycan Respublikası ilə beynəlxalq təşkilat arasında əməkdaşlığı inkişaf etdirmək;

2.1.5. beynəlxalq təşkilatda Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarını və qanuni mənafelərini xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiə etmək;

2.1.6. beynəlxalq təşkilatın fəaliyyətində Azərbaycan Respublikasının iştirakını təmin etmək;

2.1.7. Azərbaycan Respublikasının beynəlxalq təşkilatla diplomatik əlaqələrini həyata keçirmək;

2.1.8. xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin beynəlxalq təşkilatda həyata keçirilməsinə dəstək vermək;

2.1.9. beynəlxalq təşkilatın orqanlarına Azərbaycan Respublikası rəsmi nümayəndə heyətlərinin səfərlərinin hazırlanmasına və həyata keçirilməsinə kömək etmək;

2.1.10. beynəlxalq təşkilatın fəaliyyətini təhlil etmək və Nazirliyə təkliflər vermək;

2.1.11. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Daimi Nümayəndəliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Daimi Nümayəndəliyin vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan Respublikasını beynəlxalq təşkilatda təmsil etmək və onun milli maraqlarını qorumaq;

3.1.2. beynəlxalq təşkilatda Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsini təmin etmək;

3.1.3. Azərbaycan Respublikası ilə beynəlxalq təşkilat arasında əməkdaşlığı inkişaf etdirmək;

3.1.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasından irəli gələn məsələləri beynəlxalq təşkilatda xarici siyasət vasitələri ilə və diplomatik üsullarla həyata keçirmək;

3.1.5. beynəlxalq təşkilatda Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsindən irəli gələn funksiyaları xarici siyasət vasitələri ilə və diplomatik üsullarla həyata keçirmək;

3.1.6. beynəlxalq təşkilatın fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Nazirlər Kabinetini və Nazirliyi məlumatlandırmaq;

3.1.7. Azərbaycan Respublikası ilə beynəlxalq təşkilat arasında danışıqlar aparılmasını təşkil və təmin etmək;

3.1.8. beynəlxalq təşkilatda Azərbaycan Respublikasının xarici siyasət məsələləri ilə bağlı şərh və açıqlamalar vermək;

3.1.9. beynəlxalq təşkilatın orqanlarına ezam olunmuş Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirməkdə kömək göstərmək;

3.1.10. xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin beynəlxalq təşkilatda həyata keçirilməsinə dəstək vermək, eləcə də yerləşmə dövlətində yaşayan soydaşlarla əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına yardım etmək;

3.1.11. Azərbaycan Respublikasının xarici siyasəti çərçivəsində beynəlxalq yardım fəaliyyətinə dair təkliflər vermək, beynəlxalq yardımın təşkilində, həyata keçirilməsində və əlaqələndirilməsində iştirak etmək;

3.1.12. beynəlxalq təşkilatda Azərbaycan Respublikasının iştirakı ilə keçirilən beynəlxalq tədbirlərdə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Azərbaycan mədəniyyətinin təqdim və təşviqini təmin edən tədbirlər görmək, Azərbaycan Respublikasının mədəniyyət tədbirlərinin keçirilməsinə dəstək göstərmək;

3.1.13. beynəlxalq təşkilatda Azərbaycan Respublikasının xarici və daxili siyasəti, iqtisadi, sosial və mədəni həyatı haqqında rəsmi məlumatın yayılmasını təmin etmək;

3.1.14. beynəlxalq təşkilat çərçivəsində beynəlxalq müqavilələrin və beynəlxalq təşkilatın fəaliyyətinə dair digər sənədlərin layihələrinin hazırlanmasında, beynəlxalq təşkilat çərçivəsində beynəlxalq müqavilələrin bağlanılması və ya ləğv edilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək;

3.1.15. Azərbaycan Respublikasının üzv və ya müşahidəçi olduğu beynəlxalq təşkilatın orqanlarında müvafiq vəzifələr üzrə Azərbaycan Respublikasına kvota ayrılması və ya ayrılmış kvotanın artırılması, həmçinin Azərbaycan Respublikasının üzv və ya müşahidəçi olduğu, eləcə də əməkdaşlıq etdiyi beynəlxalq təşkilatın orqanlarında müvafiq vəzifələrin Azərbaycan Respublikasının vətəndaşları tərəfindən tutulması istiqamətində iş aparmaq;

3.1.16. Azərbaycan Respublikasının beynəlxalq təşkilat qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsində və beynəlxalq təşkilat çərçivəsində qəbul edilmiş Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidənin həyata keçirilməsində iştirak etmək;

3.1.17. Azərbaycan Respublikasının milli maraqları baxımından Azərbaycan Respublikasının dövlət orqanlarına (qurumlarına) və qeyri-hökumət təşkilatlarına (ictimai birliklərə və fondlara) beynəlxalq təşkilatın orqanları ilə əlaqələrin qurulmasına və inkişafına kömək göstərmək;

3.1.18. Azərbaycan Respublikasına və onun xarici siyasət təşəbbüslərinə münasibətdə beynəlxalq təşkilatda müsbət mövqenin formalaşdırılmasına kömək göstərmək;

3.1.19. beynəlxalq təşkilatın fəaliyyətini, beynəlxalq təşkilata üzv və müşahidəçi olan, eləcə də beynəlxalq təşkilatla əməkdaşlıq edən xarici dövlətlərin beynəlxalq təşkilat çərçivəsində əməkdaşlığının səviyyəsini və əsas fəaliyyət istiqamətlərini öyrənmək və təhlil etmək;

3.1.20. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin tapşırıqlarını yerinə yetirmək, həmçinin Azərbaycan Respublikasının digər dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının Nazirlik vasitəsilə daxil olmuş müraciətlərinə baxmaq;

3.1.21. Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq təşkilatda parlamentlərarası və digər beynəlxalq əlaqələrinin qurulmasına və həyata keçirilməsinə Nazirlik vasitəsilə kömək göstərmək;

3.1.22. öz fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasını, sosial media hesablarının yaradılmasını, eləcə də malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın rəsmi internet informasiya ehtiyatında və sosial media hesablarında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.23. yerləşmə dövlətində silahlı münaqişələr və fövqəladə hallar zamanı, həmçinin təhlükəsizliyə təhdid yarandığı digər hallarda, Daimi Nümayəndəlik əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin, eləcə də yerləşmə dövlətində olan və ya yaşayan digər Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin etmək, həmçinin onların təxliyəsini Azərbaycan Respublikasının həmin dövlətdəki Səfirliyi ilə (olduğu halda) əlaqələndirməklə təşkil etmək;

3.1.24. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə müraciətlərə baxmaq, diplomatik və rəsmi yazışmalar aparmaq və onların qeydiyyatını, saxlanılmasını, arxivləşdirilməsini və mühafizəsini təmin etmək;

3.1.25. Nazirliyin tapşırığı və beynəlxalq təşkilatın razılığı əsasında, beynəlxalq təşkilatda təmsil olunmayan üçüncü dövlətin xahişi ilə həmin dövlətin maraqlarını, eləcə də onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarını və qanuni mənafelərini beynəlxalq razılaşmalar əsasında beynəlxalq təşkilatda müdafiə etmək;

3.1.26. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

4. Daimi Nümayəndəliyin hüquqları

4.1. Bu Əsasnamə ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirmək üçün Daimi Nümayəndəliyin aşağıdakı hüquqları vardır:

4.1.1. Azərbaycan Respublikasından və beynəlxalq təşkilatdan rəsmi nümayəndə heyətlərinin səfərlərinə dair Nazirliyə təkliflər vermək;

4.1.2. Azərbaycan Respublikasının beynəlxalq təşkilat çərçivəsində beynəlxalq müqavilələrinin bağlanılması və ya ləğv edilməsi barədə Nazirliyə təkliflər vermək;

4.1.3. yerləşmə dövlətində fəaliyyət göstərən beynəlxalq təşkilatların orqanları, vəzifələrinə aid məsələlər üzrə yerləşmə dövlətinin dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları (ictimai birlikləri və fondları), media subyektləri və jurnalistləri, elmi, mədəni və işgüzar dairələri ilə xidməti əlaqələr qurmaq və əməkdaşlıq etmək, eləcə də onlara sorğular göndərmək, onlardan məlumat və sənədlər almaq;

4.1.4. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Nazirlik vasitəsilə Azərbaycan Respublikasının dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına (ictimai birliklərə və fondlara), hüquqi və fiziki şəxslərə sorğular göndərmək və onlardan məlumat və sənədlər almaq;

4.1.5. beynəlxalq təşkilatla əməkdaşlıq sahəsində yaradılan birgə və digər komissiyaların, eləcə də işçi qrupların işində iştirak etmək, konfranslar, forumlar, seminarlar, iclaslar, sərgilər, görüşlər və digər tədbirlər təşkil etmək, həmçinin bu tədbirlərin təşkilinə dəstək vermək;

4.1.6. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair rəy vermək, analitik materiallar hazırlamaq, təhlillər və ümumiləşdirmələr aparmaq;

4.1.7. vəzifələrindən irəli gələn məsələlər üzrə komissiyalar və işçi qruplar yaratmaq;

4.1.8. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Daimi Nümayəndəliyin fəaliyyətinin təşkili

5.1. Daimi Nümayəndəliyə Azərbaycan Respublikasının beynəlxalq təşkilatda ən yüksək rəsmi nümayəndəsi olan Daimi nümayəndə rəhbərlik edir.

5.2. Daimi nümayəndə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir və geri çağırılır.

5.3. Ali təhsili və peşə hazırlığı olan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşı Daimi nümayəndə təyin edilə bilər.

5.4. Daimi nümayəndənin təyin edilməsi və geri çağırılması Azərbaycan Respublikasının və beynəlxalq təşkilatın tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənir.

5.5. Daimi nümayəndə təyin edilməsi nəzərdə tutulan şəxs barəsində beynəlxalq təşkilatın əvvəlcədən razılıq sənədi alınır.

5.6. Daimi nümayəndəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun soyadını, adını, atasının adını, vətəndaşlığını, vəzifəsini və səlahiyyətini təsdiq edən sənəd (etimadnamə) verilir.

5.7. Daimi nümayəndənin beynəlxalq təşkilatda fasiləsiz xidmət müddəti 5 (beş) ildir. Daimi nümayəndənin müavininin beynəlxalq təşkilatda fasiləsiz xidmət müddəti 4 (dörd) ildir. Azərbaycan Respublikası Prezidentinin qərarına uyğun olaraq Daimi nümayəndə və Daimi nümayəndənin müavini fasiləsiz xidmət müddətindən artıq fəaliyyətini davam etdirə və ya həmin müddətdən əvvəl geri çağırıla bilərlər.

5.8. Daimi Nümayəndəliyin digər əməkdaşlarının fasiləsiz xidmət müddəti 3 (üç) ildir. Bu müddət Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən onların razılığı ilə 1 (bir) ilədək uzadıla bilər və ya onlar “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan hallarda xidmət müddətinin başa çatmasından əvvəl geri çağırıla bilərlər.

5.9. Daimi nümayəndə Daimi Nümayəndəliyə həvalə edilmiş vəzifələrin icrası üçün şəxsən məsuliyyət daşıyır və onların yerinə yetirilməsinə görə Nazirliyə hesabat verir.

5.10. Daimi nümayəndə:

5.10.1. beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil edir;

5.10.2. Daimi Nümayəndəliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.10.3. Daimi Nümayəndəlikdə dövlət sirrinin və qanunla mühafizə olunan digər sirlərin qorunmasını təşkil edir;

5.10.4. Daimi Nümayəndəliyə ayrılan dövlət büdcəsi vəsaitinin səmərəli sərf olunmasına və maliyyə intizamına riayət edilməsinə nəzarəti həyata keçirir;

5.10.5. Daimi Nümayəndəliyin fəaliyyətinə dair icrası məcburi olan sərəncamlar və əmrlər verir;

5.10.6. Daimi Nümayəndəlikdə Azərbaycan Respublikasının hüquqi aktlarının və Nazirliyin qərar, sərəncam və əmrlərinin icrasını təşkil edir, həmçinin onların yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirir;

5.10.7. Daimi Nümayəndəliyin əməkdaşlarını xidmət üçün zəruri şəraitlə təmin edir, Daimi Nümayəndəliyin fəaliyyətinin təşkili ilə bağlı Nazirliyə təkliflər verir;

5.10.8. Nazirliyin razılığı ilə xidməti ezamiyyətlərə gedir;

5.10.9. Daimi Nümayəndəliyi təmsil edir;

5.10.10. Daimi Nümayəndəlik əməkdaşlarının xidməti fəaliyyətini normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada qiymətləndirir;

5.10.11. Daimi Nümayəndəliyin xidmətdə xüsusi fərqlənmiş əməkdaşlarının Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsi üçün, habelə Daimi Nümayəndəliyin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyə təqdimat verir;

5.10.12. Daimi Nümayəndəliyin diplomatik xidmət əməkdaşlarının rütbədə və vəzifədə yüksəldilməsi, Daimi Nümayəndəlik əməkdaşlarının fasiləsiz xidmət müddətinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uzadılması haqqında Nazirliyə təklif verir;

5.10.13. Daimi Nümayəndəlik əməkdaşlarının və dövlət qulluğunda olmayan işçilərinin məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;

5.10.14. Daimi Nümayəndəliyin dövlət qulluğunda olmayan işçilərini Nazirliklə razılaşdıraraq işə qəbul edir və işdən azad edir;

5.10.15. Daimi Nümayəndəliyin, onun əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görür, yerləşmə dövlətində silahlı münaqişələr və fövqəladə hallar zamanı, həmçinin təhlükəsizliyə təhdid yarandığı digər hallarda Daimi Nümayəndəliyin fəaliyyətini, həmçinin Daimi Nümayəndəlik əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin, eləcə də yerləşmə dövlətində olan və ya yaşayan digər Azərbaycan Respublikası vətəndaşlarının davranış qaydasını Azərbaycan Respublikasının yerləşmə dövlətindəki Səfirliyi ilə (olduğu halda) əlaqələndirməklə təşkil edir;

5.10.16. mühafizəsi zəruri hesab olunan Daimi Nümayəndəlikdə mühafizə xidmətinin aparılmasına nəzarət edir;

5.10.17. Azərbaycan Respublikasının, yerləşmə dövlətinin və beynəlxalq təşkilatın tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və yerləşmə dövlətinin qanunvericiliyinə görə Daimi Nümayəndəliyə və Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) beynəlxalq təşkilatdakı nümayəndəliklərinə, onların əməkdaşlarına (nümayəndələrinə) və onlarla birlikdə yaşayan ailə üzvlərinə, diplomatik poçta və onu daşıyan şəxslərə, həmçinin imtiyaz və immunitet hüququ olan Azərbaycan Respublikasının digər vətəndaşlarına verilən imtiyazların və immunitetlərin yerləşmə dövlətində təmin olunması məqsədilə lazımi tədbirlər görür;

5.10.18. Daimi Nümayəndəliyin əməkdaşlarına və Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) beynəlxalq təşkilatdakı nümayəndələrinə beynəlxalq təşkilatda Azərbaycan Respublikasının milli maraqlarına uyğun davranış nümayiş etdirmələri, yerləşmə dövlətinin qanunvericiliyinə, həmçinin adət-ənənələrinə hörmətlə yanaşmaları və daxili işlərinə qarışmamaları barədə tövsiyələr verir;

5.10.19. beynəlxalq təşkilatda danışıqlar aparır, beynəlxalq konfranslarda, forumlarda, seminarlarda, iclaslarda, sərgilərdə, görüşlərdə və digər tədbirlərdə iştirak edir, habelə Azərbaycan Respublikası Prezidentinin verdiyi səlahiyyət əsasında beynəlxalq müqavilələr imzalayır;

5.10.20. beynəlxalq təşkilat və ya yerləşmə dövləti ilə münasibətlərdə qarşılılıq prinsipinin tətbiq edilməsinə dair Nazirliyə təkliflər verir;

5.10.21. Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) beynəlxalq təşkilatda fəaliyyət göstərən və beynəlxalq təşkilatın orqanlarına ezam olunmuş nümayəndələrinin qərarları və hərəkətləri Azərbaycan Respublikasının milli maraqlarına cavab vermədiyi təqdirdə, həmin halların qarşısının alınması üçün Nazirliyə məlumat verir;

5.10.22. Azərbaycan Respublikasını eyni zamanda üçüncü dövlətdə, yaxud digər beynəlxalq təşkilatda və ya onun bölməsində təmsil etdikdə, bu təmsilçilikdən irəli gələn səlahiyyətləri yerinə yetirir;

5.10.23. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

5.11. Daimi nümayəndə vəzifəsi vakant olduqda və ya Daimi nümayəndə vəzifə funksiyalarını həyata keçirə bilmədikdə, habelə məzuniyyətdə və ya yerləşmə dövlətinin xaricində ezamiyyətdə olduğu dövrdə bu vəzifəni Daimi nümayəndənin müavini, Daimi nümayəndənin müavini olmadıqda isə Daimi Nümayəndəliyin digər diplomatik xidmət əməkdaşı müvəqqəti icra edir. Daimi nümayəndə vəzifəsini müvəqqəti icra edən diplomatik xidmət əməkdaşı müvəqqəti işlər vəkili adlandırılır. Daimi nümayəndə məzuniyyətdə və ya yerləşmə dövlətinin xaricində ezamiyyətdə olduğu dövrdə müvəqqəti işlər vəkili, Nazirliklə razılaşdırmaqla, Daimi nümayəndə, digər hallarda isə Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Daimi Nümayəndəlik tərəfindən beynəlxalq təşkilatın aidiyyəti orqanına məlumat verilir.

5.12. Daimi Nümayəndəliyin strukturunu və ştat cədvəlini Nazirlik təsdiq edir.

5.13. Daimi nümayəndə eyni zamanda üçüncü dövlətdə və ya bölməsi üçüncü dövlətdə yerləşən beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil etdikdə, onun səlahiyyətlərinin həyata keçirilməsi üçün üçüncü dövlətin razılığı ilə həmin dövlətdə müvafiq bölmə yaradıla bilər.

5.14. Daimi Nümayəndəliyin maddi-texniki təminatını Nazirlik həyata keçirir.

5.15. Daimi Nümayəndəliyin əməkdaşlarının hüquq və vəzifələri “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və vəzifə təlimatları ilə müəyyən olunur.

5.16. Daimi Nümayəndəliyin fəaliyyəti Nazirlik tərəfindən təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur.

5.17. Daimi Nümayəndəliyə normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) nümayəndələri təyin və ya ezam oluna bilərlər. Daimi Nümayəndəliyə təyin və ya ezam olunmuş Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) nümayəndələri öz qərarlarını və hərəkətlərini Daimi nümayəndə ilə razılaşdırmalıdırlar.

Избранный
25
xalqqazeti.az

1Источники