RU

Parlamentdə Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndələri ilə görüş FOTO

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aprelin 3-də Milli Məclisdə parlamentin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun  ölkəmizdə səfərdə olan Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyəti ilə görüşü keçirilib. 

Modern.az xəbər verir ki, qonaqları salamlayan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən söz açıb. Komitə sədri Azərbaycan və Türkiyə dostluğunun köklərinə nəzər salıb, Şuşa Bəyannaməsini müttəfiqliyimizin ən yüksək ifadəsi kimi qiymətləndirib.

O, parlamentlərimiz arasındakı əməkdaşlığın iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, qanunvericilik sahəsində təcrübə mübadiləsinin genişlənməsinə və ortaq təşəbbüslərin irəli sürülməsinə mühüm töhfə verdiyini vurğulayıb. Əhliman Əmiraslanov bu əməkdaşlığın genişləndirilməsi baxımından belə görüşlərin əhəmiyyətini qeyd edərək, tərəfdaşlıq imkanlarının dəyərləndirilməsinin, işgüzar dairələr arasında birbaşa əlaqələrin gücləndirilməsinin və birgə layihələrin təşviqinin vacibliyini diqqətə çatdırıb.

Qars Təhsil və Mədəniyyət Vəqfinin İdarə heyətinin sədri Kamil Salduz çıxışında Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, vəqfin Türkiyədə müxtəlif biznes sahələrində uğur qazanmış Azərbaycan əsilli qarslılar tərəfindən təsis edildiyini bildirib, qurumun məqsədləri və gələcək planları barədə məlumat verib. Kamil Salduz iki qardaş ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, birlik və həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. O, rəhbərlik etdiyi vəqfin Azərbaycan ilə Türkiyə arasında mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına töhfə vermək niyyətində olduğunu vurğulayıb.

Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimovun, Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun,  Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyevin, deputatlar - Məlahət İbrahimqızının, Tənzilə Rüstəmxanlının, Cavanşir Paşazadənin iştirak etdikləri görüşdə çıxış edənlər ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
modern.az

1Источники