RU

Şarjanın Kitab Nəşriyyatı İdarəsi bir sıra tədbirləri təxirə salıb

Bakı, 3 aprel, AZƏRTAC

Şarjanın Kitab Nəşriyyatı İdarəsi Yaxın Şərqdə davam edən münaqişələrə görə aprelin sonundan mayın əvvəlinə qədər keçirilməsi planlaşdırılan Şarja Kitab Satıcıları Konfransını (SBA) və Şarja Uşaq Oxu Festivalını qeyri-müəyyən müddətə təxirə salıb.

Bu barədə AZƏRTAC xarici mediaya istinadla xəbər verir.

“Bu, asan qərar deyil. Bütün iştirakçıların təhlükəsizliyi və rifahı əsas prioritetimizdir”, - deyə SBA-nın qeydiyyatdan keçmiş iştirakçılara göndərdiyi bildirişdə deyilir. Tədbirlərin keçiriləcəyi yeni tarixlər açıqlanmayıb. SBA vəziyyətin inkişaf etməyindən asılı olaraq əlavə məlumat verəcəyini bildirib.

Şarja Ekspo Mərkəzində 22 aprel–3 may tarixlərində keçirilməsi planlaşdırılan dörd tədbir təxirə salınıb.

Şarja Uşaq Oxu Festivalı regionun müxtəlif ölkələrindən ailələri, müəllifləri, nəşriyyatçıları və kitabxanaçıları cəlb edən hər il keçirilən proqramdır. Festivalın aprelin 22-də açılması planlaşdırılırdı. Adətən tədbir çərçivəsində 1500-ə yaxın proqram keçirilir, ziyarətçilərin sayı isə 150 mindən çox olur.

Şarja Kitab Satıcıları Konfransı festival ilə eyni vaxtda keçirilən, yüzlərlə beynəlxalq kitab satıcısı üçün nəzərdə tutulan iki günlük peşəkar tədbirdir. Konfransın 2–3 may tarixlərində keçirilməsi planlaşdırılırdı.

Bu qərar BƏƏ-də və ərəb dünyasında kitab tədbirləri təqviminə ciddi təsir göstərib. Bundan başqa aprelin 11-nə planlaşdırılan Əbu-Dabi Beynəlxalq Kitab Sərgisinin keçirilmə tarixləri də dəyişdirilib.

Избранный
45
43
azertag.az

10Источники