BAKI, 4 aprel. TELEQRAF
ABŞ kəşfiyyatının hesabatlarında İrana qarşı hərbi əməliyyatların gözlənilməz nəticələr doğura biləcəyi qeyd olunub.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, ABŞ kəşfiyyat xidmətləri hesab edir ki, müharibə Tehranın regiondakı təsir imkanlarını azalda yox, əksinə artıra bilər. Hesabatlarda qeyd olunur ki, İranın Hörmüz boğazı üzərində nəzarət imkanları onun əsas təzyiq aləti kimi qiymətləndirilir.
Bildirilir ki, Tehran bu strateji su yoluna nəzarət etməklə ABŞ və digər ölkələrə qarşı təsir mexanizmini gücləndirə bilər. Ekspertlərin fikrincə, enerji daşıyıcılarının daşınmasına təsir imkanları bəzi hallarda nüvə silahından belə daha effektiv vasitə hesab olunur.
Eyni zamanda, ABŞ tərəfi Hörmüz boğazının yaxın zamanda yenidən açılacağına ümid edir. ABŞ prezidenti Donald Trampın administrasiyası bu istiqamətdə nikbin mövqe sərgiləyir.
Qeyd olunur ki, ekspertlər ABŞ üçün boğaza nəzarəti ələ keçirmək istiqamətində mümkün əməliyyatların ciddi risklərlə müşayiət oluna biləcəyini bildirirlər. Onların fikrincə, İran öz ərazisinin dərinliklərindən raket və pilotsuz vasitələrlə zərbələr endirməklə bu nəzarəti qoruyub saxlaya bilər.