RU

Paşinyanın siyasi subliminalizmi: Rusiyadan Qərbə mesajlar

Yaxud erməni baş nazir Moskvanı necə “tələyə saldı”?

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ətrafında müzakirələr davam etməkdədir. İlk baxışdan, hər şey aydındır. Rəsmi İrəvan Qərbyönümlü siyasi xətt götürüb və bu xətt özünü ən müxtəlif təzahürləri ilə göstərməkdədir. Hesab edirik ki, Rusiyada durumdan xəbərdardırlar. Bu səbəbdən ölkədə Paşinyana, ümumən, Ermənistana münasibətdə həddi-hüdudu heç nə ilə ölçülməyən qəzəb var. Bu qəzəb özünü ən müxtəlif səviyyələrdə, o cümlədən rəngarəng təqdimatlarda göstərir.

Digər tərəfdən, Rusiyada Ermənistanla bağlı “bəlkə də qayıtdılar” kimi gözlənti də hökm sürməkdədir. Axı Moskvanın ayrı-ayrı dairələrində, həmçinin, rus ictimai rəyində erməni sevdası deyilən izaholunmaz stereotip mövcuddur. Ancaq bu stereotip prinsipial yanaşmanı arxa plana keçirə bilməz. Prinsipial yanaşmanın isə çoxsaylı təzahürlərini görürük. Açıq şantajdan tutmuş qapalı mesajlara və eyhamlaradək.

Bütün bunların fonunda ortaya maraqlı sual çıxır: N.Paşinyan Rusiyaya nə üçün getmişdi? Gün kimi aydın idi ki, erməni hökumət rəhbərinin bu səfəri heç bir fayda verməyəcək və onun Moskvada keçirdiyi görüşlərin məzmunu bunu söyləməyə əsas verdi. Elə isə əsas mətləbə keçərək, suala cavab tapmağa çalışaq.

Bəli, Paşinyan yaxşı bilirdi ki, Moskvada nəinki Kreml təmsilçilərinin ayrı-ayrı şantaj dolu fikirləri ilə üzləşəcək, eyni zamanda, Ermənistan daxilindəki ruspərəst kəsimi aktivləşdirəcək. O kəsimi ki, bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində Nikolu hakimiyyətdən salmaq üçün hər şeyə hazırdır.

Rusiyanın prinsipial yanaşmaları kənara qoymasının mümkünsüzlüyünü vurğuladıq. Prinsipial yanaşma isə loru dildə desək, yolunu azmış uşağı tənbeh etmək yönümlüdür. Nikol Moskvada təkcə tənbehləri deyil, elə tənələri də eşitdi. Yəni Rusiya rəsmiləri Paşinyanı özlərinin söz arsenalındakı bütün “nalayiq” fikirlərə qonaq etdilər. Amma Nikol vəziyyətdən uduşlu çıxdı. Nə üçün, bunun izahını verək.

Əslində, Paşinyan Moskvaya yollanmaqla Rusiyanı, bir növ, “tələyə saldı”. Hətta aldatdı da. Rusiyada deyə bilməzdilər ki, ölkə rəsmilərinin Nikolu qəbul etmək üçün vaxtları yoxdur. Axı haqqında söz açdığımız erməni sevdası, o cümlədən “bəlkə də qayıtdılar” gözləntisi var. Ona görə Paşinyan ən yüksək səviyyədə qəbul edildi. Onu da nəzərə alaq ki, Rusiya hazırda başqa ölkələrdən gələn dövlət və hökumət başçıları səviyyəsindəki qəbullardan uzaq “izqoy” hala düşdüyündən, Nikol, rusların təbirincə desək, “toje xleb”dir. Hər halda, ölkəyə gedib-gələnlərin olduğu görünməlidir...

Əlqərəz, Paşinyan ən böyük mesajı dünyaya verdi. Daha doğrusu, özünün beynəlxalq aləmdəki dəstəkçilərinə, 2018-ci ildə Ermənistanda inqilab edib ölkəni Moskvanın orbitindən çıxaranlara. O kəslərə ki, hazırda başları İranla müharibəyə qarışıb və sanki savaşdan başqa heç nə görmürlər. Deməli, Paşinyan Moskvaya qəfil səfər reallaşdırmaqla, diqqəti Ermənistan üzərinə çəkdi. Rusiya isə “tələyə” özünün ənənəvi tezislərini gündəmə gətirməklə düşdü.

Dünya gördü ki, Ukrayna müharibəsi ilə başı qarışsa da, dişini Ermənistana qıcamış Rusiya var. O Rusiya ki, onun Ermənistandakı dostları Paşinyanı devirmək iddiasındadırlar. O Rusiya ki, ölkəyə 600 dollarlıq qazı 170 dollara satması ilə eyham vurur. O Rusiya ki, Ermənistanı Qərblə yaxınlığa, ən əsası Avropa İttifaqına qoşulmaq əzminə görə seçim qarşısında qoyur.

Mövcud trayektoriyada Aİ ilə İrəvanın üzvü olduğu və Kremlin hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqı dilemması diskursunun gündəmə gəlməsi Paşinyan üçün son dərəcə vacib idi. Habelə Aİİ-nin Ermənistan üçün hazırkı dividendlərinin ön plana çıxarılması. Axı Aİ xəttinin iqtisadi fayda verib-verməyəcəyi məchuldur. Eləcə də perspektiv faydanın hazırkı mənfəətdən üstün olub-olmayacağı qeyri-müəyyəndir.

Bəli, belə qənaətə gəlmək mümkündür ki, Rusiyaya gözlənilməz səfər reallaşdıran Paşinyan dolayısıyla Qərbdən Ermənistana diqqəti artırmağı tələb etdi. Əlbəttə, demək olmaz ki, bu səfər Nikolun Qərbə qarşı şantajı, yaxud siyasi kursu Şimala dəyişmək niyyətinin mövcudluğuna dair ismarışı idi. Qərb yaxşı anlayır ki, hazırkı erməni iqtidarı Moskva ilə bütün körpüləri yandırmış durumdadır. Paşinyan da etdiyinin fərqindədir. Elə Rusiya hakimiyyətinin özünün də XX əsrdəki hay nankorluğunun bariz nümunəsi qismində qiymətləndirdiyi Nikol və komandasını bağışlamaq, onunla “məcburi nigahdan” kənar əməkdaşlıq səmimiyyətinə başlamaq niyyəti yoxdur. Tam aydındır ki, Rusiya əlinə düşən ilk fürsətdəcə Paşinyan və tərəfdarlarını tarixin arxivinə göndərməyə çalışacaq və çalışıb da.

Yəni Qərbdə bütün bunlardan yaxşı xəbərdardırlar. Amma dediyimiz kimi, İran və Ukrayna böhranı fonunda Ermənistana diqqət azala bilər. Qarşıdan isə ölkədə parlament seçkiləri, daha dəqiq desək, ölüm-dirim savaşı gəlir. Paşinyan Qərbin Gürcüstan cəbhəsindəki məğlubiyyətini gördüyündən, eyni ssenarinin Ermənistanda yaşanmasının qarşısını almaq istəyir. Daxili müstəvidə o, bunu çox yaxşı edir. Göründüyü kimi, baş nazir xalqla, sadə vətəndaşlarla ünsiyyətə girir, onların problemlərinin həlli üçün yerində tapşırıqlar verir və sair ilaxır. Amma bu, yetərli sayıla bilməz. Ona xaricdən kömək göstərilməlidir ki, risk yaranmasın. Nə qədər paradoksal səslənsə də, deməliyik ki, Paşinyan Moskvaya Qərbin dəstəyini almaq üçün getmişdi.

Bəs Qərbin istəyi nədir? Hesab edirik ki, ABŞ-ın timsalında Qərb Cənubi Qafqazla bağlı məramını ötən il avqustun 8-də ortaya qoydu. Söhbət sülhdən və regional kommunikasiyaların açılmasından gedir. Həmin tarixdə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda Birləşmiş Ştatlar Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamənin ruhu da bundan qaynaqlanır. Axı həm Bəyannamə, həm də iki Cənubi Qafqaz ölkəsi arasındakı barış sazişinin paraflanması, Qərbin regionun vahid iqtisadi orqanizm halına gətirilməsinə yönəlmiş uzun illər əvvəlki strategiyası ilə uzlaşır.

Paşinyan Moskvaya səfər reallaşdırmaqla, dünyaya bu strategiyanı süngü ilə qarşılayan Rusiya simasını göstərdi. Özü də o, bu obrazın qəddarlığını, regional sülhü, hazırkı reallığı pozmaq üçün pusquda dayanan yırtıcı obrazını canlandırdı. O obrazı ki, beynəlxalq hüquq anlayışına meydan oxumağı adi hal sayır və Ermənistandakı ruspərəstlərə ölkədə yayda keçiriləcək parlament seçkilərində maneə yaradılmaması kimi qeyri-ordinar tələb irəli sürür...

Paşinyanın bu tələb qarşılığında Ermənistan demokratiyasını sipərə çevirməsi, onun müxtəlif elementlərini sadalaması da təsadüfi deyil. Mesaj yenə Qərbədir. Təxminən belə: Sizin qurduğunuz demokratiyanı heçə sayan qüvvələr var, mütləq kömək etməlisiniz. O qüvvələr ki, həm də Cənubi Qafqazdakı sülhü pozmağa çalışırlar. O qüvvələr ki, onların dəstək verdikləri ünsürlər hər gün barışın heç bir beynəlxalq təminata əsaslanmadığını bildirib bar-bar bağırır, Qarabağ ritorikasını qabardırlar. O ritorikanı ki, regionun inkişafını azı 30 il geriyə saldı. Nəhayət, o ritorika ki, Rusiya tərəfindən indi də dəstəklənir.

N.Paşinyanın Moskva səfəri ilə bağlı başqa detallara da diqqət yetirmək mümkündür. Amma onların üzərində dayanmağa ehtiyac duymuruq. Çünki başlıca məqamları vurğuladıq. Deməli, indi qalır Qərbin erməni baş naziri siyasi subliminalizmindən nəticə çıxarması və parlament seçkilərinə hazırlaşan Ermənistana, daha dəqiq desək, ölkənin iqtidarına dəstəyi gücləndirməsi. Dəstək güclənəcəkmi, Nikol və komandası mühüm siyasi marafondan qalib ayrılacaqmı, bütün bunları əlahəzrət zaman göstərəcək.

Ə.CAHANGİROĞLU
XQ

Избранный
33
1
xalqqazeti.az

2Источники