RU

İrəvan–Moskva gərginliyində yeni faza

“Dəmiryol manqalı”nda ya şiş, ya da kabab yanacaq

Nə şiş yansın, nə kabab. Hazırda Ermənistan rəhbərliyi Rusiya ilə münasibətlərdə məhz bu xətti seçib. Belə yanaşmanı müxtəlif istiqamətlər üzrə görmək mümkündür. Məsələn, Rusiya Prezidenti Vladimir Putin Moskvada baş nazir Nikol Paşinyana Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmaq istəklərinin ölkənin Kremlin hakim rol oynadığı Avrasiya İqtisadi İttifqındakı təmsilçiliyi ilə tərs mütənasibliyini xatırlatdı. Özü də çox aydın şəkildə. N.Paşinyan isə öz aləmində diplomatik davrandı və bildirdi ki, İrəvan hər iki istiqamət üzrə irəliləmək yolundadır, həmin yollardan hansı səmərəli olsa, onu seçəcək. Əlbəttə, bu deyimdə diplomatiyadan çox, qeyri-ciddilik və fürsətçillik var. Üstəlik, Ermənistan rəhbərliyinin “nə şiş yansın, nə kabab” deyiminə uyğun davranışını təsdiqləyən başqa məqamlar da özünü göstərir. Daha doğrusu, söhbət daha real məqamdan gedir və yazımız bu barədədir.

Deməli, N.Paşinyan İrəvanda Moskvaya səfərinin yekunlarına dair keçirdiyi brifinqdə bildirib ki, ölkəsi dəmir yollarının idarə olunmasına dair Rusiya ilə bağlanmış konsessiya müqaviləsini vaxtından əvvəl ləğv etmək üçün hüquqi mexanizmlərə malikdir. Elə bu fikrin özü bir çox mətləblərdən xəbər verir. Hiss olunur ki, Nikol Kremlin səbrini tarıma çəkməklə məşğuldur. Paşinyan onu da deyib ki, rəhbərlik etdiyi hökumət sözügedən müqavilənin ləğvinə gedib radikal addım atmaq niyyətində deyil, bütün fikir ayrılıqlarının konstruktiv dialoq çərçivəsində həllinə ümidvardır. Yəni, Nikol əsəbləri həm də bir növ minnət qoymaqla tarıma çəkir. Ola bilər, o, Rusiyanı sərt addımlara sövq etməyə çalışır.

Beləliklə, Ermənistanın hökumət başçısının sözlərinə görə, Moskvada Putinlə nəqliyyat məsələsinin ətraflı müzakirəsini aparıb, həmin müzakirə zamanı mövqelər açıqlanıb və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlinib. Paşinyanın sözlərinə görə, İrəvanın əsas məqsədi tranzit və rəqabət potensialını həyata keçirmək və bunu edərkən dostluq münasibətlərinin qorunduğu Rusiyanın maraqlarına zərər verməməkdir. Bu da Nikolun ikinci minnəti.

Aydındır ki, Ermənistan öz dəmir yollarını, belə demək mümkünsə, rus işğalından qurtarmağın yollarını axtarır. Məlum olduğu kimi, “işğal” 2008-ci ildən davam edir. Söhbət Ermənistanın dəmir yolu şəbəkəsinin idarəsi ixtiyarının Rusiyada olmasından gedir. Yəni başlıca məsələ müddəti daha 10 il uzatmağın mümkünlüyü ilə 30 il müddətinə imzalanmış müqavilədədir. Rəsmi İrəvan məhz bu durumun aradan qalxmasına çalışır və ona görə son dövrlər Ermənistanın dəmir yolu infrastrukturun modernləşdirilməsi tempinin sürətləndirilməsinin vacibliyini gündəmə gətirir. Paşinyan administrasiyası xüsusilə, Türkiyə ilə sərhədə (Axurik) və Naxçıvana (Yerasx) gedən strateji əhəmiyyətli xətlərin, eləcə də Tavuş vilayətində İcevan stansiyasına qədər olan xəttin təcili bərpasında israrlıdır.

Üstəlik, digər bir neçə məqam var. Baş nazir Paşinyan bir müddət əvvəl xəbərdarlıq etmişdi ki, əgər Rusiya tərəfi dəmir yolu sahəsində tikinti işlərini sürətləndirməsə, Ermənistan yenidənqurma tədbirlərini öz vəsaiti hesabına maliyyələşdirməyə hazırdır. Bundan başqa, o, dəmir yolu şəbəkəsinin idarəetmə hüquqlarının başqa bir dost dövlət tərəfindən satın alınması ehtimalını da istisna etməmişdi.

Həmçinin, Paşinyanın ölkəsinin dəmir yollarının Rusiya şirkətinin nəzarətində olmasının potensial tərəfdaşları qorxuya salmasına, regional layihələrə maneçilik törətməsinə dair fikri də var. Yeri gəlmişkən, Kremlin müxtəlif dairələri Nikolun bu bəyantına sərt etirazlarını bildiriblər. Bu baxımdan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk mövqeyini yada sala bilərik. Daha detallı mövqe isə ölkənin Təhlükəsizlik Şurasının katibi, sabiq müdafiə naziri Sergey Şoyqu tərəfindən açıqlanıb. Qeyd edək ki, S.Şoyqu rəsmi İrəvanın dəmir yolu şəbəkəsinin idarəçiliyinin həm Rusiya, həm də Ermənistan üçün dost olan ölkəyə verilməsi məsələsini müzakirəyə çıxarmasının yolverilməzliyini əsaslandırmışdı.

Şoyqunun fikrincə, Ermənistan hakimiyyətinin istəyi mövcud sferada Rusiyanı əvəzləmək cəhdidir və belə bir cəhd ona baha başa gələ bilər: “Ermənistan hakimiyyətinin dəmir yollarının idarə edilməsində Rusiyanı əvəzləməyə çalışması yanlış düşünülmüş qərardır. Onların qurduğu sistem “bir gecənin içində çökə bilər”. Şoyqu digər ölkələrin dəmir yolu idarəçiliyi sahəsindəki səriştəsi barədə mühakimə yürütmək niyyətində olmadığını bildirsə də, demişdi ki, Ermənistanda uzun müddətdir ən çətin şəraitdə fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını hansısa başqa şirkətin tamamilə əvəzləməsi real görünmür. S.Şoyqunun dediklərindən gəlinən nəticə bu olmuşdu ki, Rusiyanın Ermənistanın dəmir yolları şəbəkəsindən uzaqlaşdırılması nəticəsində yaranacaq durumun fəsadlarını ikincinin özünə dost bildiyi heç bir ölkə qarşılaya bilməz.

Məsələ ondadır ki, Rusiya tərəfi “Cənubi Qafqaz Dəmir Yolları”nın (CQDY) sözügedən konsessiya müqaviləsinin şərtlərini, o cümlədən investisiyalarla bağlı öhdəlikləri məsuliyyətlə yerinə yetirdiyi qənaətindədir. Məsələn, Ermənistanın dəmir yolları sisteminə, habelə, vaqon-lokomotiv parkına 30 milyard rubldan çox, təxminən 400 milyon dollara yaxın investisiya yatırıldığı bildirilir. Bu, Paşinyanın mövcud sahədə anti-Rusiya xətti yürüdə bilməsinin mümkünsüzlüyünə dair, kifayət qədər, aydın mesajdır.

Üstəlik, İrəvanla bağlanmış müqavilə CQDY-nin konsessiyaçı kimi aktivlərə sahibliyini, onların istifadəsini, idarə olunmasını, istismarı, saxlanılmanı, təmir və lazımi təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutur. Eyni zamanda, Şoyqunun diqqətə çatdırdığı bu fikir də var: “Sazişin imzalanması zamanı Rusiya tərəfi Ermənistan dəmir yolu sisteminin 1200-dən çox daşınmaz əmlakı və 12500-dən çox daşınar aktivi üçün məsuliyyəti öz üzərinə götürüb”.

Bundan başqa, Rusiya tərəfi bildirir ki, son 20 ildə sözügedən konsessiya müqaviləsi sayəsində Ermənistan büdcəsinə vergi şəklində 15 milyard rubldan çox, təxminən 200 milyon dollara yaxın vəsait daxil olub və 520 kilometrdən çox dəmir yolu təmir edilib. Halbuki, CQDY QSC tərəfindən idarə olunan şəbəkənin istismar uzunluğu yalnız təxminən 700 kilometrdir. Yəni Rusiya nəinki saziş öhdəliklərini yerinə yetirib, həmçinin, lazım olduğundan da artıq işlər görüb. Şoyqunun səsləndirdiyi bu fikrə də diqqət yetirək: “Hazırda şirkət işəgötürən kimi 2500-dən çox insanın məşğulluğuna təminat verir. Yeri gəlmişkən, onların demək olar ki, hamısı Ermənistan sakinləri və vətəndaşlarıdır. Onlar bütün lazımi sosial müavinətləri alırlar”.

Sonda yenidən baş nazir N.Paşinyanın mövqeyinə qayıdaq. Ölkəsinin dəmir yollarının idarə olunmasına dair Rusiya ilə bağlanmış konsessiya müqaviləsini vaxtından əvvəl ləğv etmək üçün hüquqi mexanizmlərə malikliyini önə çəkən Nikol yuxarıda sadaladıqlarımızla üzləşməlidir. Həmçinin o da aydındır ki, 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistana təsirini itirən Moskva indilik ən mühüm təsir vasitəsi olan dəmir yolu üzərindəki konsessiyadan əlini çəkmək istəməz. Digər tərəfdən, Rusiya, faktiki olaraq, heç bir dövlətin onun Ermənistandakı dəmir yolu üstünlüyünü pulla satın ala bilməzliyini vurğulayır. Cənubi Qafqazda regional kommunikasiyaların açılması gündəminin mövcudluğunu nəzərə alsaq, Kremlin bu müstəvidə təmsilçilik baxımından yeganə rıçağı məhz dəmir yolu üzərindəki nəzarətdir. Deməli, Ermənistanla Rusiyanın yeni gərginlik fazasının yaranacağını proqnozlaşdırmağa dəyər.

Ə.RÜSTƏMOV
XQ

Избранный
30
50
xalqqazeti.az

10Источники