RU

Sumqayıtda MRT cihazı niyə işləmir? RƏSMİ CAVAB KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sumqayıt şəhərində tibbi ləvazimatların və xüsusilə MRT (maqnit-rezonans tomoqrafiya) xidmətinin əlçatan olmaması sakinlər arasında ciddi narahatlıq yaradıb. Vətəndaşlar bildirirlər ki, həkim müayinəsindən keçmək üçün lazımi diaqnostik xidmətlərə çıxışda çətinliklə üzləşirlər. Belə olan halda isə adi bir müayinə üçün ya özəl klinikalara, ya da sığorta ilə paytaxt Bakıya üz tutmaq məcburiyyətində qalırlar. Bu isə əlavə xərclərə və vaxt itkisinə səbəb olur.

Problemlə bağlı KONKRET.az-a müraciət edən şəhər sakini qeyd edib ki, artıq bir neçə aydır Sumqayıt xəstəxanalarında MRT cihazları işləmir. Onun sözlərinə görə, “Sumqayıt kimi böyük bir şəhərdə MRT xidmətinin uzun müddətdir fəaliyyət göstərməməsi qəbuledilməzdir. Cavabdeh qurumlar niyə tədbir görmür?”, – deyə vətəndaş açıq sual ünvanlayıb.

Bəs vətəndaş iddiaları nə dərəcədə doğrudur, Sumqayıtda MRT cihazı həqiqətənmi işləmir?

Problemlə bağlı sorğumuzu cavablandıran Sumqayıt Tibb Mərkəzi məsələni təsdiqləyib. Qurumdan bildirilib ki, mərkəzin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Şəhər Xəstəxanasında MRT xidmətinin dayandırılmasına səbəb texniki nasazlıqdır.

Rəsmi açıqlamada qeyd olunub ki, avadanlıqda yaranmış problem səbəbindən xidmət müvəqqəti olaraq dayandırılıb və nasazlığın aradan qaldırılması üçün zəruri ehtiyat hissəsi artıq sifariş edilib. Hazırda təmir işləri davam etdirilir və yaxın vaxtlarda MRT xidmətinin yenidən bərpa olunacağı gözlənilir.

Bununla yanaşı, qurum vurğulayıb ki, MRT müayinəsinə ehtiyacı olan vətəndaşların tibbi xidmətə çıxışının təmin olunması məqsədilə onlar yaxın ərazilərdə yerləşən digər tibb müəssisələrinə yönləndirilirlər.

Buna baxmayaraq, sakinlər hesab edirlər ki, alternativ ünvanlara göndəriş problemi tam həll etmir və şəhərdə əsas diaqnostik xidmətlərin uzun müddət əlçatan olmaması qəbuledilməzdir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
1
konkret.az

2Источники