“Bu yaxınlarda Ermənistanın sərhəd bölgələrində - məhz azərbaycanlıların köçürəcəyi ərazilərdə neçə məktəbin bağlandığı barədə hesabat dərc edilib. Azərbaycan Ermənistana qarşı tələblər paketi və onların həyata keçirilməsi mexanizmləri yaradırlar. Buna görə də 8 iyunda vətəndaşlar Ermənistan və "Qərbi Azərbaycan" arasında seçim edəcəklər”.
Aia.az xəbər verir ki, bu iddia haqda Rusiya ermənilərinin yekramos.org saytı yazıb.
Xatırladaq ki, bundan əvvəl də erməni mənbələrində sərhədə yaxın kəndlərdən ermənilərin çıxarıldığı, Azərbaycanın isə həmin istiqamətlərdə yeni postlar qurduğu barədə iddialar səsləndirilirdi. Həmin xəbərlər də konkret faktlardan çox, ehtimallar və qorxu üzərində qurulmuşdu. Məqsəd aydındır: həm Ermənistan cəmiyyətində narahatlıq yaratmaq, həm də beynəlxalq auditoriyada “təhlükə altında olan Ermənistan” obrazını gücləndirmək.İndiki məlumatda da oxşar yanaşma müşahidə olunur. Məktəblərin bağlanması kimi sosial məsələ siyasi və geosiyasi kontekstə çəkilərək “azərbaycanlıların köçürüləcəyi ərazilər” kimi təqdim edilir. Halbuki sərhəd bölgələrində məktəblərin fəaliyyətinin dayandırılması çox zaman demoqrafik azalma, təhlükəsizlik və ya iqtisadi səbəblərlə bağlı olur. Bu isə avtomatik olaraq hansısa “köç planı”nın sübutu sayıla bilməz. “8 iyunda Ermənistan və ‘Qərbi Azərbaycan’ arasında seçim” tezisi isə daha çox siyasi manipulyasiya təsiri yaradır. Revanşistlər bu cür ifadələrlə ictimai rəyə təsir etmək, prosesləri dramatik və qaçılmaz göstərmək üçün istifadə edir. Bu iddia ətrafında yayılan məlumatlar təkcə bir xəbər kimi deyil, regionda davam edən informasiya qarşıdurmasının növbəti epizodu kimi qiymətləndirilməlidir. Ermənistanla bağlı bəzi dairələrin son vaxtlar sərhədyanı ərazilərdə məktəblərin bağlanması, əhalinin köçürülməsi və guya Azərbaycanın həmin ərazilərə qayıdış planları qurması barədə yaydıqları məlumatlar revanşist qüvvələrin informasiya təxribatıdır.