RU

Yaz gəldi, amma dəm qazı faciəsi bitmədi

Havalar istiləsir, bəs ölkə üzrə ölümcül hadisələrin sayı niyə azalmır?

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən faciə bir daha cəmiyyətə ağır xəbərdarlıq kimi yadda qaldı. Belə ki, dəm qazı - görünməyən, qoxusuz, lakin ölümcül təhlükə bu dəfə çoxuşaqlı bir ailənin həyatına faciə gətirdi. Hadisə nəticəsində zəhərlənən altı azyaşlıdan biri həyatını itirib.
“Report”un məlumatına görə, zəhərlənmə hadisəsi iki gün əvvəl qeydə alınıb. Belə ki, aprelin 1-də ailənin altı üzvü dəm qazının təsirinə məruz qalıb. Azyaşlılar dərhal xəstəxanaya yerləşdirilib, ilkin tibbi müdaxilələrdən sonra isə vəziyyətlərinin stabilləşdiyi bildirilib və evə buraxılıblar. Lakin faciə bununla bitməyib.
Qəfil halı ağırlaşan, 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya çatdırılıb. Həkimlərin apardığı intensiv müalicə və müayinələrə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
SiyəzəndəQeyd edək ki, dəm qazından zəhərlənmə halları ənənəvi olaraq daha çox qış aylarında baş verir. Lakin son günlər havaların isinməsinə, yaz fəslinin artıq özünü göstərməsinə baxmayaraq, ölkə üzrə belə hadisələrin sayında artım müşahidə olunur. Müxtəlif bölgələrdə ard-arda qeydə alınan bu tip hadisələr göstərir ki, problem mövsümi deyil, daha dərin və sistemli xarakter daşıyır.

Mütəxəssislərin fikrincə, zəhərlənmələrin əsas səbəblərindən biri evlərdə geniş istifadə olunan və “pitiminutka” kimi tanınan su qızdırıcılarıdır. Bu cihazların düzgün quraşdırılmaması, texniki nasazlıqlar, hermetikliyin pozulması və bacaların tıxanması nəticəsində dəm qazı yaşayış sahələrinə sızır. Xüsusilə hamam otaqlarında quraşdırılan bu tip qurğular daha böyük risk yaradır.
Ekspertlər israrla bildirirlər ki, hər mövsüm öncəsi bacaların təmizlənməsi, qızdırıcı cihazların texniki baxışdan keçirilməsi və tüstü yollarının yoxlanılması həyati əhəmiyyət daşıyır. Eyni zamanda, belə cihazların qapalı və zəif havalandırılan məkanlarda deyil, mümkün qədər açıq və yaxşı ventilyasiya olunan yerlərdə yerləşdirilməsi tövsiyə olunur.
Son illərdə həm mütəxəssislər, həm də fövqəladə hallar üzrə qurumlar evlərdə karbonmonoksid (CO) detektorlarının quraşdırılmasını xüsusi olaraq vurğulayırlar. Bu qurğular havadakı dəm qazının ən kiçik konsentrasiyasını belə dərhal aşkar edir və səsli siqnal vasitəsilə insanları xəbərdar edir. Xüsusilə fərdi yaşayış evlərində, köhnə istilik sistemlərinə malik mənzillərdə və mərkəzləşdirilmiş havalandırması olmayan obyektlərdə bu detektorlar sözün əsl mənasında həyat xilas edən vasitəyə çevrilə bilər.

Azərbaycanda

Bəs dəm qazından zəhərlənmənin ilkin əlamətləri hansılardır?
Mütəxəssislər bildirir ki, belə hallarda insanda başgicəllənmə, güclü baş ağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, bəzən isə qeyri-adi oyanıqlıq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar və hətta qıcolmalar müşahidə olunur. Bu simptomlar dərhal təhlükə siqnalı kimi qəbul edilməlidir. Dəm qazından zəhərlənmə zamanı vaxtında və düzgün göstərilən ilkin tibbi yardım insan həyatını xilas edə bilər. İlk növbədə zərərçəkən dərhal zəhərli mühitdən uzaqlaşdırılmalı və təmiz havaya çıxarılmalıdır. Daha sonra ona süni tənəffüs verilməsi, nəfəs yollarının açıq saxlanılması və mümkün hallarda oksigenlə təmin olunması vacibdir.
Əgər zəhərlənən şəxs huşunu itirməyibsə, onun bədən temperaturunu qorumaq üçün üstü örtülməli, isti içkilər verilməli və dərhal tibbi yardım çağırılmalıdır. Huşsuz vəziyyətdə olan şəxslərdə isə ağız boşluğu selikdən təmizlənməli, nəfəs bərpa edilməli və süni tənəffüs tətbiq olunmalıdır.
Unutmaq olmaz ki, bu kimi hallarda hər saniyə həlledicidir. Vaxtında müdaxilə edilmədikdə, beyin hüceyrələrində geri dönməz dəyişikliklər baş verə bilər. Hətta ən yüngül zəhərlənmə hallarında belə, sonrakı fəsadların qarşısını almaq üçün zərərçəkən ən azı 24 saat ərzində həkim nəzarətində qalmalı, toksikoloq və nevropatoloq tərəfindən müayinə olunmalıdır.

Xalidə Gəray
Musavat.com

Избранный
27
12
musavat.com

10Источники