RU

Azərbaycanın kredit bazarı: “Bu sistem real şəkildə işləməli...”

Azərbaycanda kreditləşmə sahəsində proseslərin rəqəmsallaşdırılması və məlumat mübadiləsinin operativliyinin artırılması istiqamətində yeni mexanizmlər tətbiq ediləcək.

Kredit qərarlarının verilməsi prosesinin avtomatlaşdırılması və kreditlərin verildiyi andan etibarən tarixçədə dərhal əks olunmasını təmin edən yeni Ani qeydiyyat sisteminin bu il iyulun 1-nə qədər "Azərbaycan Kredit Bürosu" MMC tərəfindən istismara verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, cari ilin sonuna qədər vətəndaşların öz maliyyə davranışlarını idarə etməsinə imkan verən özünəqadağa xidmətinin də istifadəyə verilməsi planlaşdırılır. Bu xidmət vasitəsilə şəxslər öz adlarına kredit rəsmiləşdirilməsinə məhdudiyyət qoya biləcəklər.

Eyni zamanda, banklar arasında kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğuların mütəmadi aparılması nəzərdə tutulur. Sorğuların nəticələri, mövcud trendlər və təhlillər ictimaiyyətə və maliyyə sektoru iştirakçılarına açıqlanacaq.

Təminat hüquqları və kredit məlumatlarının yenilənməsi prosesində əməliyyat səmərəliliyinin artırılması da prioritet istiqamətlərdən biridir.

Bundan əlavə, kreditlərin verildiyi və ya bağlandığı andan qısa müddət sonra müvafiq məlumatların "Azərbaycan Kredit Bürosu"na təqdim edilməsi üçün məlumat təchizatçıları ilə maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçiriləcək.

Bu tədbirlər kredit bazarında şəffaflığın artırılmasına, risklərin daha effektiv idarə olunmasına və qərarvermə prosesinin sürətləndirilməsinə xidmət edəcək.

Bu yeni rəqəmsallaşdırma mexanizmləri kredit bazarına ümumilikdə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, kredit tarixçəsi maliyyə sistemində etibarın formalaşmasına və risklərin azalmasına xidmət edir:

"Azərbaycanda kredit tarixçəsinin olması, belə bir yanaşmanın nəhayət ki, yaxşı qaydada tətbiq olunması vacibdir. Amma burada bir önəmli detal var ki, kredit tarixçəsinin olması bir tək formal xarakterli olmamalıdır. Bu sistem real şəkildə işləməli, vətəndaşların maliyyə davranışını düzgün qiymətləndirməlidir.

Yəni yaxşı kredit tarixçəsi olan daha az faiz ödəməlidir, dünyada da belə bir yanaşma var. Əgər vətəndaşın kredit tarixçəsi çox yaxşıdırsa, onun kredit tarixçəsi digərlərinə nisbətən daha yaxşıdır və vaxtı-vaxtında kreditləri ödəyirsə, deməli onun növbəti aldığı kredit daha aşağı faizli olmalıdır". 

Ekspert qeyd edib ki, kredit tarixçəsi vətəndaşın maliyyə davranışını göstərən vacib göstəricidir:

"Belə bir yanaşma olsa, təbii ki, bu məntiqli olar və vətəndaşların xeyrinə hesablanar. Eyni zamanda, bu sistem vətəndaşları daha məsuliyyətli olmağa təşviq edər, kredit ödənişlərinin vaxtında yerinə yetirilməsini stimullaşdırar. Bir neçə dəfə kredit alan vətəndaş yaxşı borc ödəyicisidirsə, daha yaxşı kreditə çıxış imkanları əldə etməlidir".

Избранный
3
5
cebheinfo.az

7Источники