Pezeşkianın təşəkkürü, Əliyevin “qardaşım” müraciəti
Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.
İlham Əliyev sosial media hesabında qeyd edib: "İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik".
Xatırladaq ki, Pezeşkian aprelin 3-də X sosial media hesabında etdiyi paylaşımda Azərbaycan hökumətinin və xalqının İrana göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb. Aprelin 2-də isə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Prezident Pezeşkianın təşəkkür mesajı və İlham Əliyevin cavabı diplomatik gedişlər baxımından nəyi göstərir?
Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Musavat.com-a danışıb:
"Dost və qardaş İran xalqı öz tarixinin çətin bir mərhələsindən keçməkdədir. Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın tarixi ənənələrinə sadiq qalaraq, İranda yaşayan dindaşlarımıza və soydaşlarımıza Azərbaycan dövlətinin humanitar yardımını göndərir və bu artıq bir ənənə halını alıb. Ona görə də İran Prezidenti Məsud Pezeşkian tərəfindən Azərbaycan Prezidentinə təşəkkür edilməsi, əlbəttə ki, bu qarşılıqlı əlaqələrin nə qədər mühüm əhəmiyyət daşımasından xəbər verir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənab Məsud Pezeşkianın minnətdarlıq ifadələrinə cavab olaraq öz fikirlərini ifadə edib".
Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdə İran Prezidentini “qardaşım” adlandırması tarixə düşüləsi bir qeyd kimi qiymətləndirilməlidir:
“Çünki heç də İran-Azərbaycan münasibətləri dövründə bu “qardaş” sözünün məzmununu tam ifadə edəcək münasibətlər bərqərar olmamışdı. Lakin Məsud Pezeşkianın prezidentliyi dövründə və Azərbaycan Prezidentinin dost və qardaş İrana olan münasibəti kontekstində, bu gün məhz hazırkı reallıqdan çıxış edərək Azərbaycan Prezidenti İran Prezidentinə “qardaşım” deyə müraciət edir. Hesab edirəm ki, bu ifadə İranda və Azərbaycanda yaşayan milyonlarla insanın qəlbini kövrəldir, ürəyini riqqətə gətirir. Nəhayət, illər sonra doğrudan da biz öz həqiqi qardaşımıza prezident səviyyəsində yenidən “qardaş” deyə xitab edirik. Fikrimcə, bu bir daha onu göstərir ki, dar gündə, çətin gündə Azərbaycan öz qardaşının yanında olmağı bacarır”.
Deputat dedi ki, bu, həm də ona işarədir ki, bundan sonra münasibətlərdə “qardaş” sözünün ifadə etdiyi məzmun əsasında Azərbaycan–İran münasibətləri tamamilə yenidən qurulmalıdır:
“Düşünürəm ki, Azərbaycan xalqının əsrlər boyu davam etdirdiyi birlik, bərabərlik və ortaq mədəniyyətimizin üzərində qurulmalı olan gələcək qardaşlıq münasibətlərimiz üçün də bu, strateji bir çağırışdır".