Küveyt dövləti ölkənin kritik infrastruktur obyektlərini hədəf alan genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) hücumuna məruz qalıb. Strateji əhəmiyyətli müəssisələrin ard-arda zərbələrə məruz qalması ölkənin enerji sistemində ciddi fəsadlar yaradıb. Küveyt Neft Şirkəti (KOC) “Əş-Şüveyx” neft kompleksinə endirilən zərbələr faktını rəsmən təsdiqləyib. Məlumata görə, birbaşa hədəfə alınan kompleksdə güclü yanğın başlayıb. İlkin məlumatlara əsasən, obyekt daxilində insan tələfatı qeydə alınmasa da, infrastruktur layihələrinə külli miqdarda maddi ziyan dəyib.
NOCOMMENT.az xəbər verir ki, hücumlar təkcə neft sektoru ilə məhdudlaşmayıb. Küveyt Energetika Nazirliyi iki mühüm elektrik stansiyasının və suyun duzsuzlaşdırılması qurğularının da PUA-ların hədəfinə çevrildiyini bəyan edib. Şiddətli partlayışlar nəticəsində iki böyük enerji bloku tamamilə sıradan çıxıb ki, bu da ölkənin enerji təminatında fasilələrə yol açıb. Eyni zamanda, sosial şəbəkələrdə Küveyt Neft Nazirliyinin binasına və milli neft şirkətinin baş qərargahına endirilən dəqiq zərbələri əks etdirən kadrlar yayılıb. Hazırda ərazidə yanğınların söndürülməsi və dəymiş ziyanın tam miqyasının müəyyənləşdirilməsi üçün təcili tədbirlər görülür. Regionda gərginlik pik həddə çatıb.
Sara,
NOCOMMENT.az