RU

Ehtiram Quliyevin “düşmən” elan elədiyi şəxs - Onu qınamaq olarmı?

İki gün, üç gecədir ki, ölkənin futbol ictimaiyyətinin fikri Ehtiram Quliyevdə qalıb.

«Turan Tovuz»un İdarə Heyətinin sədrinin Əliyar Ağayevi hədəf almaqla kifayətlənməyən, daha uzağa gedən, bir qədər sətiraltı və bir o qədər də açıq mesajları hələ də müzakirə mövzusudur.

Klubun biznesmen rəhbəri ölkə kubokunun yarımfinal mərhələsində «Zirə»yə 0:2 hesablı məğlubiyyətin günahkarı qismində FİFA referisini görüb, barəsində kifayət qədər sərt, «doza»nı çox-çox aşan ifadələr işlədib.

Elə təqdim edib ki, sanki adıçəkilən baş hakim «Turan Tovuz»un bir nömrəli düşmənidir. Quliyev hələ əvvəldən Ağayevin bu oyuna təyinatına qarşı olduqlarını söyləyib.

Doğrudanmı, Əliyar qərb təmsilçisinin qənimidir.

Deməli, o, cari mövsümdə son kubok qarşılaşması da daxil, 5 dəfə «Turan»ın matçında fit çalıb. Tovuz komandası bu mücadilələrdə 2 qələbə qazanıb, 1 heç-heçə edib və 2 məğlubiyyətlə üzləşib.

Ağayev 29.08.2025 tarixində keçirilən «Neftçi» ilə səfər qarşılaşmasında fit çalıb və «Turan Tovuz» burada 1:0 hesablı qalibiyyətə sevinib.

Ötən ilin noyabrın 8-də «Zirə» ilə rəqib meydanında baş tutan görüşdən də «Turan» xalla ayrılıb (0:0).

Əliyar 2025-ci ilin dekabrında Tovuza gəlib və «Sabah»la dueli idarə edib. Həmin matçda isə qonaqlar «Turan»ı açıq-aşkar üstələyib - 3:1.

Onların yolu bir də bu ilin martında kəsişib. Yenə Bakı, yenə «Neftçi». Və «Turan» paytaxta növbəti səfərində də «ağ-qaralar»ı 1:0 hesabıyla üstələməyi bacarır.

Yalnız «Zirə» ilə qarşılaşma istisna olmaqla, «Turan» tərəfi Ağayevin idarəçiliyindən bircə dəfə də şikayətənməyib. Əksinə, o, əksər hallarda Tovuz komandasına simpatiya bəsləməsi ilə yaddaşlarda qalıb.

Bəs necə olur ki, Ehtiram Quliyev Əliyar Ağayevi iblis qismində təqdim edir?

Görünür, ətrafındakılar onu qızışdırır. Kimdir həmin kəslər?

Sağında Nəsimi Paşayevdir, solunda Səməd Nəsibov. Sədr fubol mövzusunda çox adamı dinləyir, amma bilirik ki, əsasən bu iki fiquru eşidir.

Paşayevlə Nəsibovun fikri ondan ötrü qızıldan qiymətlidir. Nəsibov icraçı direktor olaraq rəsmən «Turan»a aid funksionerdirsə, Paşayev qeyri-rəsmi şəkildə klubun gündəlik daxili həyatında yaxından iştirak edir.

Xüsusən də media ilə bağlı məsələlərdə de-fakto əsas söz sahibidir.

Quliyev oyundan sonra mediaya danışmağa tələsibsə, yəqin ki, Paşayevdən xəbərsiz bunu etməyib və aləmi qarışdırıb bir-birinə.

Heç şübhəsiz, altını çəkəcək. Hər hansı bir formada.

SPORTİFO.AZ

Избранный
72
sportinfo.az

1Источники