RU

Əməkhaqlarında cinsi ayrı-seçkiliyin qarşısı belə alına bilər – Hüquqşünas

“Azərbaycanda işəgötürənlərin vəzifə və məsuliyyəti artırılır”.

Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.

Belə ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, işəgötürən eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etməli olacaq.

Məcəlləyə təklif olunan daha bir dəyişikliyə görə, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

Layihəyə əsasən Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir. Layihədə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna təklif olunan dəyişikliklər də yer alır. Sənədə əsasən, əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur (Report).

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov mövzuya aydınlıq gətirib. Musavat.com-a şərhində o bildirib ki, yerli qanunvericiliyə görə, bərabər əməyə görə bərabər ödəniş prinsipi tətbiq olunur:

“Heç kimə cinsinə, sosial mənşəyinə, irqinə, dini baxışlarında görə fərqli əməkhaqqı verilə bilməz. Bu, Əmək Məcəlləsində, tərəfdaş çıxdığımız beynəlxalq normalarda var. Eyni zamanda, Beynəlxalq Əmək Təşkilatının qoşulduğumuz müvafiq konvensiyalarında əks olunub. Qanuna dəyişiklik təklifi məsələnin qanunvericilikdə əks olunmaması ilə bağlı deyil. Təhsil, səhiyyə sahələrində əməkhaqqı neft, tikinti kimi sektorlara nisbətən aşağıdır. Qadınlar təxminən 30-40 faiz aşağı əməkhaqqı alır. Eyni işi görən, eyni vəzifə daşıyan kişi və qadın fərqli əməkhaqqı verilmə bilməz və verilmir”.

Nigar Həsənli,
Musavat.com

Избранный
2
1
musavat.com

10Источники