RU

"Zatulin hələ də yaşadığı həyat boyunca anlaya bilməyib ki..." - Deputatdan REAKSİYA

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub. Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya xəbərdarlıq edib.

Rusiya niyə Qarabağ məsələsini gündəmə gətirir? Şimal qonşumuz nə üçün daxili işlərimizə qarışır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən deputat Tural Gəncəliyev bildirdi ki, Moskvada keçirilən sonuncu Paşinyan-Putin görüşündən sonra absurd, qərəzli və Azərbaycana qarşı düşmən mövqe sərgiləyən rusiyalı deputat Konstantin Zatulin növbəti dəfə Kremldə Cənubi Qafqazla bağlı destruktiv siyasətin formalaşmasının nəticəsi olaraq özünü ifşa edərək Putin-Paşinyan görüşü ilə bağlı bəzi şərhlər verib:

"Həmin şərhlərdə Azərbaycan dövlətinə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, eləcə də Azərbaycan rəhbərliyinə qarşı çox böyük təxribat xarakterli fikirlər səsləndirilib. Zatulin qeyd edib ki, Paşinyan məhz öz azərbaycanlı həmkarı ilə sövdələşərək Qarabağdan erməni əhalisinin qovulmasına, oranı tərk etməsinə və beləliklə Rusiya sülhməramlılarının və Rusiyanın çətin vəziyyətə düşməsinə səbəb olub. Birincisi, burada qeyd etmək lazımdır ki, Zatulin hələ də yaşadığı həyat boyunca anlaya bilməyib ki, beynəlxalq hüquq, eyni zamanda Rusiyanın özü Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edir. Rusiya, istər BMT Təhlükəsizlik Şurasının qətnamələri, istərsə də ikitərəfli müqavilələr çərçivəsində həmişə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul edib və bu mövqedən kənar alternativ yanaşma mümkün deyil. Rusiyalı deputat ən azından ümumi baza biliklərindən məhrum olduğu üçün belə absurd fikirlər səsləndirir.

İkincisi, əgər Rusiya ilə Ermənistan arasında hansısa soyuqluq yaranıbsa və tərəflər bir-birini ittiham edirsə — kim müharibəni uduzub, nəyə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın “xilasına” gəlməyib kimi mübahisələr fonunda Azərbaycan ərazisinin və Azərbaycan dövlət başçısının adının çəkilməsi Zatulin tərəfindən çox əxlaqsız və tərbiyəsiz bir bəyanatdır. Bu yanaşma nəinki Ermənistanla Rusiya arasındakı münasibətlərdəki gərginliyi göstərir, eyni zamanda Rusiyanın özünün Ermənistana münasibətdə mövcud reallığını da ortaya qoyur. Digər tərəfdən, Zatulin Azərbaycana qarşı konstruktiv və praqmatik münasibətlər sərgiləyən, qonşularla hörmət və yaxşı qonşuluq prinsipləri əsasında siyasət yürüdən Azərbaycana qarşı belə bəyanat səsləndirib".

O əlavə etdi ki, Zatulin tərəfindən səsləndirilən fikirlər rədd edilir:

"Bu fikirlər onun şəxsi təxəyyülünün məhsuludur. Cənubi Qafqazda uzun müddət xalqları bir-birinə qarşı qoymaqla nəticə əldə etməyə çalışan Zatulin kimi siyasətçilər artıq anlamalıdırlar ki, Ermənistanın Azərbaycana qarşı manipulyasiya olunması, “taran” kimi istifadə edilməsi dövrü başa çatıb. Azərbaycan xalqı, Azərbaycan ordusu və Azərbaycan dövləti işğalçılara və onların havadarlarına öz mövqeyini göstərib, öz missiyasını şərəflə yerinə yetirib. Bundan sonra Zatulin kimilərin postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinə xələl gətirmək və düşmənçilik yaratmaq məqsədi daşıyan bəyanatları heç bir nəticə verməyəcək. Bu cür çıxışlar yalnız həmin siyasətçilərin aqressiv, ekspansionist və imperialist düşüncələrini ifşa edir və normal münasibətlərdə olan qonşuları onlardan uzaqlaşdırır. Bu isə Azərbaycan, Cənubi Qafqazın lider ölkəsi kimi sülh gündəliyini irəli aparan dövlət üçün qəbuledilməzdir və Azərbaycan bu destruktiv yanaşmaları rədd edir".

NURİYYƏ

Избранный
42
1
redaktor.az

2Источники