QHT.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsindən verilən məlumata görə, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, “Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” adlı elmi jurnalın təsisçi –redaktoru professor Mahirə Hüseynova və jurnalın baş redaktoru, Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova “Üstün Redaktor Mükafatı - 2025” mükafatına layiq görülüb.
2025-ci ilin nəticələrinə görə, ilk sırada yer alan “Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” elmi jurnalı beynəlxalq tələblərə uyğunlaşdırılaraq davamlı identifikatorların təminatında, nəşr edilən elmi-məqalələrin daha çox oxunaqlı olması ilə elmi mühitin düzgün formalaşmasında və istifadə edilən istinadların tədqiqatlar üçün geniş istifadə olunmasında jurnal rəhbərliyinin verdiyi dəstəyinə görə, mükafat Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Azərbaycan ISSN (International Standard Serial Number – Beynəlxalq Standart Seriya Nömrəsi) Milli Mərkəzinin Əlaqələndiricisi və Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin direktoru Xəyalə Məmmədova tərəfindən təqdim edilib.
Qeyd edək ki, 2025-ci ildən etibarən “Üstün Redaktor Mükafatı” elmi nəşrlərin qeyd edilən fəaliyyət istiqamətləri üzrə qiymətləndirilməsi prosesində ilk sırada yer alan nəşr redaktorları üçün hər ildə 1 dəfə təqdim edilir.
Zəhra Ağayeva