ABŞ-nin İrana qarşı hərbi əməliyyatı nəticəsində Səudiyyə Ərəbistanın maliyyə itkiləri 10 milyard dolları ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
Qəzetin yazdığına görə, əsas itkilər Hörmüz boğazında gəmiçilik məhdudiyyətləri ilə bağlıdır. Bu da krallığın neft ixracına mənfi təsir göstərir. İranın raket zərbələri, habelə Formula 1 yarışı kimi böyük beynəlxalq tədbirlərin ləğvi isə ölkəyə qismən ziyan vurub.
Yaxın Şərq münaqişəsi fonunda ölkə hakimiyyəti və iri dövlət şirkətləri əməliyyat xərclərini azaltmaq üçün yeni göydələnlərin tikintisi də daxil olmaqla, əsas infrastruktur layihələrinin qrafikinə yenidən baxır.
Bundan əlavə, Səudiyyə Ərəbistanı müdafiə büdcəsinin təcili artırılmasını nəzərdən keçirir ki, bu da vəsaitlərin yenidən bölüşdürülməsini tələb edir.