RU

Artıq çəki ayaq əyriliyinə səbəb ola BİLƏR

Artıq çəkinin yalnız bədən quruluşuna deyil, eyni zamanda ayaq formasına da təsir etdiyi məlum olub.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə fitness məşqçisi İrina Maltseva məlumat verib.

Onun sözlərinə görə, bədən çəkisi artdıqca ayaqlarda ödem yaranır və pəncə tədricən yastılaşaraq eninə genişlənir. Nəticədə əvvəllər rahat olan ayaqqabılar dar gəlməyə başlayır.

Mütəxəssis bildirib ki, bu prosesin iki əsas səbəbi var. Birinci səbəb ödemdir. Çəki artdıqda damarlara düşən yük çoxalır, maye dövranı zəifləyir və günün sonuna doğru ayaqlarda şişkinlik yaranır. İkinci səbəb isə ayaq quruluşunun dəyişməsidir. Daimi artıq yük nəticəsində ayağın qövsü aşağı düşür, pəncə eninə yayılır və hətta uzunluğu da arta bilər. Bu zaman narahatlıq artıq günün sonunda deyil, daimi hiss olunur, daban və pəncədə ağrılar yaranır.

Maltseva ödemin qarşısını almaq üçün uzun müddət hərəkətsiz qalmamağı tövsiyə edir. Onun sözlərinə görə, hətta yüngül gəzinti belə qan dövranını yaxşılaşdırır və limfa durğunluğunu azaldır. Axşam saatlarında ayaqları ürək səviyyəsindən yuxarı qaldırmaq da faydalıdır.

Bundan əlavə, mütəxəssis ayaqqabının günün sonunda – ayağın ən geniş olduğu vaxtda seçilməsini, qövsü dəstəkləyən və alçaq dabanlı modellərə üstünlük verilməsini məsləhət görür.

Ayaqların sağlamlığını qorumaq üçün sadə məşqlər də tövsiyə olunur. Bunlara barmaq ucları üzərində qalxma, ayaq barmaqları ilə dəsmal yığmaq, topuq oynağı ilə dairəvi hərəkətlər və baldır əzələlərinin dartılması daxildir. Bu məşqlər ayaq qövsünü dəstəkləyir və gərginliyi azaldır.

Arıqlamaq istəyənlər üçün isə qaçış əvəzinə gəzinti, velosiped və ya üzgüçülük daha uyğun hesab edilir. Çünki yüksək zərbəli yüklənmələr artıq yüklənmiş ayaqlara əlavə zərər verə bilər.

Mütəxəssis xüsusilə diabet xəstələrinə diqqətli olmağı tövsiyə edir. Ayaqda yaranan dəyişikliklər, şişkinlik və sağalmayan yaralar bu şəxslər üçün daha ciddi fəsadlara səbəb ola bilər. Buna görə ayaq sağlamlığına daim nəzarət vacibdir.

NURİYYƏ

Избранный
30
1
redaktor.az

2Источники