RU

Azərbaycan neftində ŞOK ARTIM – 142 dollar oldu

Son günlər dünya enerji bazarlarında müşahidə olunan kəskin və xaotik qiymət artımları fonunda Azərbaycan neftinin qiymətində müəyyən korreksiya qeydə alınıb. Ötən günlərdə rekord həddə — 142 ABŞ dollarına qədər yüksələn “Azeri Light” markalı neft hazırda 122–123 dollar civarında qərarlaşıb. Bu geriləmə bazarda böyük marağa səbəb olsa da, rəqəmlər hələ də son illərin ən yüksək və heyrətləndirici göstəriciləri sırasındadır.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli NOCOMMENT.az-a bildirib ki, neftin qiymətindəki bu kiçik azalma bazarda baş verən texniki korreksiya ilə bağlıdır, lakin əsas hərəkətverici qüvvə hələ də geosiyasi gərginlikdir: “Neftin 142 dollara qədər sıçrayışı birbaşa ABŞ-İran müharibəsi riskinin və Hörmüz boğazındakı maneələrin nəticəsi idi. Hazırkı 122-123 dollarlıq qiymət isə kəskin artımdan sonra bazarların bir qədər sabitləşməsi prosesidir. Lakin bu, qiymətlərin tam düşəcəyi anlamına gəlmir. Hörmüz boğazı dünya neft ticarətinin şah damarıdır və orada yaranan hər hansı fiziki maneə, gəmilərin hərəkətinin məhdudlaşdırılması tədarük zəncirində qırılmalara yol açır. Bu isə birbaşa qiymət artımına səbəb olan ən böyük faktordur”.

Ekspertin sözlərinə görə, Azərbaycan neftinin qiyməti hələ də yüksək səviyyədə qalır və bu, ölkə iqtisadiyyatı üçün ikili təsir yaradır: “Bir tərəfdən 120 dollardan yuxarı qiymət büdcəmizə nəhəng valyuta axını deməkdir. Digər tərəfdən isə, ABŞ və İran arasındakı gərginlik səbəbindən Hörmüzdə yaranan tıxaclar qlobal daşınma xərclərini artırır. Bu da öz növbəsində dünya bazarında ümumi inflyasiyanı tətikləyir. Yəni biz nefti baha satsaq da, idxal etdiyimiz ərzaq və sənaye mallarını da baha almağa başlayırıq. Azərbaycan neftinin əvvəlki aylarla müqayisədə xeyli yuxarıda olması bizim üçün manevr imkanı yaratsa da, Hörmüz boğazındakı qeyri-müəyyənlik bazar iştirakçılarını qorxu içində saxlayır”.

Ekspert qeyd edib ki, yaxın günlərdə qiymətlərin yenidən 140 dollar həddini keçməsi istisna deyil: “Əgər ABŞ-İran qarşıdurması fonunda Hörmüz boğazı tamamilə qapanarsa və ya hərbi maneələr aradan qaldırılmazsa, 122 dollarlıq ‘sabitlik’ müvəqqəti olacaq. Bazar hazırda BMT-dən və regiondakı diplomatik gedişlərdən gələcək xəbərləri gözləyir. Azərbaycan üçün əsas məsələ odur ki, qlobal bazardakı bu təlatümlər fonunda neft gəlirləri artsa da, dünya iqtisadiyyatında yaranan bu qeyri-sabitlik uzunmüddətli perspektivdə risklər vəd edir. Hələlik isə ‘Azeri Light’ öz rekord bahalıq statusunu qoruyub saxlayır”.

Tunar,
NOCOMMENT.az

Избранный
16
nocomment.az

1Источники