Qanun layihəsində qeyd olunur ki, işin bərabər dəyərli hesab edilməsi əmək şəraiti, funksiyanın xarakteri və qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulan meyarlar əsasında müəyyən ediləcək. Bu yanaşma əmək münasibətlərində daha obyektiv qiymətləndirmə mexanizminin tətbiqinə xidmət edir.
Eyni zamanda Əmək Məcəlləsinin müvafiq maddəsinə əlavə edilən yeni hissə ilə "eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsinin təmin edilməsi" ayrıca prinsip kimi təsbit olunur.
"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanuna edilən dəyişikliklər isə bu prinsipi daha da konkretləşdirir. Belə ki, işəgötürənin eyni və ya bərabər dəyərli işlər üzrə əməkhaqqını bərabər ödəməli olduğu açıq şəkildə qeyd edilir və bu zaman yenə də əmək şəraiti və tarif-ixtisas xüsusiyyətləri əsas götürülür.
Bununla yanaşı, qanunun 9.2-ci maddəsindən "mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər" ifadəsinin çıxarılması təklif olunur ki, bu da əməkhaqqı anlayışının daha dəqiq sərhədlərinin müəyyənləşdirilməsinə yönəlib.