RU

Bu ailə nəzarətə götürüldü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt bələdiyyəsinin nümayəndələri 6 uşağı dəm qazından zəhərlənən ailəyə baş çəkiblər.

Musavat.com xəbər verir ki, Komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu hadisənin aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürüldüyünü və diqqətdə saxlanıldığını bildirib.

Onun sözlərinə görə, hadisə baş verən ailənin evində yerində baxış keçirilib, mövcud vəziyyət qiymətləndirilib. Uşaqların sağlamlıq durumu və ailənin sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb:

“Hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb müəssisələrində davam etdirilir və onların vəziyyəti həkim nəzarətindədir. Eyni zamanda baş verən hadisənin dəm qazından zəhərlənmə ehtimalı da araşdırılır və bu istiqamətdə müvafiq yoxlamalar aparılır”.

Teymur Mərdanoğlu bildirib ki, aparılan araşdırmaların nəticələrinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək:

“Bununla yanaşı, valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha diqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir. Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, aprelin 3-də onlardan biri – 1 yaş yarımlıq körpə ölüb. Ailənin 9 uşağı olub.

Şahanə Rəhimli
Musavat.com

Избранный
19
10
musavat.com

10Источники