RU

Bu ixtisasları öyrənənlər işsiz qalmır Lənkəran və Cəlilabad peşə mərkəzlərindən REPORTAJ

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Aprelin 3-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. İnfoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, jurnalist və blogerlər iştirak ediblər.

Redaktor.az xəbər verir ki, 2,7 hektar ərazisi olan və yenicə təmirdən çıxmış mərkəzdə tədris və yataqxana ilə yanaşı, idman, kulinariya təlimi korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb.

Lənkəran Peşə Təhsili Mərkəzində turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri - yəni hazırda daha çox tələbat olan sahələr üzrə kadrlar hazırlanır. Hazırda mərkəzdə 42 ixtisas üzrə 1000-ə yaxın tələbə təhsil alır.

Mərkəzin ən maraqlı korpuslarından biri də 600 kv.m tam avtomatlaşdırılmış müasir istixana kompleksidir. Burada tələbələrə xüsusi qaydada torpaqdan istifadə etmədən, asma üsulu ilə pomidorların yetişdirilməsi öyrədilir. Müəllimlər gülərək bu bitkilərə “göydə bitən pomidorlar” deyirdilər. İstixanaya baxış zamanı nazir müavini Kənan Kərimzadə bildirdi ki, bu regionda təkcə pomidor yetişdirmək üçün deyil, istər çiyələk, istərsə də digər giləmeyvələrin yetişdirilməsi üçün bu istixanalara və işçi heyətinə ehtiyac var. 

 

  

Bildiyimiz kimi, artıq Azərbaycanda hibrid və elektrik avtomobilləri çox geniş yayılıb. Lənkəran Peşə Təhsil Mərkəzinin emalatxana korpusunda bu sahədə ixtisaslaşmış ustalar da hazırlanır. Elektirik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik ixtisası Azərbaycanda yeni ixtisasdır və hazırda bu ixtisas üzrə 20 tələbə qəbul edilib. Tədris prosesi həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilir, xidmət sahəsi isə bütün zəruri avadanlıqlarla tam təmin olunub.

 

Mərkəzdə bərbər-vizajist-manikürçü və bərbər ixtisasları üzrə də kadrlar hazırlanır. Onlar üçün dərslər bərbər emalatxanalarında keçirilir. Burada həm qadınlar, həm də kişilər üçün ayrıca bərbər otaqları mövcuddur. Bu sahəyə maraq isə getdikcə artır. Çünki bu peşədə iş tapmaq çətin deyil, hətta şəxsi biznes qurmaq imkanı da var. Mərkəzdə müxtəlif yaş qrupundan olan xanımlara seçdikləri sahə üzrə biliklər praktiki şəkildə, sıfırdan öyrədilir. Eyni zamanda, tələbələrin işlə təmin olunması istiqamətində də aktiv fəaliyyət aparılır. Belə ki, əvvəlki ilin məzunları üçün xüsusi votsap qrupu yaradılıb və onlara real iş imkanları barədə mütəmadi məlumat verilir.

 

Bunlarla yanaşı, geyim üzrə dizayner ixtisası da var. Maraqlısı budur ki, bu ixtisas üzrə təhsil alan tələbələrdən cəmi 1 nəfəri oğlan idi. O bildirdi ki, bu sahəyə marağı hər zaman olub. Əsgərliyi bitirib gələndən sonra da bu sahədə işləməyi düşünür.

 

 

Mərkəzdə həmçinin dərzilik ixtisası da var. Bu ixtisas üzrə dərs alanlar demək olar ki, qadınlar idi. Dərzilik peşəsi də həmçinin hazırda ən çox tələbat olan sahələrdən biridir.

  

 

Peşə Təhsil Mərkəzində ən çox tələb görən ixtisaslardan biri də aşpazlıqdır. Hazırda burada hər biri 20 nəfərdən ibarət 4 kulinariya qrupu fəaliyyət göstərir. Geniş və müasir kulinariya emalatxanasında isə eyni anda 80 tələbə praktiki məşğələlərdə iştirak edə bilir. Mərkəzdə əsasən aşpazlıq, qənnadçılıq və şirniyyatçılıq istiqamətləri üzrə tədris aparılır. Bu sahələr üzrə məzun olanlar isə əmək bazarında ən tez və asan iş tapanlar sırasındadır.

 

Həmçinin mərkəzin ərazisində təlim-qonaq evi də tikilib. Mərkəzin direktoru Afər Kərimov bildirdi ki, gələcəkdə qonaq evi turistlər üçün də fəaliyyət göstərəcək və burada çalışanlar həmin mərkəzin tələbələri olacaq. Belə ki, mərkəzdə mehmanxana və restoran işinin təşkili və idarə edilməsi, turizm təşkilatçısı, turizm sahəsində iaşə üzrə mütəxəssis ixsisasları üzrə təhsilalanlar var və onlar qonaq evində praktik biliklərə yiyələnəcəklər. Yeri gəlmişkən, direktorun sözlərinə görə, turizm ixsisası üzrə məzunlar arasında hazırda Lənkəranda fəaliyyət göstərən hotellərdə, istirahət mərkəzlərində işlə təmin olunanlar var. 

 

Mərkəzdə dual təhsil proqramı da tətbiq olunur. Qeyd edək ki, dual təhsil tələbənin tədris ili boyunca peşə təhsili müəssisələrində nəzəri biliklərlə yanaşı, şirkətlərdə işəgötürənlərlə birgə praktiki bacarıqlar əldə etməsini təmin edən təhsil yanaşmasıdır. Məsələn, Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində qənnadçı-şirniyyatçı ixtisası üzrə təhsil alan tələbələr Lənkəran şəhərindəki “İpək Yolu” un məmulatları şirkətində praktik bacarıqlar əldə edirlər. Məlum oldu ki, hazırda şirkətin işçliləri arasında mərkəzin məzunları da çalışır. 

Həmçinin avtomobil diaqnostikası və təmiri ustası ixtisası üzrə təhsilalanlar da dual təhsil modelinə cəlb olunublar. Direktorun verdiyi məlumata görə, nəzəri dərslərlə bərabər, Lənkəranda fəaliyyət göstərən avtomobil təmiri üzrə şirkətlərdən biri mərkəzdəki emalatxanada tələbələrə praktiki təlim keçirlər.

 

Lənkəran Dövlət Peşə Mərkəzində təhsil alan tələbələrin hamısı heç də gənclər deyil. Elektirik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis ixtisası üzrə ən yaşlı tələbənin 49 yaşı var. Bu ixtisasda oxuyanların bir neçəsi orta yaşlı kişilər idi. 

Onu da bildirək ki, təhsil mərkəzinin ərazisində 53 nəfərlik yataqxana binası da tikilib. 

İnfoturun ikinci dayanacağı olan Cəlilabad Peşə Təhsil Mərkəzi 30 hektar ərazini əhatə edir. Bu mərkəz ölkənin ən böyük peşə təhsil müəssisələrindən biri hesab olunur. Mərkəzdə 3 laboratoriya, 13 emalatxana, STEAM Mərkəzi, praktiki məşğələ otaqları, 252 yerlik akt zalı, idman zalları və meydançalar, avtotəmir binası, maldarlıq ferması və istixanalar fəaliyyət göstərir.

 

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi bölgənin xüsusiyyətlərinə uyğun olaraq əsasən əkinçilik, bitkiçilik, baytarlıq və maldarlıq istiqamətləri üzrə ixtisaslaşıb. Mərkəzdə bu sahələr üzrə praktiki təlim üçün maldarlıq ferması, istixanalar fəaliyyət göstərir. Fermada həm ətlik, həm də südlük istiqamətdə istifadə olunan smental cinsli inəklər saxlanılır. 

 

 

Mərkəzdəki geniş profilli traktorçu-maşinist ixtisası üzrə təkcə oğlan tələbələr yox, qızlar da oxuyur. Qızlarımız artıq müxtəlif profilli traktorları məharətlə idarə edirlər.

Mərkəzin digər emalatxanalarından birində mebel ustası tədris olunur və bu istiqamət üzrə sexlər bütün zəruri avadanlıqlarla tam təmin edilib. Təhsilin ən diqqətçəkən tərəflərindən biri isə dual təhsil modelinin tətbiqidir. Bu sistemə əsasən, tələbələr həftənin 2 gününü mərkəzdə nəzəri və praktiki dərslərlə keçirir, qalan 3 günü isə müxtəlif sexlərdə real iş mühitində təcrübə qazanırlar. Müsbət cəhətlərdən biri də odur ki, burada məktəb partalarının yenidən emalı da həyata keçirilir.

 

  

 

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində tələbələrin yaşaması üçün yataqxana da vardır. Bundan başqa, tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün bütün şərait yaradılıb. 

Hər iki peşə təhsili mərkəzinə səfərimizdən belə qənaətə gəldik ki, artıq "adı olub, özü olmayan" peşə məktəbləri dövrü geridə qalıb. İndi peşə mərkəzlərində həm günümüzün tələblərinə uyğun ixsisalar üzrə qəbul aparılır, tələbələr həm nəzəri bilkilər, həm də real praktiki bacarıqlar əldə edirlər. Mərkəzlər bütün ixtisaslar üzrə ən müasir avadanlıqlarla təmin olunub ki, bu da öyrənmək üçün ən vacib məsələlərdən biridir.

Azərbaycanda reallıq budur ki, sənəti, peşəsi olan insanlar üçün iş tapmaq çətin deyil. Ona görə də bəzi hallarda ali təhsil alıb illərlə iş axtarmaqdansa, bəlkə də gənclər peşə təhsilinə üz tutsalar daha məsləhətlidir. Necə deyərlər, bu gün əlində bir peşən varsa və o peşənin mahir bilicisisənsə, bu, hər şeydən üstündür.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
3
redaktor.az

4Источники