RU

“Bu, sadəcə möhlət deyil” – Trampın addımının arxasında hansı plan dayanır?

ABŞ prezidenti Donald Trampın İrana verdiyi möhləti yenidən uzatması Yaxın Şərqdə onsuzda yüksək olan gərginliyi daha da artırıb. Ağ Ev sahibinin bu qərarı özü ilə bərabər çoxsaylı suallar yaratmaqdadır.

Bu, son müddətdir, yoxsa Tramp yenidən vaxtı uzadacaq?

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-da vurğuladı ki, Trampın İrana verdiyi möhləti uzatması müxtəlif aspektdən şərh edilməkdədir: "Bir qisim ekspertlər bunu Trampın qeyri-ciddiliyi ilə əlaqələndirirlər. Digərləri isə bunu Birləşmiş Ştatların hadisələri qiymətləndirmək və nə etmək istədiyini dəqiqləşdirmək üçün vaxt qazanmaq arzusuna bağlayır. Başqa bir qrup ekspert isə, ABŞ-nin sülhsevər obrazını formalaşdırmaq cəhdi kimi dəyərləndirir. Hər halda ardıcıl olaraq möhlətin uzadılması sadə niyyətlərə xidmət etmir. Bunun arxasında çox böyük planlar gizlənir.

Onu da xüsusi vurğulamaq lazımdır ki, möhlətin uzadılması ilə yanaşı İrana qarşı səsləndirilən kəskin təhdidlər həm də ciddi psixoloji təzyiq elementidir.

ABŞ-İran münasibətlərinin indiki mərhələsində diplomatik cəhdlər nəticəsiz görünür. Çünki, bu yalnız iki ölkənin müharibəsi deyil, bir-birinə zidd olan iki qütbün savaşıdır. Yəni iddialar kifayət qədər böyük, maraqlı tərəflər isə göründüyündən çoxdur.

Müharibə zamanı diplomatiya o vaxt uğur qazanır ki, ya tərəflərdən biri tamamilə məğlub olur, ya da qarşı duran tərəflər güzəştə getməyə hazır olur. İndiki halda bu iki halın heç biri yoxdur. Nə ABŞ-İsrail cütlüyü, nə də İran özünü məğlub hesab etmir. Həmçinin ABŞ-İsrail tandeminin irəli sürdüyü şərtləri, eləcə də İranın tələblərini qarşılıqlı güzəşt kimi qiymətləndirmək mümkün deyil. Əslində ortada olan şərtlər müharibəyə çağırış kimi səslənir. Ona görə də birmənalı şəkildə demək olar ki, ABŞ-İsrail birliyi irəli sürdüyü şərtləri dəyişmədiyi təqdirdə müharibənin dayanacağı inandırıcı görünmür. Əksinə, o böyüyərək daha geniş coğrafiyanı əhatə edə bilər".

Cavanşir Abbaslı
Musavat.com

 

Избранный
7
50
musavat.com

10Источники