RU

Kişi arvadını döydü, qapalı kəllə-beyin travması yarandı

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Uğur Yusiflinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilib.

 

İttihama görə, hadisə 2026-cı ildə saat 11 radələrində paytaxtın Xəzər rayonu ərazisində yerləşən fərdi yaşayış evində baş verib.

 

Belə ki, təqsirləndirilən şəxs ilə həyat yoldaşı, zərərçəkmiş Pəri Yusifli (adı, soyadı şərtidir) arasında yaranmış mübahisə zamanı sonuncuya qarşı fiziki zor tətbiq edilib.

 

Araşdırmalarla müəyyən edilib ki, Uğur Yusifli qadının boğaz nahiyəsindən tutaraq onu yerə yıxıb. Nəticədə zərərçəkmiş şəxsə baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, eləcə də boyun nahiyəsində səthi sıyrıq kimi xəsarətlər yetirilib.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

 

Məhkəməyə təqdim edilmiş ərizələrdən məlum olub ki, Uğur Yusifli özünü təqsirli bilib, Pəri Yusifli ilə barışdığını və qadının ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. O, həmçinin iş üzrə icraata xitam verilməsini xahiş edib.

 

Zərərçəkmiş şəxs də məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, dəymiş ziyanın tam şəkildə ödənildiyini qeyd edib və iş üzrə icraata xitam verilməsini istəyib.

 

Kamal Məmmədov

Tarix: 7 Aprel 2026, 09:17   
Избранный
31
pravda.az

1Источники