RU

"Liverpul" darmadağın, “Arsenal” biabır oldu - İCMAL

Aprelin 4-5-də İngiltərə kubokunda 1/4 final oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” – “Liverpul” oyunu daha böyük maraq doğururdu. Komandalar açıq oyuna üstünlük verdiyindən təhlükəli vəziyyətlərin sayı çox idi. Mamardaşvilinin uzun ötürməsindən sonra Salah Traffordun qapısı önündə görünsə də, Xusanov son məqamda onun zərbəsinin qarşısını aldı. “Şəhərlilər” isə Şerkinin yerdə qaldığı epizodda penalti istədi. Ancaq hakim onların iddiasına fikir vermədi.

İlk yarının sonlarında meydan sahibləri qol istəyinə çatdı: Van Diykin O’Rayli ilə mübarizədə qaydanı pozmasına görə təyin olunan penaltini Holann dəqiq yerinə yetirdi. Uzatma dəqiqələrində isə Semenyonun asmasından yararlanan norveçli ulduz 2-ci qolu da vurdu. Fasilədən sonra fərq darmadağın həddinə çatdı. Şerki Semenyonun fərqlənməsinə şərait yaratdı. Oyunun bir saatı tamamlanmamış Holann 4-cü qolu da vurdu. 64-cü dəqiqədə Salah qollardan birinin əvəzini çıxa bilərdi, ancaq Trafford onun zərbəsinin qarşısını aldı. Yeri gəlmişkən, misirli ulduz ardıcıl ikinci oyunda penaltini boşa verdi. O, martın 18-də keçirilən “Qalatasaray”la ÇL oyununda da eyni bəxtsizliyi yaşamışdı. Beləliklə, MS çempionu darmadağın etməklə kubokda yarımfinala yüksəldi.

Martın 22-nə, yəni Liqa kubokunun finalına qədər 4 turnirdə qələbəyə ümid edən “Arsenal” həmin gün MS-yə uduzmuşdusa, aprelin 4-də daha böyük biabırçılıq yaşadı. Çempionşipin turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan “Sauthempton” “topçular”ı kubokdan uzaqlaşdırdı. Premyer-liqanın lideri oyuna fəal başlasa da, təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. Əvəzində 35-ci dəqiqədə “müqəddəslər” hesabı açdı. İldırım sürətli əks-hücum zamanı Stüart fərqləndi. Uayt komandasını xilas edə bilərdi, ancaq topa çatmadı. 60-cı dəqiqədə oyuna qoşulan Dyökereş bir qədər sonra hesabı bərabərləşdirdi. Ancaq londonlular təzyiqi artıra, qələbə topunu vura bilmədi. 85-ci dəqiqədə meydan sahibləri yenə sürətli əks-hücum qurdu və yenə qol vurdu. Bu dəfə xilas olmağa nə vaxt var idi, nə də güc. “Arsenal” indi gözünü çempionluğa və ÇL-də qələbəyə dikməlidi. Hərçənd ikinci hədəfə çatmaq çox çətin olacaq.

Bu mərhələnin qalan oyunlarına gəlincə, “Çelsi” D-3 təmsilçinə qarşı heç bir çətinlik çəkmədi. “Zadəganlar” “Port Veyl”in qapısından 7 cavabsız top keçirdi. “Çelsi” buna qədər müxtəlif turnirlər çərçivəsində son dörd oyunda uduzmuşdu.

1/4 finalın son oyununda premyer-liqanın autsayderləri – “Vest Hem” ilə “Lids” qarşılaşdı. “Çəkicdöyənlər” “doğma divarlar” amilindən yararlana bilmədi. “Lids” penalti seriyasında qalib gəldi.

Yarımfinalda bu cütlər qarşılaşacaq: Mançester Siti – Sauthempton, Çelsi – Lids. Oyunlar aprelin 25-26-da keçiriləcək.

1/4 final
Mançester Siti – Liverpul 4:0

Holann, 39-p.; 45+2; 57. Semenyo, 50.
MS: Trafford, Nunyeş, Xusanov, Qehi, O’Rayli, Rodri (Niko, 62), B.Silva, Semenyo (Foden, 71), Şerki (Reynders, 71), Dokyu (Savinyo, 62), Holann (Marmuş, 77).
Liverpul: Mamardaşvili, Qomes (Frimponq, 62), Konate, Van Diyk, Kerkez, Qravenberx (Makallister, 67), Cons, Salah (Kyeza, 77), Soboslai, Virts (Nqumoa, 68), Ekitike (Qakpo, 68).

Sauthempton (D-2) – Arsenal 2:1
Stüart, 35. Çarlz, 85 – Dyökereş, 68.
Arsenal: Kepa, Lüis-Skelli (Kalafyori, 60), Qabriel (Saliba, 73), Moskera, Uayt, Nerqor, Edeqor (Madueke, 61), Haverts (Subimendi, 79), Martinelli, Douman, Jezus (Dyökereş, 60).

Çelsi – Port Veyl (D-3) 7:0
Hato, 2. Pedro, 25. Qabriel, 42-öz qapısına. Adarabioyo, 57. Santos, 69. Estevao, 82. Qarnaço, 90+2-p.
Çelsi: Sançes, Hüsto (Açimponq, 86), Fofana, Adarabioyo, Hato, Lavia (Kavuma, 78), Santos, Neto (Qarnaço, 61), Palmer (Essuqu, 62), Estevao, Pedro (Delap, 61).

Vest Hem – Lids 2:2, p. – 2:4
Fernandes, 90+3. Disasi, 90+6 – Tanaka, 26. Kalvert-Lüin, 75-p.

Faktlar
* Holann MS-nin heyətində cari mövsümdə ilk dəfə üç qol vurdu. Bu, onun karyerasında 28-ci het-trikdi. Norveçli MS-nin heyətində sonuncu dəfə üç qolu 2024-cü il avqustun 31-də - “Vest Hem” ilə çempionat oyununda (3:1) vurmuşdu.
* “Liverpul” cari mövsümdə bütün turnirlər çərçivəsində 15 oyunda uduzub. Bu, Brendan Rocersin “sükan arxasında” olduğy 2014/15 mövsümündən (18) bəri mersisaydlılar üçün ən pis göstəricidi. Komanda Yürgen Kloppun dövründə heç vaxt belə aqibətlə üzləşməmişdi.
* “Çelsi” son ilyarımdakı ən böyükhesablı qələbəsini qazandı. London təmsilçisi sonuncu dəfə 2024-cü ilin noyabrında 7 və daha artıq top fərqi ilə qalib gəlmişdi. Həmin vaxt Konfrans Liqasının oyununda Ermənistan “Noa”sı məğlub edilmişdi (8:0).
* “Arsenal” son iki oyunda MS-yə və “Sauthempton”a uduzub. “Topçular” sonuncu dəfə ötən ilin mayında ardıcıl iki məğlubiyyətlə üzləşmişdi.

Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:
“İlk yarı yetərincə bərabər mübarizə şəraitində keçdi, fasiləyə yollananda 0:2 uduzmağımız əhval-ruhiyyən pisləşdirdi. İkinci hissəyə geridönüş ümidi ilə çıxdıq, ancaq dərhal da cəzalandıq – 0:3, 0:4. Bunu qəbul etmək çətindi. Yaxşı ki daha artıq qol buraxmadıq. “Etihad”da 0:4… Sonda biz artıq yalnız daha pis olmaması üçün döyüşürdük”.


Pep Leynders, MS-nin məşqçisi (Qvardiola cəzalı idi - red.):
“Qvardiola çox razıdı, əsas olan da budu. Onu razı salmaq asan deyil. Yaxşı oyun keçirdik. İlk 25 dəqiqəqə hədsiz açıq oynadıq. Ardından oyunun axarına nəzarət etməyə başladıq, təhlükəli vəziyyətlər yaratdıq. Qələbəni haqq etdik. Qvardiola son həftələrdə oynayan, ancaq bu gün meydana çıxmayan futbolçuları tərifləyir. Baş məşqçimiz xoşbəxtdi, son 8 ildə 8 dəfə ölkə kubokunda yarımfinala çıxmaq xüsusi hadisədi. Artıq finallar mərhələsinə çatmışıq. Mövsümün elə mərhələsidi ki, nəticələr qazanmaq lazımdı. Futbolçular da bunu hiss edir”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Sauthempton”u təbrik etmək lazımdı, rəqib yarımfinalda oynayacaq, biz isə yox. Çox yaxşı qol imkanlarımız oldu, ancaq yararlana bilmədik. Buraxılan qollar isə səviyyəmizə uyğun deyil. Bax, buna görə də uduzduq. Rəqibin uzun ötürmələrinin öhdəsindən gələ bilmədik ki, bu da qəribədi. İlk yarıda topun müdafiəçilərin arasından keçməsinə imkan verdik və rəqib təkbətək çıxdı. İkinci qol da oxşar şəkildə vuruldu. Bunu izah etmək çox çətindi. Ancaq rəqibin də haqqını vermək lazımdı. Mövsüm müxtəlif bölümlərdən ibarətdi, bəzi bölümlər başqalarından çətindi. Ardıcıl iki məyusedici nəticə ilə üzləşdik, toparlanmaq lazımdı. Elə etmək lazımdı ki, oyunumuz bizim əvəzimizdən danışsın”.


Liam Rosenyor, “Çelsi”nin baş məşqçisi:
“Yaxşı nəticədi. Məhz buna görə bu kluba gəlirsən – titular qazanmaq, böyük oyunlarda iştirak etmək istəyirsən. Oyunçulardan çox razıyam. Onların oyuna köklənməsi möhtəşəm idi. Yeddi qol vurduq və bunu oyunçuların enerjisi, intensivliyi hesabına bacardıq – bu cəhətləri bəyəndim. Fasilədə futbolçulara dedim ki, hesab 0:0 imiş kimi oynamalıyıq. Düşünürəm ki, oyunçular bütün vəzifələrin öhdəsindən gəldi. Estevao üçün tavan yoxdu. Onun yoxluğunu hiss edirdik. Meydanın hansı yerinə oynayır-oynasına, rəqibə təhlükə yaşadır”.
Избранный
25
10
football-plus.az

10Источники