RU

Enerji, nəqliyyat və siyasət: Bakı Tbilisi xətti güclənir

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. İkitərəfli əməkdaşlıqda qonşu dövlətlərlə əlaqələrə xüsusi önəm verilir. Bunu Azərbaycan-Gürcüstan münasibətlərində aydın görmək mümkündür. Qarşılıqlı səfərlərin dinamikliyi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətlərinin aydın mənzərəsini yaradır. Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri bir daha iki ölkənin əlaqələrinin dünəninə və bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində Gürcüstan Prezidenti  Mixeil Kavelaşvili ilə təkbətək, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşləri oldu.

Prezidentlərin görüşündə Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna diqqət yönəldildi. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edildi. Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulandı. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında aparılan müzakirələr əlaqlərimizin gələcək inkişafının təqdimatı oldu.

Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra ediblər. Bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır: “Azərbaycan və Gürcüstanın regional inkişafa  töhfələri davamlıdır. Dövlətlərarası münasibətlərdə iqtisadi amilin rolunu nəzərə alsaq iki ölkənin birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələrinin əhəmiyyətini aydın şəkildə görmək olar. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyasının genişlənməsi əlaqələrimizin yüksələn xətlə inkişafının təsdiqidir. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bu məqamlara xüsusi diqqət yönəldildi. Dövlətimizin başçısı bildirdi ki, iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Keçən il ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub.

Bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparıldı və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər. Cənab İlham Əliyev bu reallığı da bir daha diqqətə çatdırdı ki,  Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb.  Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi  icra edildi və bu gün bu infrastruktur  böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, səfər  iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Səfər çərçivəsində  müzakirə edilən məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə vurğuladı ki, cənab İlham Əliyevin  Gürcüstana gəlişi hamımız üçün xüsusi şərəfdir.

Təbii ki, bu kimi fikirlər iki ölkənin  münasibətlərinin səmimi, qarşılıqlı hörmət və etimad üzərində qurulduğunun təsdiqidir. Əməkdaşlıqda  hər zaman bu prinsiplərə xüsusi önəm verən Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan-Gürcüstan  münasibətləri bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulub. Bu əminlik də ifadə edildi ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik.

Səfər çərçivəsində keçirilən görüşlərdə, mətbuata birgə bəyanatda diqqət göstərilən əsas məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında sülh prosesi oldu: “Dövlətimizin başçısı bildirdi ki, bu prosesi gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir” çağırışını edən Prezident İlham Əliyev vurğuladı ki, çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir.

Malik Həsənov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
2
modern.az

3Источники