RU

Utilizasiya proqramı: “Məbləğ artırılmalıdır”

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Köhnəlmiş avtomobillərin dövriyyədən çıxarılması və onların utilizasiyası son illərdə ölkədə yol təhlükəsizliyi və ekoloji tarazlıq baxımından gündəmdə olan əsas məsələlərdən biridir.

Avtomobil parkının əhəmiyyətli hissəsinin istismar müddətini başa vurması bu sahədə sistemli yanaşmanın tətbiqini zəruri edib.

Hazırda utilizasiya prosesi “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilir. Proses çərçivəsində utilizator kimi fəaliyyət göstərən bir neçə şirkət mövcuddur və vətəndaşlar istismar müddəti bitmiş avtomobillərini elektron portal vasitəsilə qeydiyyatdan keçirərək utilizasiyaya təhvil verə bilirlər.

Avtomobil utilizasiyaya təqdim edildikdən sonra sahibinə təsdiqedici sənəd verilir və bu sənəd əsasında ya birdəfəlik ödəniş, ya da yerli istehsal olan yeni avtomobil alarkən güzəşt əldə etmək mümkündür.

“Təmiz Şəhər” ASC-ın məlumatına görə, utilizasiya ilə bağlı qiymətlərin artırılması istiqamətdə hazırlanmış təkliflərlə bağlı müzakirələr aparılır.

Gələcəkdə utilizasiya qiymətlərində dəyişiklik gözlənilirsə, bu nə vaxt və hansı səviyyədə ola bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, utilizasiya proqramı sürətləndirmək üçün verilən məbləği yüksəltmək olar:

“Avtomobillərin utilizasiyası genişmiqyaslı sosial, iqtisadi və ekoloji layihədir. Artıq Azərbaycanda bu layihənin uğurla həyata keçirildiyini deyə bilərik. Utilizasiya edilən minik avtomobillərinə təxminən 1 500 manat dəyərində vauçer verilir.

Vətəndaş həmin vauçerlə yeni avtomobil ala bilir, yəni bu sənəd bir növ endirim funksiyası daşıyır. Avtomobil alınmadığı halda isə vauçerin 70 faizini nağd pul kimi götürmək mümkündür. Yük avtomobilləri və avtobuslar üçün bu məbləğ daha yüksəkdir”.

Onun sözlərinə görə, 1 500 manatlıq qiymətləndirmə utilizasiya proqramının başlanğıc mərhələsində müəyyən edilib:

“Bizim də təkliflərimiz var ki, proqramı sürətləndirmək üçün bu məbləğ artırılmalıdır. Bu günə qədər minlərlə yararsız, köhnə avtomobil utilizasiyaya göndərilib. Proqramdan yararlanan vətəndaşların sayı kifayət qədərdir.

Bəziləri vauçerin 70 faizini nağd şəkildə götürüb, bəziləri isə verilən vauçerlə yerli istehsal olunan avtomobillər alıblar. Azərbaycanda həyata keçirilən utilizasiya proqramının əsas xüsusiyyətlərindən biri onun könüllü olmasıdır.

Yəni istənilən şəxs yararsız və istifadə etmədiyi avtomobili utilizasiyaya göndərə bilər. Heç kimin avtomobili məcburi şəkildə əlindən alınaraq utilizasiyaya göndərilmir”.

Ekspert qeyd edib ki, gələcəkdə isə hazırda nəqliyyat vasitələrinə görə verilən məbləğdən bir neçə dəfə daha artıq vəsaitin ayrılacağı gözlənilir:

“Bunun üçün müəyyən vaxt tələb olunurdu. Eyni zamanda utilizasiya fondu da yaradılıb. Bu fonda dövlət tərəfindən vəsait ayrılıb, həmçinin digər mənbələrdən də maliyyə daxil olub.

Artıq fondun kifayət qədər vəsaiti olduğu üçün düşünülür ki, gələcəkdə prosesi sürətləndirmək məqsədilə utilizasiya məbləğinin artırılması mümkün olacaq”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

utilizasiya Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
1
cebheinfo.az

2Источники