RU

Prezident İlham Əliyevin Gürcüstan səfəri: strateji tərəfdaşlıq yeni mərhələdə » AzadMedia.az


2026-cı il aprelin 6-da Gürcüstana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin gələcəkdə daha da güclənəcəyini vurğuladı. Prezident səfərinin iki qardaş ölkə arasında əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə etdi.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşayıb və bu ənənələr bu gün də uğurla davam etdirilir. Tarixi bağların möhkəm təməl yaratdığını bildirən Prezident, iki ölkənin müstəqil dövlətlər kimi inamla inkişaf etdiyini diqqətə çatdırdı.
Bəyanatda Gürcüstanın iqtisadi nailiyyətlərinə də xüsusi yer ayrıldı.

Gürcüstanda formalaşmış əlverişli investisiya mühitinin Azərbaycan investorlarının marağını artırdığı qeyd olundu. Prezident vurğuladı ki, siyasi sabitlik iqtisadi inkişafın əsas şərtidir və bu sabitlik Gürcüstanda təmin olunub.

Eyni zamanda bildirildi ki, Azərbaycan və Gürcüstan beynəlxalq platformalarda daim bir-birini dəstəkləyir, qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenlik prinsipinə sadiq qalırlar. Bu əməkdaşlıq münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqləyir.

İqtisadi göstəricilərə toxunan Prezident qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır və yaxın perspektivdə 1 milyard dollara çatması mümkündür. Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına yatırılan sərmayənin 3,7 milyard dollar olması əməkdaşlığın real nəticəsidir. Gələcəkdə üçüncü ölkələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi də istisna edilmir.

Regional məsələlərə də toxunan dövlət başçısı Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığını bildirdi. O vurğuladı ki, region artıq qarşıdurma məkanından əməkdaşlıq və sabitlik zonasına çevrilməkdədir. Bu prosesdə Gürcüstanın rolu yüksək qiymətləndirildi. Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin gücləndirilməsində iqtisadi əlaqələrin, xüsusilə ticarətin əhəmiyyəti qeyd olundu.

Sonda Prezident vurğuladı ki, Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulub və bu model digər ölkələr üçün də nümunə ola bilər. O, gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə etdi.


Masallı rayon sakini,
Süleyman Musallı
Избранный
14
1
azadmedia.az

2Источники