RU

FHN-in Akademiyasında seminar-müşavirə keçirildi

BAKI, 8 aprel. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə “Son beş ildə respublika ərazisində baş vermiş irimiqyaslı yanğınların araşdırılması və nəticələrinin təhlili” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə Nazirliyin strukturuna daxil olan aidiyyəti qurumların nümayəndələri, Akademiyanın rəhbər şəxsləri və kursantlar iştirak ediblər.

Seminar-müşavirəni giriş sözü ilə açan FHN Akademiyasının rəis müavini polkovnik-leytenant Tamerlan Allahverdiyev Akademiyada tədris prosesinin tərkib hissəsi kimi təbii və texnogen mənşəli fövqəladə hadisələrin, eləcə də irimiqyaslı və müxtəlif tipli yanğınların qarşısının alınması sahəsində Nazirliyin aidiyyəti qurumlarının qüvvə və vasitələri tərəfindən görülmüş işlər barədə kursant və magistrantların məlumatlandırılmasının, bu istiqamətdə qabaqcıl təcrübənin öyrənilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Rəis müavini seminar-müşavirənin Akademiya kursantlarının nəzəri biliklərinin artırılmasına, onlarda peşəkar vərdişlərin aşılanmasına əhəmiyyətli töhfə verəcəyinə əminlik ifadə edib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsində idarə rəisi Azadi Quliyev yanğınların təhlili və qiymətləndirilməsinın aparılmasının obyektin təhlükəsizlik səviyyəsini qiymətləndirməyə, potensial təhdidləri müəyyənləşdirməyə və onların azaldılması üçün effektiv tədbirlər hazırlamağa imkan verdiyini qeyd edib. Yanğın zamanı insan tələfatının qarşısının alınmasının, dəyən ziyanın minimuma endirilməsinin ali məqsəd olduğunu vurğulayan idarə rəisi sözügedən sahədə işləyən şəxslərin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsinin, yanğınların öyrənilməsinin, nəticələrinin təhlil edilməsinin əhəmiyyətindən söz açıb.

Seminar-müşavirədə çıxış edən FHN-in Dövlət Yanğın Nəzarət Xidmətinin rəis müavini Cəmil Xudiyev və digər natiqlər son 5 ildə baş vermiş irimiqyaslı yanğınların nəticələrini təhlil edərək respublikada yanğın təhlükəsizliyinin prioritet məsələ kimi diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıblar.

Sonda vurğulanıb ki, yanğınların xəbərdar edilməsi, qarşısının alınması və operativ söndürülməsi istiqamətində mütəmadi həyata keçirilən qabaqlayıcı tədbirlər, monitorinqlər və yanğın-taktiki təlimlər davamlı xarakter daşımalıdır.

Избранный
24
teleqraf.com

1Источники