RU

"Ölkənin rəqəmsal inkişafı süni intellekt mərhələsinə qədəm qoyur" - MÜSAHİBƏ

Müasir dövrdə rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin sürətli inkişafı dövlət idarəçiliyindən başlayaraq iqtisadiyyatın bütün sahələrində yeni imkanlar və yanaşmalar formalaşdırır. Dünyanın aparıcı ölkələri artıq idarəetmə sistemlərində süni intellekt əsaslı qərar dəstək mexanizmlərindən istifadə etməyə başlayıb və bu tendensiya qlobal rəqəmsal transformasiyanın əsas istiqamətlərindən birinə çevrilib.

Azərbaycan da bu prosesdən kənarda qalmır. Ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və milli süni intellekt ekosisteminin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də göstərir ki, gələcəyin idarəetmə modeli artıq yüksək texnologiyalar və intellektual sistemlər üzərində qurulur.

SİA Azərbaycanda bu sahədəki vəziyyət barədə AMEA-nın vitse-prezidenti,Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin “Azərbaycan" qəzetinə verdiyi müsahibəni təqdim edir. Alim müsahibəsində Azərbaycanın yeni rəqəmsal arxitekturasının yaradılması, bu istiqamətdə qarşıya qoyulan vəzifələr, problemlər və perspektivlər, eləcə də ölkəmizdə süni intellekt və rəqəmsallaşma sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb.

- Rasim müəllim, dövlətimizin başçısı Azərbaycanın yeni rəqəmsal arxitekturasının yaradılması ilə bağlı müvafiq dövlət qurumları, həmçinin elmi müəssisə və təşkilatların qarşısına da mühüm vəzifələr qoymuşdur. Sizcə, bu təşəbbüs ölkəmizin rəqəmsal inkişafı baxımından hansı strateji məqsədlərə xidmət edir və əsas gözləntilər nədən ibarətdir?

- Bildiyiniz kimi, son 20 il ərzində ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) cəmiyyətin və dövlət həyatının müxtəlif sahələrində geniş tətbiqi ilə bağlı ardıcıl işlər həyata keçirilmiş, rəqəmsal cəmiyyətin formalaşması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Ölkənin telekommunikasiya infrastrukturu əsaslı şəkildə yenidən qurulmuş, həm stasionar, həm də mobil rabitə şəbəkələri təkmilləşdirilmiş və ən son texnologiyalarla təmin olunmuşdur.

Bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələri dövlət siyasətinin strateji prioritetləri səviyyəsinə yüksəldilmiş, müxtəlif fərman və sərəncamlar, dövlət proqramları və strategiyalar qəbul olunmuşdur. Qürurla qeyd etmək lazımdır ki, artıq Azərbaycanda yüksək göstəricilərə malik rəqəmsal platforma formalaşmaqdadır və bu istiqamətdə əldə olunan nəticələr beynəlxalq səviyyədə müxtəlif qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Lakin qeyd olunan bütün nailiyyətlərə baxmayaraq, ölkə daxilində bu istiqamətdə ayrı-ayrı dövlət qurumları, eləcə də biznes və vətəndaş cəmiyyəti sektorları subyektlərinin fəaliyyətində vahid arxitektur yanaşma və həyata keçirilən İKT layihələrinin koordinasiyası yetərli səviyyədə deyil, bu sahədə hələ də müəyyən pərakəndəlik, qeyri-harmonik inkişaf müşahidə olunmaqdadır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılmasının əsas məqsədi məhz uzun illər ərzində yaranmış müxtəlif xarakterli rəqəmsal fərqlərin aradan qaldırılması, sinxron və harmonik fəaliyyətin təmin edilməsi, nəticə etibarilə virtual məkanda dövlətin kibertəhlükəsizliyinin təmin olunması və kibersuverenliyin dayaqlarının möhkəmləndirilməsidir. Rəqəmsal arxitekturanın əsas strateji hədəflərindən biri də dövlət maraqları çərçivəsində inteqrasiya olunmuş rəqəmsal mühitin qurulması, vahid milli data ekosisteminin, etibarlı şəbəkə-kommunikasiya infrastrukturunun yaradılması və idarəetmənin səmərəliliyi kimi kompleks məsələlərin həll edilməsidir.

Məlumdur ki, artıq Azərbaycan əşyaların interneti və big data erasına qədəm qoymuşdur. Bu kimi qabaqcıl texnologiyaların tətbiqi və inkişafı üçün isə böyükhəcmli, etibarlı məlumat bazaları və rəqəmsal platformalar tələb olunur. Eyni zamanda ölkənin beynəlxalq internet əlaqələrinin şaxələndirilməsi və qlobal informasiya mühitinə çıxış imkanlarının gücləndirilməsi də vacib istiqamətlərdən hesab edilir.

Qeyd etmək lazımdır ki, bu gün ayrı-ayrı dövlət qurumlarında və biznes sektorunda fəaliyyət göstərən şirkətlərdə vətəndaşların şəxsi həyatı ilə bağlı müxtəlif təyinatlı məlumat bazaları, mühüm əhəmiyyət kəsb edən informasiya resursları formalaşır. Buna görə də böyükhəcmli məlumatların həm toplanılması və saxlanılması, həm də emalı və ötürülməsi üçün müvafiq texnoloji mühitin formalaşdırılması əsas vəzifələrdən biridir. Həmin ilkin verilənlərdən, məlumatlardan keyfiyyətli biliklərin əldə olunması dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, süni intellekt texnologiyalarının geniş tətbiqinə, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, həmçinin güvənli milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına xidmət edəcəkdir.

Digər mühüm məsələ isə ondan ibarətdir ki, hazırda ölkəmizdə bir sıra dövlət qurumları özlərinə məxsus korporativ data mərkəzlərini formalaşdırır. Bu mərkəzlərdə toplanan məlumatların emalı üçün yüksək hesablama gücünə malik resurslar, bulud texnologiyaları, o cümlədən superkompüterlər tələb olunur ki, hər bir qurumun da bu imkanlara malik olması əksər hallarda mümkün olmur. Bundan başqa, data mərkəzlərinin yaradılması və dayanıqlı fəaliyyəti böyük maliyyə, enerji və insan resursları tələb edir. Ona görə də ölkə üzrə generasiya olunan və toplanan məlumatların yadda saxlanılması, ümummilli maraqlar naminə vahid ekosistemə inteqrasiyası və onların səmərəli idarə olunması üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi son dərəcə vacibdir.

Bundan başqa, son zamanlar dövlət başçısının rəhbərliyi altında alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir, bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, rəqəmsal dövlətin, ümumiyyətlə, informasiya cəmiyyətininən vacib və ən həssas, kritik dayaqlarından biri də enerji təhlükəsizliyi ilə bağlıdır. Bu səbəbdən son zamanlar müasir texnoloji çağırışlar enerji təhlükəsizliyi məsələsinə tamamilə fərqli bir yanaşmanı aktuallaşdırmışdır. Rəqəmsal dövlət mahiyyət etibarilə bütövlükdə müxtəlif təyinatlı kompüterlərin, telekommunikasiya qurğularının, şəbəkə sistemlərinin əsasında qurulan mürəkkəb bir texnoloji infrastruktur olduğuna görə, elektrik enerjisi təminatı kəsilərsə, onun fəaliyyəti də faktiki olaraq dayanmış olur. Ölkəmizdə qlobal çağırışlar kontekstində formalaşmaqda olan enerji təhlükəsizliyi sahəsində irəli sürülən yeni yanaşmaların və həyata keçirilən innovativ layihələrin əsas arxitektur tələblərindən biri də rəqəmsal dövlətin elektrik enerjisi ilə dayanıqlı və fasiləsiz şəkildə təmin olunmasıdır.

Beləliklə, qeyd olunan kompleks tədbirlərin həyata keçirilməsi dövlət başçısı tərəfindən müəyyən edilmiş strateji vəzifələrin icrasını təmin etməklə yanaşı, eyni zamanda dövlətin rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə, kibertəhlükəsizliyinin yüksək səviyyədə qorunmasına və rəqəmsal dövlətin formalaşdırılması üçün etibarlı institusional zəminin yaradılmasına imkan verir, nəticə etibarilə cəmiyyətimizin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Əlbəttə ki, rəqəmsal dövlətin formalaşması, istismarı və inkişafı proseslərində elmi cəhətdən əsaslandırılmış arxitektur tələblər yerinə yetirilərsə, dövlətin dayanıqlı fəaliyyətinin və kibersuverenliyinin yüksək səviyyədə təmin olunmasına güvənlik yaranar.

- Məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının sədri təyin edilmişdir. Belə bir şuranın yaradılması hansı zərurətdən meydana çıxmışdır və ölkənin rəqəmsal inkişaf strategiyasının həyata keçirilməsi üçün hansı yeni imkan və perspektivləri vəd edir?

- Qeyd etdiyim kimi, Prezident İlham Əliyev tərəfindən müvafiq dövlət qurumları, eləcə də elmi müəssisə və təşkilatların, ali məktəblərinqarşısında ölkəmizdə rəqəmsal dövlətin formalaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi və inkişafı istiqamətində genişmiqyaslı və təxirəsalınmaz elmi tutumlu kompleks vəzifələr müəyyənləşdirilmişdir. Ayrı-ayrı dövlət qurumlarının sərəncamında olan informasiya resurslarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi, zəruri hallarda mərkəzləşdirilməsi, vahid texnoloji siyasətin həyata keçirilməsi və ölkə səviyyəsində rəqəmsal mühitin texnoloji suverenliyinin təmin olunması ilə bağlı ciddi tapşırıqlar verilmişdir.

Eyni zamanda dövlət başçısı tərəfindən cari ilin fevral ayında "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planı" təsdiqlənmişdir. Fəaliyyət planı çərçivəsində qarşıya qoyulan geniş və çoxşaxəli vəzifələrin icrası əsas etibarilə vahid koordinasiya və effektiv idarəetmə, müxtəlif aspektlər üzrə rəqəmsal fərqlərin ölçülməsi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsini, o cümlədən müəyyən olunmuş cari boşluqların və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qərarların qəbul edilməsini və zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Bundan başqa, Prezidentin "Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şuranın sədri təyin edilməsi mühüm məsələlərdəndir.

Şuranın yaradılmasında əsas məqsəd dayanıqlı və təhlükəsiz rəqəmsal dövlət infrastrukturunun formalaşdırılması, yüksək keyfiyyətə malik vahid rəqəmsal platformanın yaradılması və cəmiyyətin bütün sektorları - dövlət, biznes və vətəndaş cəmiyyəti üzrə seqmentlərinin fəaliyyətinin harmonik inkişafının təmin olunmasıdır. Bütün bu mürəkkəb sosio-texnoloji proseslərin təşkili və idarə olunmasının təmin edilməsi, dinamikasının mütəmadi izlənilməsi və obyektiv şəkildə qiymətləndirilməsi ilə bağlı ayrı-ayrı dövlət qurumları ilə yanaşı, elm və ali təhsil müəssisələrinin, alim və mütəxəssislərin də qarşısına ciddi vəzifələr qoyulmuşdur. Əlbəttə ki, Rəqəmsal İnkişaf Şurası bütün bu proseslərin əlaqələndirilməsi və ölkədə rəqəmsal inkişafın daha sistemli və sürətli şəkildə həyata keçirilməsi üçün mühüm institusional siyasi idarəetmə platforması kimi çıxış edir.

Artıq müşahidələr göstərir ki, hazırda bütün aidiyyəti dövlət qurumları ölkəmizdə ən prioritet istiqamətlərdən olan rəqəmsal transformasiya, süni intellekt və kibertəhlükəsizlik məsələləri, həmçinin cəmiyyətin rəqəmsal savadlılığının artırılması prosesinə fəal şəkildə cəlb olunmuşlar. Fikrimcə, nəzərdə tutulan müddət ərzində rəqəmsallaşma sahəsində həyata keçiriləcək kompleks tədbirlər dövlətimizin və cəmiyyətimizin inkişafında böyük rol oynayacaq, rəqəmsal dövlətin funksional və intellektual imkanlarının yüksəldilməsinə, nəticə etibarilə həm də onun kiberimmunitetinin gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

- Rasim müəllim, ölkəmizdə rəqəmsallaşma sahəsində qarşıya qoyulan strateji vəzifələrin həyata keçirilməsi üçün yüksəkixtisaslı kadrların, peşəkar insan resurslarının yetişdirilməsi istiqamətində hansı tədbirlərin görülməsini zəruri hesab edirsiniz?

- Əlbəttə ki, yuxarıda qeyd etdiyim strateji vəzifələrin icrası beynəlxalq tələblərə cavab verən, innovativ təfəkkürlü, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir. Qeyd etmək lazımdır ki, artıq dövlət başçısının tapşırığı ilə rəqəmsal dövlətin kadr bazasını formalaşdırmaq və davamlı dəstəkləmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, beynəlxalq təcrübəyə istinad edərək bütün ali təhsil müəssisələrində mövcud olan ixtisaslara, tədrisin məzmununa yenidən baxılır, müəyyən qiymətləndirmələr aparılır. Həmçinin rəqəmsal transformasiyanın yaratdığı zərurət nəzərə alınaraq yeni ixtisaslar daxil edilir.

Məlumdur ki, rəqəmsal dövlətin qurulması dövlətin konstitusion vəzifələrinin icrasında rəqəmsallaşmanın geniş tətbiqini zəruri edir. Hazırda rəqəmsal dövlət infrastrukturunda, cəmiyyətin müxtəlif sektorlarında, hakimiyyətin bütün qollarına aid qurumlarda fəaliyyət göstərən mütəxəssislərin İKT biliklərininattestasiyası, fasiləsiz təhsil mexanizminin formalaşdırılması, peşə biliklərinin qiymətləndirilməsi və sertifikatlaşdırılması dövrün tələbinə çevrilir.

Artıq ölkəmizin ali təhsil müəssisələrində əmək bazarında bəzi ixtisaslara tələbatın kəskin azalması və yeni reallıqlar nəzərə alınaraq onların aktuallığı yenidən dəyərləndirilir. Digər tərəfdən, cəmiyyətin müxtəlif fəaliyyət sferalarına aid mövcud ixtisasların qlobal çağırışların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi prosesi həyata keçirilir. Bilavasitə kompüter elmləri ilə bağlı olmayan digər ixtisasların da İKT reallıqlarına, süni intellektin tələblərinə uyğunlaşdırılması istiqamətində məqsədyönlüaddımlar atılır.

Xüsusilə vurğulamaq istərdim ki, son zamanlar sürətlə inkişaf edən rəqəmsal, o cümlədən süni intellekt texnologiyaları proqram mühəndisliyi, rəqəmsal dövlət, kompüter mühəndisliyi, data analitikası, data mühəndisliyi, kibertəhlükəsizlik, informasiya hüququ, rəqəmsal kriminalistika və s. kimi ixtisaslar üzrə peşəkar kadrlara tələbatı daha da artırmışdır.Artıq ölkəmizdə rəqəmsal arxitektorlar, rəqəmsal menecerlər, sistem mühəndisləri, rəqəmsal hüquqşünaslar kimi yeni peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir.

Digər tərəfdən, məlumdur ki, dövlət başçısı tərəfindən2022-ci ildə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Həmin proqram üzrə ixtisaslar əsas etibarilə rəqəmsal texnologiyalar, süni intellekt və digər əlaqəli ixtisasları əhatə edir. Azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində təhsil alması və sonra ölkəmizə qayıdaraq fəaliyyət göstərməsi bu sahədə kadr potensialının inkişaf etdirilməsinə verilən önəmin, diqqətin göstəricisidir.

Bununla yanaşı, kadr hazırlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində də real addımlar atılır, ali təhsilin məzmunu yenilənir, tədris materialları və dərsliklər müasir tələblərə uyğun şəkildə təkmilləşdirilir.

Qeyd etmək lazımdır ki, rəqəmsal dövlət quruculuğu prosesində cəmiyyətin və dövlətin bütün sferaları üzrə kadr hazırlığı yalnız ali təhsil sistemi ilə məhdudlaşmamalı, eyni zamanda müxtəlif təşəbbüslər və layihələr çərçivəsində, biznes və vətəndaş cəmiyyəti sektorlarında da fasiləsiz təhsil, müasir bilik və bacarıqların tədrisi, kadrların yenidən hazırlanması istiqamətində sistemli və davamlı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac vardır.

- Sizcə, Azərbaycanda rəqəmsallaşma prosesinin sürətlənməsi və süni intellektin inkişafı kontekstində cəmiyyətin rəqəmsal savadlılığı hansı bilik və bacarıqları, yeni kompetensiyaları əhatə etməlidir?

- Şübhəsiz ki, bu istiqamətdə qarşımızda duran ən mühüm vəzifələrdən biri də cəmiyyətin yeni rəqəmsal reallıqlara hazırlanması prosesini sistemli və davamlı şəkildə həyata keçirməkdir.

Müasir dövrdə cəmiyyətin hər bir fərdinin rəqəmsal xidmətlərdən istifadə qabiliyyətinə və bacarığına malik olması vacib məsələlərdən birinə çevrilmişdir. Çünki rəqəmsal dövlət konsepsiyası həm də rəqəmsal vətəndaşın formalaşdırılmasını şərtləndirir. Rəqəmsal transformasiyanın effektivliyi isə vətəndaşların müvafiq bilik, bacarıq və kompetensiyalara nail olmasından asılıdır. Ona görə də dövlət tərəfindən bu məsələnin strateji əhəmiyyəti nəzərə alınaraq ardıcıl zəruri tədbirlər həyata keçirilir, rəqəmsal bilik və bacarıqların formalaşdırılması istiqamətində həm orta, həm də ali təhsil sistemində müxtəlif səviyyələrdə müvafiq tədris mexanizmləri tətbiq olunur.

Onu da qeyd etmək lazımdır ki, müasir mərhələdə cəmiyyətdə yeni rəqəmsal bilik və bacarıqların formalaşması prosesi daha da sürətlənmişdir. Xüsusilə süni intellekt texnologiyalarının inkişafı fonunda onların imkanları və üstünlükləri ilə yanaşı, potensial riskləri - deepfake kimi texnologiyaların yayılması, çox müxtəlif kibertəhlükələrin həm beynəlxalq, həm də milli səviyyədə yaratdığı çağırışlar aktuallaşmışdır.

Digər tərəfdən, fiziki məhdudiyyətli şəxslərin, həssas əhali qruplarının cəmiyyətə inteqrasiyası, onların əmək bazarında iştirakının təmin edilməsi və rəqəmsal mühitdə dəyər yaratma imkanlarının genişləndirilməsi inklüziv cəmiyyətin inkişafı baxımından mühüm aktuallıq kəsb edir. Müasir dövrdə hər bir fərd real məkanda olduğu kimi, virtual məkanda da fəaliyyətini qanuni normalar və tələblər çərçivəsində həyata keçirməli, yalnız texnoloji savadlılıq deyil, eyni zamanda rəqəmsal etika, hüquq və mədəniyyətə dair baza biliklərinə və davranış qaydalarına yiyələnməlidir.

Bu baxımdan bütün sosial təbəqələr və qruplar üzrə fasiləsiz öyrənmə, yeni biliklərin əldə olunması, qabaqcıl texnologiyalardan təhlükəsiz istifadə bacarıqlarının inkişaf etdirilməsi son dərəcə vacibdir. Rəqəmsal dövlət mühiti isə yaşından və sosial statusundan asılı olmayaraq bütün vətəndaşlar üçün əlçatan və inklüziv olmalı, onların fərdi maraqlarına xidmət etməklə yanaşı, ümumilikdə, cəmiyyətin dayanıqlı inkişafına töhfə verməlidir.

Cəmiyyətin rəqəmsal savadlılığının təmin olunması prosesi yalnız dövlət qurumlarının deyil, eyni zamanda hər bir fərdin, biznes sektoru, vətəndaş cəmiyyəti institutlarının fəal iştirakını tələb edir. Hər bir vətəndaş bu reallıq kontekstində dərk edərək həm öz üzərində davamlı işləməli, həm də ailə üzvlərinin rəqəmsal inkişafını təşviq etməlidir.

Fikrimcə, rəqəmsal cəmiyyətin institusional əsaslarının gücləndirilməsi məqsədilə vətəndaşların bilik və bacarıq səviyyəsini qiymətləndirməyə imkan verən müvafiq sertifikasiya və ya "rəqəmsal vətəndaş pasportu" mexanizmlərinin tətbiqi də zəruri hesab oluna bilər.

Bundan başqa, media resurslarından səmərəli istifadə etməklə rəqəmsal savadlılığın artırılmasına yönəlmiş maarifləndirmə və təbliğat işlərinin daha sistemli, məqsədyönlü və genişmiqyaslı şəkildə həyata keçirilməsi də mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, dövlət başçısı həm orta məktəblərdə, həm də ali təhsil müəssisələrində rəqəmsal və süni intellekt biliklərinin icbari qaydada tədrisi ilə bağlı ciddi tapşırıqlar vermişdir ki, bu da ölkəmizin təhsil siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu uzaqgörən yanaşma gələcək nəslin həm yeni texnologiyaların imkanları, həm də yaratdığı risklər və təhlükələr barədə sistemli biliklərə yiyələnməsini təmin etməyə yönəlmişdir.

Nəticə etibarilə artıq orta təhsil səviyyəsindən başlayaraq formalaşan bu bilik bazası yeni nəslin yüksək kompetensiyalara malik rəqəmsal vətəndaş kimi yetişməsinə xidmət edəcəkdir. Rəqəmsal vətəndaşlar isə innovativ texnologiyaların aparıcı qüvvəsinə çevrilərək cəmiyyətin davamlı intellektual inkişafını sürətləndirəcəklər.

- Rasim müəllim, rəqəmsallaşma fonunda artan kibertəhlükələr ölkəmiz üçün nə kimi problemlər və risklər yaradır? Bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üçün hansı strateji addımların atılmasını məqsədəuyğun hesab edirsiniz?

- Rəqəmsallaşma proseslərinin dərinləşməsi ilə paralel olaraq, çox təəssüflər olsun ki, kibertəhlükələr və risklər də qlobal miqyasda sistemli, mürəkkəb və çoxşaxəli xarakter alır. Təbii ki, bu proses Azərbaycandan da yan keçmir. Cəmiyyət həyatının idarəetmə, bank, maliyyə, kommunikasiya, təhsil və sosial münasibətlər kimi əsas sahələrinin getdikcə daha çox rəqəmsal platformalara inteqrasiya olunması yeni imkanlar yaratmaqla yanaşı, müəyyən riskləri də aktuallaşdırır. Bu risklər və təhlükələr təkcə texnoloji deyil, eyni zamanda hüquqi, siyasi-ideoloji, institusional və sosial-iqtisadi baxımdan narahatlıqlar doğuran çağırışlardır.

Vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi, şərəf və ləyaqətlərinə yönəlmiş kiberhücumlar, bank kartları və maliyyə sistemlərinə müdaxilələr və s. cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələlərdir. Bu nöqteyi-nəzərdən əsas hədəf rəqəmsallaşmanın üstünlüklərindən və imkanlarından maksimum yararlanmaq, eyni zamanda onun yaratdığı riskləri nəzarətdə saxlamaqdır.

Hal-hazırda formalaşmaqda olan rəqəmsal dövlət bir tərəfdən milli dövlətçiliyimizin ayrılmaz tərkib hissəsi, digər tərəfdən isə qlobal virtual mühitin bir seqmenti kimi çıxış edir. Bu səbəbdən rəqəmsal dövlətin dayanıqlığı yalnız ölkədaxili kibertəhlükəsizlik tədbirləri ilə deyil, həm də beynəlxalq kibermühitdə baş verən proseslərin düzgün qiymətləndirilməsi və bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi ilə təmin olunmalıdır. Məhz bu yanaşmanın nəticəsi olaraq ölkə rəhbərliyi tərəfindən davamlı şəkildə strateji qərarlar qəbul edilir, normativ-hüquqi baza formalaşdırılır və inkişaf etdirilir. Belə ki, Prezident İlham Əliyev tərəfindən 28 avqust 2023-cü il tarixli sərəncamla "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası" təsdiq edilmişdir. Bu sənəd rəqəmsal dövlətin təhlükəsizliyinin təmin olunması baxımından konseptual çərçivə rolunu oynayır.

Hazırda ölkəmizdə müvafiq dövlət qurumlarının sıx qarşılıqlı fəaliyyəti əsasında mərkəzləşdirilmiş koordinasiya və vahid prinsiplərlə idarə olunan milli kibertəhlükəsizlik ekosistemi formalaşdırılmaqdadır. Bu ekosistem yalnız baş vermiş kiberinsidentlərə operativ reaksiya mexanizmlərini deyil, eyni zamanda bu insidentlərlə əlaqəli məlumatların sistemli şəkildə toplanmasını, dərin və hərtərəfli intellektual təhlilini, potensial risklərin öncədən müəyyənləşdirilməsini, rəqəmsal mühitdə və obyektlərdə boşluqların aşkarlanaraq aradan qaldırılması üçün tövsiyələrin hazırlanmasını nəzərdə tutur. Bu çərçivədə fərdi məlumatların etibarlı mühafizəsi, uşaqların zərərli və təhlükəli rəqəmsal məzmun və təsirlərdən qorunması prioritet vəzifələr kimi xüsusi diqqət mərkəzində saxlanılır.

Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də dövlət qurumlarının rəqəmsal platformada fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunmasıdır. Xüsusən də bank-maliyyə sistemlərinin, kritik informasiya infrastrukturlarının, strateji əhəmiyyətli informasiya resurslarının qorunması bu baxımdan prioritet məsələdir. Ayrı-ayrı qurumların kibertəhlükəsizlik vəziyyətinin mütəmadi olaraq kompleks qiymətləndirilməsi, ölkə üzrə kibertəhlükəsizlik vəziyyətinin davamlı monitorinqinin aparılması və qabaqlayıcı tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır.

Nəzərə almaq lazımdır ki, cəmiyyətin və dövlətin kompleks təhlükəsizliyi kontekstində iqtisadi, enerji, ekoloji və s. sferaların təhlükəsizliyi kimi sektorlar da sürətlə rəqəmsallaşır və onlayn platformalara inteqrasiya olunur. Bu kontekstdə əsas məqsəd yalnız kibertəhdidlərə cavab vermək deyil, həm də rəqəmsal dövlətin ifrat mürəkkəb sosio-texnoloji infrastrukturunun kiberdayanıqlığını, həmçinin fövqəladə hallarda belə etibarlı və dayanıqlı fəaliyyət qabiliyyətini artırmaqdır. Xüsusilə son zamanlar əşyaların interneti texnologiyalarına əsaslanan kiberfiziki sistemlərin nəqliyyat, sənaye, enerji və digər kritik infrastrukturlarda geniş tətbiqi real məkanda baş verən müxtəlif təbiətli və mənşəli təhlükələrin də rəqəmsal mühitə təsir imkanlarını artırır. Bu isə kibertəhlükəsizliklə yanaşı, digər növ təhlükəsizlik mexanizmlərinin də inteqrasiya olunmuş şəkildə işlənib hazırlanmasını tələb edir.

Bu kontekstdə milli kibertəhlükəsizlik ekosisteminin effektivliyinin artırılmasıonun beynəlxalq əməkdaşlıq və koordinasiya münasibətlərinin gücləndirilməsini zəruri edir. Çünki kibertəhlükələr əksər hallarda bir ölkənin sərhədləri ilə məhdudlaşmır. Digər tərəfdən, strateji informasiya resurslarının fövqəladə hallarda həm ölkə daxilində, həm də kənarda data mərkəzlərdə etibarlı saxlanılması rəqəmsal dövlətin kiberdayanıqlığını artırır.

Избранный
4
2
sia.az

3Источники