"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Misli Premyer Liqasında qol sayını 25-ə çatdırıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, braziliyalı legionerin yubiley qolu XXVI turda "Sabah"la keçirilən qarşılaşmaya (2:4) təsadüf edib.
Çempionatda keçirdiyi 109-cu matçda bu göstəriciyə imza atan Santos, ölkə birinciliyində debüt etdiyi 2021/2022 mövsümündən bəri üç fərqli klubun formasını geyinib. O, qollarından 6-sını "Şamaxı"da (21 oyun), 3-ünü "Qəbələ"də (35 oyun), 16-sını isə hazırkı klubu "Araz Naxçıvan"da (53 oyun) rəqib qapılarından keçirib.
Bununla da F. Santos Azərbaycan çempionatları tarixində 25 və daha çox qol vuran 131-ci futbolçu olub. Braziliyalı hücumçu bu nəticə ilə Elvin Məmmədov, Toral Bayramov və Robertas Poşkus kimi futbolçuların göstəricisinə şərik çıxıb.