ABŞ, İsrail və İran arasında davam edən hərbi qarşıdurma aprelin 7-dən 8-nə keçən gecə əldə olunan atəşkəslə müvəqqəti olaraq səngiyib və regionda nisbi sükut formalaşıb.
İlk baxışda 39 gün davam edən hərbi əməliyyatların dayandırılması və tərəflər arasında siyasi anlaşmanın əldə olunması qəfil qərar təsiri bağışlasa da, hadisələrin inkişafının, əslində, arxa planda aparılan intensiv və çoxsəviyyəli diplomatik fəaliyyətin məntiqi nəticəsi kimi qiymətləndirmək olar.
APA razılaşmanın əldə olunmasının xronologiyasını təqdim edir:
Ultimatum strategiyası və vaxt təzyiqi

Aprelin 4-də Donald Trampın razılaşmaya gəlməsi üçün İrana 48 saat vaxt verməsi barədə ultimatum prosesin dönüş nöqtəsinə çevrildi. ABŞ bu addımla aprelin 6-na qədər konkret cavab almağı hədəflədi. Həmin gün Donald Tramp “The Truth Social” platformasında yazırdı: “İrana aydın mesaj verdik - Hörmüz boğazı açılmalıdır. Vaxt çox azdır və qərar dərhal verilməlidir”.
Aprelin 4-dən 5-nə keçən 24 saat ərzində hərbi eskalasiya ən yüksək səviyyəyə çatdı. Müxtəlif məlumatlara görə, yalnız bir gecə ərzində 40-dan çox raket buraxılıb, 20-yə yaxın pilotsuz uçuş aparatı istifadə olunub. Regionda hava hücumundan müdafiə sistemləri fasiləsiz rejimdə işləyib. Bu dövrdə neft qiymətləri qısa müddətdə təxminən 8-10 faiz artıb.
Tərəflərin açıqlamaları qarşıdurmanın nəzarətdən çıxmaq riskinin real olduğunu göstərirdi.
Aprelin 5-i gecədən başlayaraq diplomatik aktivlik yüksək səviyyəyə çatdı. Qısa müddətdə 10-dan çox yüksək səviyyəli təmas həyata keçirildiyi bildirilir. ABŞ, İran və vasitəçi ölkələr arasında paralel danışıqlar kanalları işə salındı. Donald Tramp yazırdı: “Danışıqlar davam edir və böyük irəliləyiş mümkündür”.
İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirdi ki, “Əgər qarşılıqlı hörmət qorunarsa, razılaşma mümkündür”.
Bu mərhələdə diplomatiya hərbi eskalasiyanın qarşısını alan əsas mexanizmə çevrildi.
Pakistan, Türkiyə və Çinin vasitəçilik missiyası

Aprelin 6-7-də diplomatik prosesin ən kritik mərhələsində Pakistan və Türkiyə paralel şəkildə vasitəçilik və koordinasiya funksiyalarını üzərinə götürdü. Xüsusilə aprelin 7-si günorta saatlarından etibarən İslamabad və Ankara xətti üzrə intensiv diplomatik təmaslar qeydə alındı. Məlumatlara görə, bu mərhələdə ən azı 5-7 ayrı kommunikasiya kanalı fəaliyyət göstərib və mesajların ötürülməsi saatlar deyil, bəzən dəqiqələr səviyyəsində həyata keçirilib.
Pakistan tərəfi birbaşa kommunikasiya platforması kimi çıxış edərək Vaşinqton və Tehran arasında “mesaj ötürücü mərkəz” rolunu oynadı. Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir prosesə birbaşa cəlb olunaraq həm siyasi, həm də hərbi kanallar üzrə koordinasiyanı təmin etdilər.
Donald Tramp “The Truth Social” platformasında yazırdı: “Pakistan liderləri ilə çox məhsuldar danışıqlar apardıq. Onlar bu prosesdə açar rol oynayır”.
Bu bəyanat Pakistanın rolunun texniki vasitəçilikdən daha geniş - strateji koordinasiya səviyyəsində olduğunu göstərdi.
Eyni zamanda Pakistanın vasitəçiliyi iki mərhələli model üzrə qurulmuşdu: ilk mərhələdə eskalasiyanın dayandırılması ilə bağlı təcili mesajların ötürülməsi, ikinci mərhələdə isə şərti atəşkəs mexanizminin razılaşdırılması. Bu model nəticəsində tərəflər arasında ilkin etimad mühiti formalaşdırıldı. Abbas Əraqçi açıqlama verdi: “Bəzi vasitəçilik kanalları real nəticələr verdi və bu, dialoqu mümkün etdi”.
Bu açıqlama dolayısı ilə Pakistanın roluna işarə kimi qiymətləndirilir.
Paralel olaraq Türkiyə daha çox “strateji balanslaşdırıcı” və “dialoq təşviq edən” aktor kimi çıxış etdi. Ankara birbaşa mesaj ötürməkdən çox, tərəflər arasında ümumi koordinasiya mühitinin saxlanmasına fokuslandı. Türkiyə diplomatik kanallar vasitəsilə həm ABŞ, həm də region ölkələri ilə təmasları intensivləşdirərək prosesin nəzarətdən çıxmamasına çalışdı. Bu mərhələdə Türkiyənin əsas rolu gərginliyin regional müstəviyə yayılmasının qarşısını almaq və diplomatik platformanı aktiv saxlamaq idi.
İsrailin baş naziri Benyamin Netanyahu bildirirdi: “Regional koordinasiya və tərəfdaşların iştirakı təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu fikir dolayısı ilə Türkiyə və Pakistan kimi ölkələrin rolunun İsrail tərəfindən də nəzərə alındığını göstərir.
Çin faktoru da aprelin ilk həftəsində aktiv müzakirə mövzusuna çevrildi. Xüsusilə İranın atəşkəsə razı salınmasında Pekinin mühüm rol oynadığı razılaşma əldə olunandan sonra açıqlandı.
Trampdan dünyanı silkələyən bəyanat

Aprelin 7-sı Bakı vaxtı ilə günorta saatlarında Donald Trampın verdiyi bəyanat bütün dünyanı silkələdi. O, İranın mövcudluğuna son qoyacağını bildirdi.
“Bütöv sivilizasiya bu gecə öləcək və heç vaxt geri qayıtmayacaq. Mən bunu istəmirəm, amma bu, bəlkə də baş verəcək. Buna baxmayaraq, hazırda tam bir rejim dəyişikliyi var. Hansı ki, orada daha fərqli, daha ağıllı və daha az radikal zehniyyətlilər üstünlük təşkil edir. Bəlkə də inqilabi dərəcədə gözəl nəsə baş verə bilər, kim bilir?”, - Tramp qeyd etdi.
Tramp “Bu gecə dünya tarixinin ən mühüm anlarından biridir. Nəhayət ki, 47 illik zorakılıq, korrupsiya və ölüm bitəcək. Tanrı böyük İran xalqını qorusun”, - deyə bəyanatında vurğuladı.
Trampın bu fikirlərinin ardından hətta ehtimallar səsləndirildi ki, ABŞ İrana qarşı nüvə silahı tətbiq edəcək. Lakin az sonra Ağ Ev bu iddiaları təkzib elədi.
Lakin ABŞ və İsrail qüvvələri Trampın bu açıqlaması ilə demək olar ki, eyni vaxtda İranın Xarq adasına, eləcə də digər vilayətlərindəki strateji infrastruktura – körpülərə, enerji obyektlərinə zərbələr endirməyə başladı.
Atəşkəs qərarı

Bakı vaxtı ilə aprelin 8-nə keçən gecə, verilən müddətin başa çatmasına az qalmış isə tərəflər arasında iki həftəlik atəşkəs elan olunduğu açıqlandı. Razılaşmanın müddəti 14 gün olaraq müəyyən edildi. Əsas şərt İrana qarşı hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazında gəmiçiliyin bərpasıdır.
Donald Tramp yazdı: “İki həftəlik atəşkəs əldə olundu. Bu, böyük addımdır”.
Benyamin Netanyahu bildirdi ki, “İsrail atəşkəsi dəstəkləyir, lakin təhlükəsizlik prioritetdir”.
Abbas Əraqçi isə vurğuladı ki, “Hücumlar dayanarsa, İran da əməliyyatları dayandıracaq, Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq”.
Bununla da, bütün dünya müvəqqəti də olsa, gərginlikdən çıxaraq rahat nəfəs aldı.
Razılaşmanın enerji bazarları və neft qiymətlərinə təsiri
Gərginlik dövründə neft qiymətləri bir neçə gün ərzində kəskin artmışdı. Atəşkəs razılaşmasının açıqlanmasının ardından neft qiymətlərdə 10-20 faiz ucuzlaşma müşahidə olunmağa başladı. Donald Tramp bunu “Enerji bazarları sabitləşir və bu, yaxşı siqnaldır” deyə qiymətləndirdi.
Benyamin Netanyahu “Sabitlik enerji təhlükəsizliyi üçün əsasdır”, Abbas Əraqçi isə “Enerji marşrutlarının təhlükəsizliyi qarşılıqlı məsuliyyətdir” yazdı.
Əsas danışıqlar və yekun razılaşma əldə olunmasıdır
Aprelin 8-də əldə olunan atəşkəs qısamüddətli sabitlik yaratsa da, uzunmüddətli perspektivlər qeyri-müəyyən olaraq qalır.
Maraqlıdır ki, həm ABŞ, həm də İran özünü 39 günlük müharibənin qalibi sayır. Lakin indiki məqamda əsas məsələ bu deyil. Əsas prosesin davam etdirilməsi, danışıqların aparılması və yekun razılıq əldə olunmasıdır.
Tərəflər arasında etimad səviyyəsi aşağıdır və razılaşma şərti xarakter daşıyır. Bu isə onu göstərir ki, mövcud atəşkəs daha çox taktiki fasilədir və növbəti 14 gün prosesin gələcəyini müəyyən edəcək əsas mərhələ olacaq.
ABŞ və İsrail arasında birbaşa danışıqlar aprelin 10-da Pakistanın paytaxtı İslamabadda başlayacaq. Danışıqlar nəticəndə yekun razılaşmanın əldə olunub-olunmayacağını bütün dünya səbirsizliklə gözləyir.