RU

Prezidentin yeni vəzifə verdiyi Xalid Əhədov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibini təsdiqləyib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Nurəddin oğlu Əhədov Müşahidə Şurasının sədri təyin edilib.

Xalid  Əhədovun dosyesini təqdim edirik:

Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində doğulan X.Əhədovun anası müəllim, atası həkimdir. Yeri gəlmişkən, Xalid Əhədovun atası Nurəddin Əhədov həm də keçmiş millət vəkili, "istiqlalçı deputat"dır.

Xaliq Əhədov 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olunub və Barselonada MBA təhsili alıb. 

O, tələbəlik illərindən bank sektorunda işləməyə başlayıb. Daha sonralar professional fəaliyyətə keçən X.Əhədov 1999-cu ilin martında “Bank of Baku”da pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələrində çalışıb. Ardınca - 2005-ci ildə “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini işləyib. 

2012-ci ildə “Unibank”da icraedici komitənin üzvü, 2015-ci ildə “Unibank”ın  icraçı direktoru vəzifəsini tutub. 2016-da “Bank Standard”ın baş direktoru, daha sonra (yenə 2016) "Azər Türk Bank"da İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi vəzifəsində çalışıb. 

Xaliq Əhədov 10.01.2017-ci il tarixində "Beynəlxalq Bank"ın İdarə Heyətinə sədr gətirilib. 14.03.2018-ci il tarixində "Beynəlxalq Bankı"n səhmdarlarının ümumi yığıncağında bu postdan ayrılaraq, bankın Müşahidə Şurasının üzvü təyin edilib.

Qeyd olunan vəzifələrlə yanaşı, o, əvvəllər “Atəşgah sığorta”nın Müşahidə Şurasının üzvü, “Millikart prosesinq mərkəzi”nin direktorlar şurasının sədri vəzifələrini də icra edib.

X.Əhədov 2018-ci ilin avqustunda Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi təyin edilib.

2022-ci ilin 17 noyabrında Xalid Əhədov Prezidentin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsinə gətirilib.

Избранный
11
2
fed.az

5Источники