RU

“Səhvlər etdik, həvəsdən düşdük, komandanı “sındırdı” - 0:7-nin iştirakçısı

“Qarabağ” cari mövsümdə ilk böyük hesablı qələbəsini “Karvan-Yevlax” üzərində qazandı – 7:0.

Son həftələrdə inamlı təsir bağışlayan aran təmsilçisi “Qəbələ” və “Sumqayıt”la bərabərə qalmış, “Araz-Naxçıvan” və “Zirə” kimi iddialılara minimal hesabla uduzmuşdu.

Əslində, yevlaxlılar “Qarabağ”la matçda da pis başlamamışdı. 23-cü dəqiqədə qədər qapısının toxunulmazlığını qorumuş, rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratmışdı.

Lakin birdən-birə nə baş verdisə, qonaq komanda sözün əsl mənasında çökdü. Səhvlər sıralandı, “Qarabağ”ın “qol yağışı” başladı.

Vaxtilə “Qarabağ”ın şərəfini qorumuş “Karvan-Yevlax”ın hazırkı kapitan Elvin Yunuszadə məğlubiyyəti Sportinfo.az-a şərh edib:

“Son matçlarda inamlı görünürdük. Həm müdafiədə az səhv edirdik, həm də qollar vururduq, qol epizodları yaradırdıq.

Bunları düşünərək “Qarabağ”la oyuna inamlı hazırlaşmışdıq. İnanırdıq ki, düzgün mübarizə aparmaqla meydanı xalla tərk edə bilərdik.

Rəqibin birinci qoluna qədər hər şey yaxşı gedirdi.Hətta içimdəki hiss məğlub olmayacağımızı deyirdi.

Lakin buraxılan ilk qol komandanı ruhdan saldı, “sındırdı”. Ondan sonra səhvlər sıralandı, “Qarabağ”ın futbolçuları bundan lazımınca yararlandı.

Dediyim kimi, birinci qoldan sonra toparlana bilmədik, həvəsdən düşdük. Futbolda belə hallar olur.

Qarşıda vacib oyunlarımız var. Səhvlərimizdən nəticə çıxarıb qələbələr qazanmağa çalışacağıq”.

26 turdan sonra aktivində 8 xal olan “Karvan-Yevlax” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

HƏBİB

Избранный
17
sportinfo.az

1Источники