Səhiyyə sektorunda insan kapitalının gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində səhiyyə naziri Teymur Musayev V “Yüksəliş müsabiqəsi”nin qalibi Ramil Hüseynzadə ilə görüş keçirib.
Bu barədə hafta.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, görüş zamanı səhiyyə sistemində həyata keçirilən yeniliklər, idarəçilikdə müasir yanaşmalar, rəqəmsal transformasiya və kadrların inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir gənc mütəxəssisin irəli sürdüyü ideya və təşəbbüsləri diqqətlə dinləyərək, bu kimi layihələrin iştirakçılarının peşəkar yüksəlişinə verilən dəstəyin dövlət üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.
Teymur Musayev bildirib ki, “Yüksəliş” müsabiqəsi istedadlı və perspektivli gənclərin üzə çıxarılmasında, həmçinin onların dövlət idarəçiliyində aktiv rol almasına şərait yaradılmasında mühüm rol oynayır. O, səhiyyə sahəsində aparılan yeniliklərin uğurla tətbiqində təşəbbüskar və peşəkar kadrların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş çərçivəsində idarəetmə mexanizmlərinin daha da təkmilləşdirilməsi, tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi və innovativ həllərin tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb. Sonda nazir qalibə gələcək fəaliyyətində nailiyyətlər arzulayıb.