RU

Bu atəşkəs sülh deyil- Şəbnəm HƏSƏNOVA- ÖZƏL

"Pakistan ilk dəfə olaraq bu miqyasda iki düşmən tərəf-ABŞ və İran arasında aktiv vasitəçilik rolunu oynayıb. Bu, ölkənin xarici siyasətində ciddi dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Pakistanın uğuru təsadüfi deyil. Həm ABŞ-la, həm də İranla paralel əlaqələri var. Regionda geosiyasi balansı qorumağa çalışır. Prosesdə hərbi və siyasi rəhbərlik koordinasiyalı hərəkət edib. Bu, Pakistanı klassik regional aktordan daha çox "körpü diplomatiyası" aparan dövlətə çevirir." Bu  sözləri  Olaylar.az-a  açıqlamasında  Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:"ABŞ-İran qarşıdurmasında taktiki pauza var, strateji həll yoxdur. Atəşkəsin əldə olunması mühüm hadisədir, amma tərəflər arasında Hörmüz boğazı, nüvə proqramı üzərindən ciddi fikir ayrılıqları qalır. İran bunu "qələbə", ABŞ isə daha çox taktiki addım kimi təqdim edir. Bu isə onu göstərir ki, bu atəşkəs müharibənin sonu deyil, sadəcə vaxt qazanmaq və mövqeləri yenidən qurmaq üçün fasilədir. Enerji amili əsas rol oynayır. Müharibə dünya neft tədarükünün təxminən 20%-ni risk altına salıb, qiymətlərin ciddi dalğalanmasına səbəb olub. Atəşkəsdən sonra qiymətlərin 16% düşməsi göstərir ki. əsas motivlərdən biri iqtisadi və enerji təhlükəsizliyi olub. Yəni bu prosesdə ideologiyadan çox qlobal iqtisadi sabitlik faktoru həlledici rol oynayıb. Çin və regional güclərin dolayı təsiri də öz sözünü deyir. Pakistan təkbaşına hərəkət etməyib, Çin diplomatik təşəbbüslərlə prosesə qoşulub, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir koordinasiyalı mövqe tutub. Bu isə onu göstərir ki, dünya artıq təkqütblü deyil, ABŞ belə regional və qlobal güclərlə hesablaşmağa məcburdur. 
Pakistanın daxili və xarici balans siyasəti də nəzərə alınmalıdır. Pakistan üçün bu vasitəçilik həm də daxili sabitlik məsələsidir.  Bu ölkədəki şiə əhalinin mövcud reaksiyası, iqtisadi təzyiqlər yəni enerji qiymətləri və təhlükəsizlik riskləri ilə özünü büruzə verir. Bu baxımdan, diplomatiya Pakistan üçün sadəcə xarici siyasət yox, həm də daxili sabitliyin qorunması alətidir. Lider faktorunun rolu da danılmazdır. Xüsusi vurğulamaq lazımdır ki, Pakistanın Baş naziri və ordu rəhbəri birbaşa ABŞ rəhbərliyi ilə əlaqədə olub, xüsusilə hərbi kanallar vasitəsilə olan şəxsi münasibətlər prosesə sürət verib. Bu isə göstərir ki, beynəlxalq münasibətlərdə institutlarla yanaşı, şəxsi diplomatiya hələ də güclü təsirə malikdir. Bu hadisə bir neçə əsas nəticə ortaya qoyur. Pakistan regional diplomatiyada yeni çəkisi olan aktora çevrilir, ABŞ-İran qarşıdurması hələ də açıq qalır və istənilən an yenidən alovlana bilər, enerji təhlükəsizliyi qlobal siyasətin mərkəzindədir, çoxqütblü dünya reallığı daha da güclənir. Ümumilikdə, bu atəşkəs sülh deyil, geosiyasi oyunda növbəti mərhələyə keçid kimi qiymətləndirilməlidir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
olaylar.az

1Источники