RU

Deputat: Azərbaycanın qələbə təcrübəsi qlobal münaqişələr üçün çıxış yolu ola bilər

Azərbaycanın qələbə təcrübəsi qlobal münaqişələr üçün çıxış yolu ola bilər.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.
Deputat deyib ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən proseslər göstərir ki, dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr və müharibələr qlobal sabitlik və təhlükəsizlik üçün ən ciddi təhdidlərdən biri olaraq qalmaqdadır: “Geosiyasi gərginliklərin artması, regional qarşıdurmaların genişlənməsi və böyük güclər arasında rəqabətin dərinləşməsi beynəlxalq hüquq normalarının tətbiqini çətinləşdirir, sülh təşəbbüslərinin effektivliyini isə sual altına qoyur. Bu baxımdan hazırkı mənzərə təkcə ayrı-ayrı regionların deyil, bütövlükdə qlobal sistemin transformasiya dövründən keçdiyini göstərir”.
Soltan Məmmədov qeyd edib ki, son illərin ən ciddi münaqişələrindən biri Rusiya ilə Ukrayna arasında davam edən müharibədir: “Artıq dörd ildən çoxdur ki, davam edən bu qarşıdurma yalnız tərəflər üçün deyil, eyni zamanda Avropa və dünya üçün ağır nəticələr doğurub. İnsan itkiləri, milyonlarla insanın məcburi köçkünə çevrilməsi, şəhərlərin və infrastrukturun dağıdılması bu müharibənin humanitar ölçüsünü daha da ağırlaşdırır. Bununla yanaşı, enerji bazarlarında qeyri-sabitlik, ərzaq təhlükəsizliyi ilə bağlı risklərin artması və qlobal iqtisadi əlaqələrin pozulması münaqişənin təsir dairəsinin nə qədər geniş olduğunu nümayiş etdirir. Ən narahatedici məqamlardan biri isə bu müharibənin nə vaxt və hansı şərtlərlə başa çatacağına dair konkret ümidlərin hələ də formalaşmamasıdır. Digər mühüm gərginlik ocağı isə İranla ABŞ-İsrail arasında baş verən qarşıdurmadır. İlk mərhələdə qısa müddətli hərbi toqquşma kimi qiymətləndirilən bu münaqişənin artıq uzunmüddətli xarakter alması vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir. 40 gündən artıq davam edən hərbi əməliyyatlar, tərəflərin sərt bəyanatları və qarşılıqlı zərbələr regionda genişmiqyaslı müharibə riskini artırır. Atəşkəs və sülh təşəbbüsləri gündəmdə olsa da, onların hansı nəticə verəcəyi hələlik qeyri-müəyyən olaraq qalır. Bu münaqişə yalnız iştirakçı ölkələrə deyil, həm də qlobal iqtisadi sistemə ciddi təsir göstərir. Xüsusilə enerji qiymətlərində dalğalanmalar, beynəlxalq ticarət marşrutlarında risklərin artması və investor etimadının zəifləməsi dünya iqtisadiyyatında əlavə qeyri-sabitlik yaradır”.
Deputat belə bir mürəkkəb və ziddiyyətli beynəlxalq şəraitdə Azərbaycanın əldə etdiyi hərbi-siyasi nəticələrin xüsusi diqqət çəkdiyini vurğulayıb: “44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müasir münaqişələr tarixində nadir rast gəlinən mütləq qələbə nümunəsi kimi qiymətləndirilə bilər. Uzun illər davam edən danışıqlar prosesinin nəticə vermədiyi, status-kvonun dəyişməz göründüyü bir şəraitdə Azərbaycanın qısa müddətdə həlledici nəticə əldə etməsi həm hərbi strategiya, həm də siyasi iradə baxımından mühüm təcrübə formalaşdırdı. Bu qələbəni şərtləndirən əsas amillərdən biri, şübhəsiz ki, Azərbaycan əsgərinin qəhrəmanlığı və rəşadəti idi. Döyüş meydanında nümayiş etdirilən peşəkarlıq, yüksək döyüş ruhu və vətənpərvərlik hissi ordunun uğurunun əsasını təşkil etdi. Müasir texnologiyaların tətbiqi ilə klassik hərbi taktikanın düzgün sintez edilməsi Azərbaycanın üstünlüyünü təmin edən vacib faktorlar sırasında oldu. Ordunun maddi-texniki təminatının gücləndirilməsi, uzun illər aparılan islahatların nəticəsi kimi özünü göstərdi. Bununla yanaşı, Azərbaycanın əldə etdiyi nəticələrin mərkəzində güclü siyasi liderlik amili dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və prinsipial siyasət, beynəlxalq müstəvidə aparılan uğurlu diplomatik fəaliyyət və qətiyyətli qərarvermə prosesi müharibənin gedişinə birbaşa təsir göstərdi. Siyasi və hərbi rəhbərlik arasında koordinasiyanın yüksək səviyyədə olması, strateji hədəflərin aydın şəkildə müəyyənləşdirilməsi və bu hədəflərə doğru sistemli addımların atılması qələbəni labüd edən amillərdən oldu. 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı isə Azərbaycanın suverenliyinin tam bərpası istiqamətində növbəti mühüm mərhələ kimi tarixə düşdü. Qısa müddətdə və minimal itkilərlə həyata keçirilən bu əməliyyat dövlətin gücünün, ordunun peşəkarlığının və siyasi iradənin bir daha təsdiqi oldu. Bu proses həm də göstərdi ki, düzgün planlaşdırılmış və məqsədyönlü siyasət nəticəsində uzun illər davam edən münaqişələr qısa müddətdə həll edilə bilər. Nəticə etibarilə, bu gün dünyada davam edən münaqişələrin əksəriyyəti uzanan, qeyri-müəyyən və çoxşaxəli xarakter daşıyır. Bu münaqişələrdə tərəflərin heç biri həlledici üstünlük əldə edə bilmir və nəticədə uzunmüddətli qeyri-sabitlik yaranır. Azərbaycanın təcrübəsi isə göstərir ki, milli maraqlara əsaslanan aydın strategiya, güclü liderlik, peşəkar ordu və xalq-iqtidar birliyi mövcud olduqda, ən mürəkkəb münaqişələr belə qısa müddətdə və qəti şəkildə həll oluna bilər. Bu baxımdan Azərbaycan modeli yalnız regional deyil, qlobal səviyyədə də öyrənilməli və təhlil edilməli olan mühüm nümunə kimi çıxış edir”.

Избранный
30
apa.az

1Источники