RU

ABŞ və İran vaxt qazanmaq üçün atəşkəsə razılaşıb? - Danışıqlardan sonra...

Yaxın Şərqdə uzun müddətdir yığılan geosiyasi gərginlik 40 gün davam edən silahlı qarşıdurmaya çevrildi. Müharibənin başlanğıcı bir neçə paralel faktorun kəsişməsi ilə formalaşdı: İranın regional təsir imkanlarını genişləndirməsi və uranı zənginləşdirməsi, İsrailin təhlükəsizlik narahatlıqlarının artması və ABŞ-nin bölgədə strateji balansı qorumaq cəhdləri.

İlkin olaraq dolayı toqquşmalar və proksi qüvvələr üzərindən aparılan mübarizənin açıq fazaya keçməsi ilə birbaşa hərbi eskalasiya baş verdi. İsrail və Amerikanın İranın hərbi infrastrukturuna yönəlmiş zərbələri və buna cavab olaraq İranın regional müttəfiqləri vasitəsilə həyata keçirdiyi hücumlar qısa müddətdə genişmiqyaslı qarşıdurmaya çevrildi. 

Müharibənin ilk iki həftəsi tərəflərin intensiv zərbə mübadiləsi ilə yadda qaldı. İsrail yüksək texnoloji üstünlüyə əsaslanan hədəfli əməliyyatlar aparsa da, İranın raket və pilotsuz uçuş aparatları vasitəsilə cavab imkanları regionda ciddi təhlükəsizlik boşluqları yaratdı.

Üçüncü və dördüncü həftələrdə münaqişə daha çox "yorucu müharibə" mərhələsinə keçdi. Tərəflər birbaşa genişmiqyaslı hücumları məhdudlaşdıraraq, iqtisadi və logistik zəiflətmə strategiyasına üstünlük verdilər. Enerji infrastrukturu, nəqliyyat xətləri və hərbi təchizat zəncirləri əsas hədəfə çevrildi.

Bu mərhələdə ABŞ-nin iştirakı kritik oldu: hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və regional müttəfiqlərin qorunması müharibənin coğrafi genişlənməsinin qarşısını qismən aldı. Bununla yanaşı, münaqişənin qlobal enerji bazarlarına təsiri ciddi narahatlıq doğurdu.

Müvəqqəti atəşkəs: taktiki fasilə, yoxsa, strateji dönüş?

Müharibənin 6-cı həftəsində tərəflər iki həftəlik müvəqqəti atəşkəsə razılaşdılar. Bu qərar bir neçə səbəbdən irəli gəldi:

- Hər üç tərəfin resurs itkilərinin artması;
- Regional müttəfiqlərin müharibəyə daha dərindən cəlb olunma riski;
- Beynəlxalq təzyiq, xüsusilə enerji bazarlarının sabitləşdirilməsi tələbi.

US, Israel and Iran agree to 2-week ceasefire to allow peace talks |  Knysna-Plett Herald

Atəşkəs dövrü tərəflərə yenidən qruplaşmaq və diplomatik manevr imkanlarını genişləndirmək üçün vaxt qazandırıb. 

ABŞ və İsrail istər danışıqlar, istərsə də güc vasitəsilə zənginləşdirilmiş uranın İrandan çıxarılaraq məhv ediləcəyini açıqlayıb. Ola bilər ki, Amerika xüsusi qüvvələri razılaşmanın olmayacağı halında İranda F-15E pilotunun xilas edilməsinə bənzər əməliyyat keçirib, uranı ölkədən çıxarmağa çalışacaq. 

İslamabad danışıqları

Aprelin 11-də İslamabadda başlanacaq danışıqlar münaqişənin taleyini müəyyən edə biləcək əsas platforma kimi qiymətləndirilir. Danışıqlarda İranın regional hərbi fəaliyyətlərinin məhdudlaşdırılması, İsrailin təhlükəsizlik zəmanətləri, ABŞ-nin bölgədə hərbi mövcudluğunun çərçivəsi, eləcə də sanksiyaların mərhələli şəkildə yumşaldılması ehtimalı var. 

Atəşkəs dönəmində qarşı-qarşıya gələcək diplomatik nümayəndə heyətlərinin rəhbərləri də maraq doğurur. ABŞ tərəfdən danışıqlara ölkənin ikinci şəxsinin rəhbərlik edəcəyi halda, İran tərəfdən bu işi parlamentin spikeri görəcək. 

Belə ki, Tehran və Vaşinqton arasında keçiriləcək danışıqlarda İslam Respublikasının nümayəndə heyətinə İslam Şurası Məclisinin spikeri Məhəmməd Baqer Qalibaf rəhbərlik edəcək. Amerikanın vitse-prezidenti Ceyms Devid Vens isə ABŞ adından Pakistanda keçiriləcək danışıqlarda iştirak edəcək.

Ghalibaf and J.D. Vance to lead Iranian and US delegations in Islamabad  talks. ISNABununla İran diktə etdiyi şərtlərin üstünlüyü ilə bərabər, danışıqlara da üstün tərəf kimi getməyə çalışır. Danışıqlarda müxtəlif ranklı nümayəndələrin iştirakı diplomatiyada bir növ aşağılayıcı amil kimi görünür. 

İranın təqdim etdiyi ilk 10 bəndlik təkliflər paketi ABŞ tərəfindən qəbul edilməyib. Vens bunun ChatGPT ilə yazıldığını deyib və Vaşinqtonun onu zibil qutusuna atdığını açıqlayıb. ABŞ Tehranın ikinci təkliflər paketini qəbul edib və bunun üzərində danışıqlar aparacaq. İran tərəfi isə üçüncü bir on bəndlik maddə hazırlayaraq, məhz bunu mətbuatda yayıb. Bu səbəbdən İran tərəfi qalib və üstün tərəf kimi görünür. 

Bununla belə, tərəflərin razılığa gəlmə ehtimalı mövcuddur. Lakin bu, tam və uzunmüddətli sülh sazişindən çox, mərhələli və şərti razılaşma formatında ola bilər. Çünki tərəflər arasında strateji etimadsızlıq yüksək səviyyədədir. Regional təsir uğrunda rəqabət isə davam edir. 

Ən real ssenari kontrollu şəkildə gərginliyin azaldılması modelidir.

Əgər tərəflər razılığa gələrsə, hərbi əməliyyatlar dayandırılacaq və atəşkəs uzadılacaq. Enerji bazarlarında sabitlik qismən bərpa olunacaq və neft qiymətləri azalan tempdə davam edəcək. İran üzərində bəzi iqtisadi təzyiqlərin yumşaldılması mümkündür. Bundan əlavə, İsrail üçün beynəlxalq təhlükəsizlik zəmanətləri gücləndirilə, ABŞ isə bölgədə daha selektiv hərbi strategiyaya keçə bilər.

Bu halda münaqişə "dondurulmuş qarşıdurma" mərhələsinə keçəcək.

War in Middle East widens as Israeli and U.S. planes pound Iran and Tehran  and its proxies hit back | PBS News

Razılaşma baş tutmasa, danışıqlar uğursuz olarsa, müharibənin yenidən başlaması ehtimalı yüksəkdir. Lakin növbəti mərhələ əvvəlkindən daha təhlükəli ola bilər. Bu halda tərəflər daha genişmiqyaslı və intensiv hücumlara keçəcək. Regional aktorların (məsələn, digər Yaxın Şərq ölkələrinin) münaqişəyə qoşulma riski artacaq və qlobal iqtisadi təsirlər, xüsusilə enerji qiymətləri daha kəskin hiss olunacaq. 

Bu ssenari lokal müharibədən regional müharibəyə keçid riskini artırır.

İstənilən halda bu müharibə Birləşmiş Ştatların, xüsusilə də prezident Trampın imicinə ciddi zərbə vurdu. Yalnız Hörmüz boğazından keçid sərbəst şəkildə təmin olunarsa, zənginləşdirilmiş uran İrandan çıxarılarsa və İrandakı mövcud rejim dəyişərsə, ABŞ-ni məqsədlərinə çatmış hesab etmək olar. 

Will Congress Stop Trump From Destroying the Economy?

İran isə danışıqlardan üstün tərəf kimi çıxsa, can və mal itkilərini bərpa edib, yoluna davam edəcək və regionda daha da möhkəmlənəcək. 

Lakin tərəflərin üzərində danışıqlar aparacağı təkliflər paketi hələlik məlum deyil. İran tərəfinin Vaşinqtona təqdim etdiyi 10 bəndlik təkliflə mətbuatda yaydığı tamamilə fərqlidir. Bəlkə də İran ABŞ-nin təklifləri ilə razılaşıb. Danışıqlar isə qapalı şəkildə keçiriləcək. Tərəflərin hansının masadan üstün qalxacağı yalnız sonrakı addımlarla müəyyən olunacaq. 

40 günlük müharibə göstərdi ki, hərbi üstünlük belə strateji sabitlik təmin etmir. İslamabad danışıqları tərəflər üçün yalnız münaqişəni dayandırmaq deyil, həm də yeni regional təhlükəsizlik arxitekturasının konturlarını müəyyən etmək imkanıdır.

Lakin mövcud reallıq ondan ibarətdir ki, tərəflər arasında fundamental ziddiyyətlər qalır. Buna görə də ən ehtimal olunan nəticə tam sülh deyil, idarə olunan gərginlik və periodik eskalasiya riskinin davam etməsidir.

Ağarza Elçinoğlu 

Избранный
61
50
unikal.az

10Источники