RU

İrandan Azərbaycana qarşı yenə “xoxan” düzəltmək cəhdi

İranın 40 günlük müharibədən qarşılıqlı “atəşkəslə”, yəni təslim olmadan çıxması xüsusilə erməni politoloqları sevindirir, onlar da uzaqgedən nəticələr çıxarırlar. Bu atəşkəsi az qala qalibiyyət kimi qələmə verənlər iddia edirlər ki, Cənubi Qafqaz regionunda siyasi, iqtisadi və hərbi balansı ciddi şəkildə dəyişə bilər.
Bildirilir ki, İranın qalibiyyəti regiondakı nüfuz balansını onun lehinə dəyişdirəcək. Azərbaycan, Ermənistan və Gürcüstan kimi ölkələr İranın hərbi və siyasi üstünlüyünü nəzərə alaraq diplomatik və təhlükəsizlik siyasətlərini yenidən formalaşdırmağa məcbur olacaq.
Hərbi qalibiyyət İranın regionda ABŞ və digər Qərb ölkələrinin təsirini məhdudlaşdırmasına imkan yarada bilər. Xüsusi olaraq vurğulanır ki, İranın müharibədən salamat çıxması Rusiyanın regiondakı mövqelərini əvvəlki kimi gücləndirəcək. Bu isə ABŞ-la strateji anlaşma imzalayan Azərbaycan və Ermənistan hakimiyyətinin işinə yaramayacaq.

Professor Qabil Hüseynli Musavat.com-a açıqlamasında İranın yetərincə əzildiyini bildirərək əvvəlki aqressor olmayacağını söyləyib. Onun qənaətinə görə, İran simasını qorumağa çalışsa da, aldığı zədələr ona qalxmağa imkan verməyəcək: "Atəşkəsdən sonra beynəlxalq ictimai rəy İranın vəziyyətdən çıxmağı bacardığı yönündədir. Razıyam ki, koalisiya rejimi məhv edə bilmədi. Amma nəzərə alaq ki, ölkənin nüfuzlu və önəmli adamları öldürülüb. Hakimiyyətlər belə şəraitdə zəifləyir”. Politoloq bundan sonra İranın əvvəlki gücdə olacağını gözləmir: “Bəli, psixoloji üstünlük İran tərəfdə görünür, amma hələ heç nə başa çatmayıb. Ona görə də İranın regionda daha azğın olacağına gözləntim yoxdur. Biz bölgədə tək deyilik ki, Tehranla Moskva köhnə narrativlərlə hərəkət etsinlər. Üstəlik, ikisi də müharibədə çoxlu qan itirib, ağır zərbələr alıb və sanksiya altındadırlar. Azərbaycanın Türkiyə və Pakistan kimi müttəfiqləri var. Hər iki dövlətin atəşkəsin əldə olunmasında rolunu İran yaxşı bilir. Bu baxımdan, bölgədə yeni siyasi reallıqlar formalaşır və Rusiya ilə İran onu köhnə doktrinaya qaytara bilməzlər".
Q.Hüseynli hesab edir ki, Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlar dilə gətirilir: "İran müharibədən əvvəl də bu marşrutun əleyhinə idi. Yəni dəyişən nə var ki? Sadəcə, bu yol Orta dəhlizin bir hissəsidir deyə tək bizdən və Ermənistandan asılı layihə deyil. Birinci növbədə Çinə lazım olan logistikadır. Pekinin Tehrana himayədarlıq etməsi də sirr deyil. İndi İran bu fakt qarşısında nə edəcək? Məncə, tələsməyə hacət yoxdur. ABŞ o qədər aciz deyil ki, Trampın adına olan yolun açılmasına Tehran mane ola bilsin. Hə, buna cəhd edəcəklər, təzyiq göstərməyə çalışacaqlar, lakin Ermənistan ABŞ və Avropa İttifaqından dəstək alacaq. Hər halda, razıyam ki, Rusiya və İranda həvəslənənlər var. Onlar Cənubi Qafqaza yenidən qayıdacaqlarına inanmağa başlayıblar. Amma kontur addımları gözləmək lazımdır”.

Emil Salamoğlu
Musavat.com

Избранный
45
musavat.com

1Источники