RU

Rusiya ordusu Ukraynanın bir sıra vilayətlərini vurub Enerji infrastrukturu hədəfdədir

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukraynada mülki infrastruktura və yaşayış binalarına Rusiya ordusunun hücumları davam edir. Aprelin 9-u səhər saatlarında həyata keçirilən son zərbələr nəticəsində mülki itkilər və ciddi dağıntılar qeydə alınıb.

“AzPolitika” xəbər verir ki, Zaporojye vilayətində vəziyyət xüsusilə gərgin olub. Vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, səhər saatlarında bölgəyə ən azı səkkiz zərbə endirilib. Hücum nəticəsində bir nəfər həyatını itirib, daha dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onun sözlərinə görə, Balabino qəsəbəsində bir sıra fərdi yaşayış evləri zədələnib.

Dnepropetrovsk vilayətində də vəziyyət sabit deyil. Vilayət rəhbəri Aleksandr Qanja Rusiya hücumları nəticəsində üç rayonda ümumilikdə iki nəfərin yaralandığını açıqlayıb.

Nikopol rayonunda çoxmərtəbəli və fərdi evlər, qarajlar və avtomobillər zərər görüb. Pavloqrad şəhərində mağazalar və yaşayış evləri, Sinelnikovo rayonunda isə avtomobillər və fərdi evlər dağıntıya məruz qalıb.

Bundan əvvəl – aprelin 8-i axşam saatlarında isə Odessa vilayətində enerji infrastrukturu hədəfə alınıb. Ukraynanın ən böyük enerji şirkətlərindən biri olan DTEK Rusiya qüvvələrinin yarımstansiyaya zərbə endirdiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ordusu gecə saatlarında ölkə ərazisinə ümumilikdə 119 pilotsuz uçuş aparatı ilə hücum edib. Onlardan 99-u hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Daha 16 dron isə 11 müxtəlif ərazidə yerə düşüb.

Son hücumlar göstərir ki, cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələri və enerji infrastrukturu hələ də əsas hədəflər sırasındadır. Bu isə Ukraynada həm humanitar vəziyyəti, həm də enerji təminatını daha da çətinləşdirir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
azpolitika.info

1Источники