RU

TikTok trendləri uşaqları necə dəyişir? - Psixoloqdan XƏBƏRDARLIQ

Azyaşlıların sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında yayılan trendlərə marağı getdikcə artır. Mütəxəssislər isə bu tendensiyanın uşaqların davranış və psixoloji vəziyyətinə təsirsiz ötüşmədiyini bildirirlər. 

Bu barədə Day.Az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, valideynlər uşaqlarını sosial platformalarda yayılan dırnaqarası fenomenlərdən və trendlərdən uzaq tutmalıdırlar.

O qeyd edib ki, qadağa qoymaq əvəzinə izah yolu seçilməlidir və bunun üçün ilk növbədə valideyn özü bu tip məzmunlardan uzaq durmalıdır.

Psixoloqun sözlərinə görə, hər hansı trendə qoşulmaq əvvəlcə əyləncəli və həyəcanverici görünsə də, zamanla bu davranış formaya çevrilir və uşaqların gündəlik həyatına təsir edir.

R.Nəcəfov vurğulayıb ki, xüsusilə TikTok trendləri insanlarda asılılıq yarada bilər və bu zaman fərdlər rəqəmsal kimliklərini real həyatla qarışdırırlar. Bu isə onların süni "komfort zona"ya çəkilməsinə səbəb olur. Onun sözlərinə görə, uşaqlar bu zonadan çıxmaq istəmədikdə aqressiya, təşviş kimi psixoloji problemlər ortaya çıxa bilər:

"Ailədə sağlam münasibətlərin formalaşması üçün real və sağlam mühit vacibdir. Əks halda ailədaxili münaqişələr qaçılmaz olur. O bildirib ki, uşaq tərbiyəsində valideynin rolu böyükdür və valideynlər nümunə olmalı, eyni zamanda müəyyən fədakarlıqlar göstərməlidirlər".

Psixoloq qeyd edib ki, uşaqların psixikasına mənfi təsir göstərə biləcək davranış və düşüncələrə şərait yaradılmamalıdır:

"Bütün yaş dövrlərində uşaqların emosional inkişafına diqqət yetirilməli, zərurət olduqda psixi sağlamlıq mütəxəssislərinə vaxtında müraciət edilməlidir.
Psixi sağlamlıq ümumi sağlamlığın əsasını təşkil edir və sağlam düşüncə formalaşmadıqda insanların həyat keyfiyyəti aşağı düşür".

Избранный
18
day.az

1Источники