RU

ABŞ-nin NATO-dan çıxması gerçəkləşir? - Məsələ niyyət fazasından konkret müzakirə fazasına keçir  


ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə keçirəcəyi görüşdə alyansdan mümkün çıxış məsələsini müzakirə edəcək. Bu barədə Ağ Evin mətbuat katibi Karoline Leavitt açıqlama verib.

Məlumata görə, Vaşinqton administrasiyası NATO daxilində artan fikir ayrılıqlarından narazıdır və xüsusilə son beynəlxalq böhranlar fonunda müttəfiqlərin ABŞ-ni tam dəstəkləmədiyini düşünür. Bu səbəbdən Trampın alyansın gələcəyi ilə bağlı daha sərt mövqe ortaya qoyduğu bildirilir.

Qeyd olunur ki, Trampın NATO ilə bağlı bu addımı yalnız siyasi mesaj deyil, eyni zamanda real müzakirə predmetidir.
Problemin bu həddə qədər gəlib çatması Trampın NATO-dan çıxmaq məsələsində qərarlı olduğununun, alyansdan çıxacağı barədə bəyanatlarının boşuna olmadığı hesab edilə bilərmi?
Siyasi ekspert, professor Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirib ki, Trampın xarakterini və son bir ildəki fəaliyyətini nəzərə alsaq onun NATO-dan çıxmaq fikrinin qəti olub-olmadığını birmənalı şəkildə təsdiq eləmək mümkün deyil:

“Tramp tez-tez fikrini dəyişməyi, bir-birinə zidd olan bəyanatlarla çıxış eləməyi bacaran siyasətçilərdəndir. O, çevik, konkret şəraitə görə hərəkət eləyən siyasətçidir. Təbii ki, NATO ilə ABŞ arasında müəyyən narazılıqlar var. Bu narazılıq əsasən Avropanın kollektiv təhlükəsizliyinin təşkili ilə bağlı xərclərin çox hissəsinin ABŞ-nin üzərinə düşməsi ilə əlaqədardır. Ona görə də hələ birinci hakimiyyəti zamanından NATO-dan narazılığını ifadə edir. İndi isə daha da sərt mövqe ortaya qoyaraq NATO-dan çıxmaq məsələsini alyansın baş katibi ilə müzakirəyə çıxarır. Yəni artıq məsələ niyyət fazasından konkret müzakirə fazasına keçirilir. Amma müzakirədə hansı qərarın qəbul olunacağı, müzakirədə hansı nəticəyə gəlinəcək, onu dəqiq söyləmək çətindir. Çünki Trampın mövqeyində tez-tez dəyişkənlik məsələsi var. Əlbəttə ABŞ-nin NATO-dan çıxma ehtimalını NATO üzvü olan Avropa dövlətləri nəzərə alırlar və yəqin ki, bu ehtimalın reallaşması vəziyyətinə uyğun addımlar atılmalıdırlar”.

Ekspert hesab edir ki, böhran vəziyyətində NATO-nun ABŞ-a kömək etmədiyi söhbəti bəhanədir:
“Ona görə ki, NATO-nun statusu Avropanın kollektiv təhlükəsizliyi ilə məşğul olmaqdır. NATO müdafiə xarakterli təşkilat kimi çıxış edir. Ona görə də ABŞ-İran qarşıdurmasına NATO-nun müdaxiləsi mümkün deyildi”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
9
musavat.com

1Источники