RU

"Kişi hansısa məqsədinə çatmaq üçün qadının soyadını götürür" -AÇIQLAMA

Ədliyyə Nazirliyindən məlumat verilib ki, Azərbaycanda cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman arvadının soyadını qəbul edib. Eyni zamanda qeyd olunub ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

Bəs kişilər niyə arvadlarının soyadına keçirlər?

Sosioloq Üzeyir Şəfiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan ənənəvi və kişi mərkəzli cəmiyyət olub:

"Bir qayda olaraq qadınlar ailə qurarkən kişi soyadlarını götürüb kişi soyadına keçiblər. Hərçənd Ailə Məcəlləsi imkan verir ki, ailə qurarkən kişi qadın, qadın isə kişi soyadını götürə bilər. Belə bir yanaşma var. Amma Azərbaycan ənənəvi kişi mərkəzli cəmiyyət olduğuna görə həmişə belə olub ki, qadın kişi soyadını götürüb. Kişilərin qadınların soyadını götürməsi məsələsi təəssüf doğurur. Bu tendensiya halını alarsa, demək bizim cəmiyyətin sosial xarakterində deformasiyalar gedir. Hesab edirəm ki, bu, Qərbdən, Avropadan gələn feminist dalğanın təsiri ilə ola bilər. Yaxud da hansısa bir kişi hansısa məqsədinə çatmaq üçün qadının soyadını götürür.  Elə soyadlar var ki, nadirdirlər və itə bilərlər. Həmin o qız əgər kişi soyadına keçərsə, həmin soyad itə bilər deyə o soyadı xilas eləmək üçün bəzən bəzi kişilər həmin soyada keçirlər. Amma bu, emosional-mənəvi bir seçimdirsə, təəssüf doğurur".

Müsahibimiz vurğuladı ki, bizim cəmiyyətimiz ənənəvi cəmiyyətdir, biz bu ənənələri, mentaliteti və arxetiplərimizi qoruyub saxlamalıyıq:

"Bizi biz edən də məhz bizim milli kimliyimiz, milli özünəməxsusluğumuzu da yaradan məhz milli adət-ənənələrimiz, arxetiplərimiz və dəyərlərimizdir. Biz bunu qoruyub saxlamalı və sosial varisliklə gələcək nəsillərə ötürməliyik. Nəinki bizim cəmiyyət üçün xarakterik olmayan qadın soyadlarına keçmək. Hesab edirəm ki, bu, bizim cəmiyyət üçün xarakterik deyil, arzuolunmaz və yolverilməz bir tendensiyadır. Bu tipli tendensiyalar və tərzlər ancaq bəzi ölkələrdə, matriarxat ölkələrdə olur. Məsələn, İsraildə uşaq ana xətti ilə gedir, Şimali və Qərbi Afrikada matriarxat cəmiyyətlərdə belə var. Hətta Afrikada kişilər örpək də çəkir".

Aytəkin TOFİQQIZI

Избранный
50
1
redaktor.az

2Источники