RU

MOK rəsmisi: “Los-Anceles-2028” üçün hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir VİDEO

Bakı, 9 aprel, AZƏRTAC

Aprel ayında böyüklər arasında cüdo və güləş üzrə Avropa çempionatları keçiriləcək. Bu yarışlar komandalarımızın hazırlıq səviyyəsini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, qarşıdakı yarışlarla bağlı gözləntilərinin yüksək olduğunu bildirib: “Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli ilə bu məsələ ətrafında fikir mübadiləsi apardıq. Qeyd etdi ki, komanda çempionata əsas və güclü heyətlə qatılacaq. Hazırda olimpiya siklinin mühüm mərhələsidir. “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına iki il vaxt qalıb. Bu baxımdan hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir. İlk nəticələri Avropa çempionatlarında görəcəyik. Sonrakı dünya çempionatlarında isə komandaların heyətləri formalaşmağa başlayacaq”.

Xatırladaq ki, Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatı aprelin 16-dan 19-dək, Albaniyanın paytaxtı Tiranada gerçəkləşəcək güləş üzrə Avropa çempionatı isə ayın 20–dən 26-dək davam edəcək.

Избранный
14
3
azertag.az

4Источники