RU

Hörmüz düyünü böyüyür: İran dünyanı şantaj edir?

İran gəmiçilik şirkətlərindən Hörmüz boğazından keçən neft tankerləri üçün kriptovalyuta rüsumlarını ödəməyi tələb edəcək.

Bunu "Financial Times" qəzeti yazıb.Qəzetin məlumatına görə, İran iki həftəlik atəşkəs müddətində Hörmüz boğazından keçən neft tankerlərindən kriptovalyuta rüsumlarını almağı, eləcə də gəmilərdə silahların olub-olmadığını yoxlamağı planlaşdırır. 

İran hakimiyyəti gəmilərdən icazə tələb edəcək. Gəmilər yük məlumatlarını açıqlamalı və hər barel üçün təxminən 1 dollar ekvivalentində kriptovalyuta ödəməli olduğunu bildirir.

Bu addımın reallaşması beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb ola bilər. Ola bilsin ki, ABŞ buna razılaşmasın. Çünki Vaşinqton Hörmüz boğazında hər hansı ödəniş mexanizmini qəbul etməyəcəyini bildirir.

Hətta nəzəri olaraq ABŞ-nin razılaşacağı halda belə, bu, çox böyük bir məbləğdir. Ümumiyyətlə, Hörmüz boğazından illik neçə barel neft keçir. Orada milyardlardan söhbət gedir.

Boğazdan keçən neftin həcminin milyardlarla barel olduğu nəzərə alınsa, bu rüsumlar İrana böyük maliyyə axını təmin edə bilər ki, bu da Qərb tərəfindən ciddi narahatlıqla qarşılanır. Çünki o birbaşa terrora yönələ bilər.

"Cebhenfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Hörmüz boğazı dünya neft ticarətinin ən strateji nöqtələrindən biridir. 

Onun sözlərinə görə, gündəlik olaraq təxminən 17–20 milyon barel neft bu marşrutdan keçir:

“Bu göstəricini illik hesablasaq, təxminən 6–7 milyard barel neftin Hörmüz boğazı üzərindən daşındığını demək olar. Hər barelə 1 dollar hesabı ilə İran ildə 6-7 milyard dollar qazana bilər. Amma bu boğazdan maye qaz, gübrə və digər mallar da keçir”. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, bu, bir növ şantajdır:

“Müharibədən əvvəl belə bir tələb yox idi və tankerlər rahat şəkildə Hörmüz boğazından istifadə edirdi.Nə oldusa, müharibə dövründə və ondan sonra baş verdi ki, SEPAH rejimi hakimiyyəti ələ keçirdi və belə sərt tələb irəli sürdü. İnanmıram ki, özünə hörmət edən dövlətlər bu cür sərt tələblərlə razılaşsın.

Düzdür, orada bir çox tankerlər ilişib qalıb və onların çıxarılması lazımdır. Ola bilsin ki, bəzi dövlətlər tankerləri çıxarmaq üçün İrana müəyyən vəsait ödəsinlər. Amma bunun davamlı şəkildə olacağını zənn etmirəm.

İkinci mühüm məqam isə kim zəmanət verə bilər ki, yığılan vəsaitlər hansısa silahlı qrupların dəstəklənməsinə yönəldilməyəcək? Bu səbəbdən hesab edirəm ki, əgər İrandakı rejimin məntiqi olsa, bu məsələdə geri addım atar. Əks halda, bölgədə gərginliyi daha da artıracaq”.

Politoloq vurğulayıb ki, Hörmüz boğazı ilə bağlı irəli sürülən tələblər beynəlxalq hüquq baxımından mübahisəlidir:

“Digər tərəfdən, bu boğaz yalnız İrana məxsus deyil. Məsələn, Bosfor və Dardanel boğazları Türkiyəyə məxsusdur və orada beynəlxalq hüquq işləyir, müəyyən ödəniş mexanizmləri var. Bu boğazlar tam şəkildə Türkiyəyə məxsusdur.

Amma Türkiyə buna rəğmən beynəlxalq dəniz hüququ ilə hesablaşıb və Montro anlaşmasına əməl edir. İran isə bildirir ki, bu boğazdan istifadə üçün ona ödəniş edilməlidir. 

Halbuki boğaza çıxışı olan Oman dövləti də var. Bu halda Oman dövlətidə eyni tələbi irəli sürməlidir?”.

O əlavə edib ki, bu siyasətin uzunmüddətli olacağı inandırıcı görünmür:

“Bu baxımdan, məsələ daha çox şantaj xarakteri daşıyır və bunun uzunmüddətli davam edəcəyinə inanmıram. Hətta vəziyyət o həddə gəlib çata bilər ki, Hörmüz boğazından daşınmalar azala bilər.

Artıq belə alternativ planlar da müzakirə olunur ki, boru xətləri çəkilsin və körfəz ölkələri də heç bu marşrutdan tankerlərlə neft daşımasınlar”.

Избранный
2
50
cebheinfo.az

10Источники