RU

İrəvanı uçuruma sürükləyən seçki avantürası: Köçəryanların təhlükəli oyunu

“Ermənistanda 7 iyun parlament seçkiləri yaxınlaşdıqca siyasi ehtiraslar daha da qızışır. Müxtəlif siyasi qüvvələr seçici rəğbəti qazanmaq üçün öz proqramlarını, ideoloji xəttlərini və gələcək vizyonlarını ortaya qoymağa çalışırlar. Lakin bu prosesdə ən təhlükəli tendensiya yenidən baş qaldıran revanşist ritorikadır. Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun seçkiyə qayıdışı ilə bu xətt daha görünən xarakter alıb”.

 Bunu Hakimiyyet.az -a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 

Deputat bildirib ki, bu qüvvələrin səsləndirdiyi fikirlər Ermənistan cəmiyyətini gələcəyə yox, keçmişin dağıdıcı xəyallarına qaytarmaq cəhdidir: “Onlar sülhün yaratdığı yeni geosiyasi reallığı qəbul etmək əvəzinə, Bakı ilə İrəvan arasında formalaşan geridönməz razılaşma mühitinə kölgə salmağa çalışırlar. Halbuki həm regionda, həm də beynəlxalq platformalarda artıq münaqişə səhifəsinin bağlanması və sülh mərhələsinin başladığı açıq şəkildə vurğulanır. 

Bu gün Ermənistan üçün əsas seçim revanşizm ilə dövlətçilik arasında seçimdir. Revanşist qüvvələr hələ də xarici mərkəzlərin təsiri altında cəmiyyətə təhlükəli illüziyalar satmağa çalışırlar. Onların ritorikasında rasional dövlət marağı yox, daha çox kənardan yönləndirilən siyasi emosiyalar hiss olunur. Bu qüvvələr anlamalıdırlar ki, başqa güclərin əlində alət olmaq Ermənistanı nə təhlükəsizliyə, nə də sabitliyə aparacaq. Əksinə, bu yol ölkəni yenidən təcridə, iqtisadi zəifləməyə və dövlətçilik əsaslarının sarsılmasına sürükləyə bilər”.

 O qeyd edib ki, hazırda ən vacib məqam isə budur:

“İrəvan–Bakı arasında formalaşan sülh prosesi artıq geriyədönməz xarakter alıb. Bu reallığı dəyişmək cəhdi Ermənistan üçün sadəcə siyasi səhv olmaz, həm də tarixi miqyasda növbəti faciənin əsasını qoya bilər. Çünki bölgədə yaranmış yeni güc balansı və beynəlxalq münasibətlər sistemi artıq keçmiş avantüralara yer qoymur. Bu gerçəkliyi görmədən səsləndirilən hər revanşist çağırış ilk növbədə Ermənistanın öz dövlət maraqlarına zərbə vurur.

Robert Köçəryan kimi keçmişin siyasi simvolları seçki kampaniyasını sülh əleyhinə emosiyalar üzərində qurmağa çalışsalar da, erməni cəmiyyəti anlamalıdır ki, bu xətt onları inkişafdan, təhlükəsizlikdən və regionda açılacaq yeni iqtisadi imkanlardan uzaqlaşdırır. 

Bu gün Ermənistanın xilası revanşist şüarlarda deyil, sərhədlərin açılması, kommunikasiyaların bərpası və Azərbaycanla sabit sülh münasibətlərinin qurulmasındadır.

Əks halda növbəti yanlış hesablanmış siyasi avantüra Ermənistan dövlətçiliyinin mövcudluğunu belə sual altına sala bilər.

Revanşistlər artıq anlamalıdırlar ki, bölgənin reallığı dəyişib. Tarixin təkərini geri çevirmək istəyənlər sonda özləri həmin təkərin altında qalırlar.

Sülhə qarşı çıxmaq bu gün sadəcə siyasi mövqe deyil, əksinə bu, Ermənistan xalqının gələcəyinə qarşı məsuliyyətsiz davranışdır. Nə qədər gec deyil, bu yanlış kursdan geri dönmək Ermənistanın özü üçün həyati əhəmiyyət daşıyır”.

Mürtəza

Избранный
17
2
hakimiyyet.az

3Источники