RU

Sevgilisini əyləncə mərkəzinin arxasında döyən şəxsə hökm oxundu

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nail Balayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, Nail Balayev bu il paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində yerləşən “Star Baku” adlı məkanın arxa hissəsində qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Cəmilə Mayılova (adı, soyadı şərtidir) ilə aralarında yaranmış mübahisə zamanı aqressiv davranış sərgiləyib. Mübahisə zəminində o, qəsdən qadının sifət nahiyəsinə bir yumruq zərbəsi endirib.

 

Hadisə nəticəsində zərərçəkmiş şəxsə sol yanağın şişkin qançırı, eləcə də ağız boşluğunun selikli qişasında hematoma ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirilib. 

 

Məhkəmənin hazırlıq iclası zamanı Nail Balayev ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittihamla özünü təqsirli bildiyini qeyd edib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və gələcəkdə bu cür hallara yol verməyəcəyini bildirib. Bununla yanaşı, təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş sadələşdirilmiş icraat materialı üzrə işə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş edib.

 

Məhkəmə iclasında iştirak edən Cəmilə Mayılova da çıxış edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib və bu barədə yazılı ərizəni məhkəməyə təqdim edib.

 

Kamal Məmmədov

Tarix: 10 Aprel 2026, 09:31   
Избранный
19
33
pravda.az

10Источники